Milli Olimpiya Komitəsində 2012-ci ilə
yekun vurulmuş,
idmançılara və məşqçilərə
mükafatlar təqdim olunmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyev mərasimdə iştirak
etmişdir
Dekabrın 18-də Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekun vurulmuş, idmançılara və məşqçilərə mükafatlar təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
MOK-nın İcraiyyə Komitəsinin iclas salonuna toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlət başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Əziz dostlar, ənənəvi olaraq biz ilin sonunda sizinlə görüşürük. İlin idman yekunlarına baxırıq, fərqlənən idmançıları mükafatlandırırıq. Bu ənənə bu gün də davam etdirilir. Artıq uzun illərdir ki, hər ilin sonunda bu ənənəvi görüşlər keçirilir.
2012-ci il başa çatır. Bütövlükdə, 2012-ci il ölkəmiz üçün həm idman sahəsində, həm də başqa sahələrdə çox uğurlu il olmuşdur. Deyə bilərəm ki, ölkə qarşısında duran bütün əsas vəzifələr bu il də icra edilmişdir. İqtisadiyyatımız uğurla inkişaf etmişdir. Sosial məsələlərin bir çoxu həllini tapmışdır. Uzun illərdir ki, sovet dövründən dondurulmuş vəziyyətdə qalan əmanətlər vətəndaşlara qaytarılmağa başlanmışdır. Yəni, biz bütün sahələrdə inkişafı, yenilikləri görürük. Əlbəttə, güclü iqtisadi potensial bizə imkan verəcəkdir ki, gələcəkdə idman sahəsinə daha da böyük həcmdə investisiyalar qoyaq.
İqtisadiyyatımız indi daha çox qeyri-neft sektoru hesabına inkişaf edir. Bu da təbiidir. Bir neçə il bundan əvvəl qarşıya məhz belə vəzifə qoyulmuşdu. Bu ilin yekunlarına görə, - qeyri-neft iqtisadiyyatımız hələ ki, dəqiq hesablamalar aparılır, - görünür ki, təxminən 10 faiz artacaqdır. Bu, çox böyük göstəricidir. Bu, onu göstərir ki, iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyat kimi inkişaf edir. Bildiyiniz kimi, bu il neft sahəsində hasilatda müəyyən tənəzzül olmuşdur. Mən bu barədə fikirlərimi, iradlarımı bildirmişdim. Çox şadam ki, artıq neft sahəsində də sabitləşmə dövrü başlamışdır. Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan BP şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşmışdır. Bu gün səhər BP şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqladı. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu, onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq, doğrudan da, güclü əsaslar üzərində qurulubdur. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaqdır. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcəkdir.
Nə üçün mən bu barədə
fikirlərimi bildirirəm? Ona görə ki, bu gün bu
görüş baş tutdu. Eyni zamanda, ona
görə ki, mənim iradlarımdan sonra Azərbaycanı istəməyən
xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun
ki, onlarla bir düşərgədə olan daxili müxalifət
bu məsələni böyük dərəcədə
qabarıq şəkildə büruzə verməyə
çalışmışdı. Sanki Azərbaycanda neft sənayesində
hər hansı bir ciddi problem vardır. Sanki Azərbaycan
ilə, SOCAR ilə onun tərəfdaşları arasında
hansısa problemlər vardır. Problemlər ola bilər. Ancaq bizim
üstünlüyümüz ondan ibarətdir ki, bu problemlər
aşkarlanır, biz vaxtında öz fikirlərimizi
bildiririk. Tərəfdaşlarımız da
iradlarımıza böyük maraqla və böyük məsuliyyətlə
yanaşırlar. Sadəcə olaraq, demək istəyirəm
ki, bizi istəməyən qüvvələr, daxili qüvvələr,
satqınlar, həmin o adamlar ki,
idmançılarımızın London Yay Olimpiya
Oyunlarında ilk günlərdə qızıl medal əldə
edə bilməməsindən sevinən və ondan sonra
oyunların yekunlarına görə ermənilərlə bərabər
məyus olan daxili müxalifət sevinməsin. Erməni
lobbisi, bizi istəməyən, Azərbaycanın uğurlu
inkişafını istəməyən xarici qüvvələr
sevinməsin.
Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır. Neft-qaz
sektorumuz iqtisadiyyatın dayağıdır. Yenə də
qeyd etmək istəyirəm ki, bu sahədə Azərbaycan rəhbərliyinin
qətiyyəti, tərəfdaşlarımızın məsuliyyəti
və BP-SOCAR münasibətlərinin düzgün istiqamətdə
davam etdirilməsi nəticəsində xoşagəlməz
meyillərin qarşısı alındı və gələn
ildən başlayaraq neft-qaz sektorunda sabit iqtisadi inkişaf təmin
ediləcəkdir.
Gələn
il bütövlükdə ölkəmizin
inkişafı üçün çox əlamətdar il
olacaqdır. Çünki gələn il
bir neçə nəhəng layihənin təməlini
qoyacağıq. O layihələr ki, onların hər biri
özlüyündə meqalayihədir. O layihələrin icra
edilməsi üçün böyük vəsait
qoyulacaqdır. Vəsaitin böyük hissəsi
xarici tərəfdaşlar tərəfindən qoyulacaqdır.
Yəni, ölkə iqtisadiyyatına investisiya
axını təmin ediləcəkdir. Beləliklə,
bu, bizə imkan verəcəkdir ki, iqtisadi
gücümüzü artıraq və humanitar sahəyə,
idmana, mədəniyyətə, sosial məsələlərin
həllinə daha da böyük vəsait ayıraq.
İlin
idman yekunlarına gəldikdə, hamımız
görürük ki, 2012-ci il idmançılarımız
üçün çox uğurlu il olmuşdur. Təsadüfi
deyildi ki, biz 2012-ci ili idman ili elan
etmişdik. Bu, idmana dövlət tərəfindən
olan diqqətin təzahürüdür. Eyni
zamanda, biz doğrudan da, ilin əvvəlində bu qərarı
verərkən idmançılardan qələbələr,
uğurlar gözləyirdik. İdmançılar
ümidlərimizi doğrultdular. 2012-ci ildə
idmançılar tərəfindən müxtəlif beynəlxalq
yarışlarda 700-dən çox medal
qazanılmışdır. Onlardan 255-i
qızıl medaldır.
İdmançılarımız ölkəmizi beynəlxalq
arenalarda ləyaqətlə təmsil etmişlər. Ölkəmizdə
bir neçə mötəbər beynəlxalq yarış
keçirilmişdir. Mən onların
içərisində qızlar arasında futbol üzrə
dünya çempionatını xüsusilə qeyd etmək istəyirəm.
Çünki bu, bizim üçün birinci təcrübə
və çox uğurlu təcrübə idi. Çünki həm FİFA, həm UEFA-nın prezidentləri
Azərbaycanda keçirilmiş bu çempionatı yüksək
qiymətləndirmişlər. Çempionat
üç həftəyə yaxın keçirilmişdir və
bütün məsələlər yüksək səviyyədə
həll olunmuşdur. Biz bütün təşkilati
məsələlərdə həmişə olduğu kimi,
yüksək səviyyədə idik. Bu çempionat
tarixə artıq ən uğurlu çempionatlardan biri kimi daxil edilibdir. Azərbaycanda digər beynəlxalq tədbirlər də
keçirilir. Artıq biz bu prosesə
öyrəşmişik. Hər həftə
demək olar ki, hər hansı bir beynəlxalq tədbir
keçirilir. Azərbaycanda beynəlxalq tədbirlərin
keçirilməsi bir daha ölkəmizin idman ölkəsi
olduğunu göstərir.
Bu il, eyni zamanda, biz idman infrastrukturunun
yaradılması ilə bağlı səylərimizi davam
etdirmişik. İl ərzində iki regional
Olimpiya mərkəzi istifadəyə verilmişdir - Cəlilabadda
və Astarada. Beləliklə, bölgələrdə
tikilmiş idman Olimpiya komplekslərinin sayı 35-ə
çatdı. Səkkiz kompleksdə tikinti
işləri davam etdirilir. Bir neçə
kompleksin tikintisi nəzərdə tutulur. Beləliklə,
bir neçə ildən sonra hər bir rayon mərkəzində,
hər bir şəhərdə müasir Olimpiya obyektləri
yaradılacaqdır.
Bakı şəhərində yeni tikilmiş idman obyektləri
istifadəyə verildi, təmir edildi. Tofiq Bəhramov adına
Respublika Stadionu əsaslı təmir edildi. Hesab
edirəm ki, tarixdə birinci dəfə belə əsaslı
təmir işləri görülmüşdür. İndi stadion bütün beynəlxalq standartlara
cavab verir. "Səkkizinci kilometr"
stadionu. Hələ ki o stadionun şərti
olaraq adı "Səkkizinci kilometr"dir. Yəqin ki, bu ada
baxmaq lazımdır. Bu gözəl idman obyektinə hər hansı bir
gözəl ad verilə bilər. O da təhvil verildi. Ölkəmizdə indi böyük gimnastika kompleksi
tikilir. Bu yaxınlarda su idman növləri
sarayı tikilməyə başlanmışdır.
Keçən il böyük Olimpiya
stadionunun təməli qoyuldu. Artıq bu sahədə bu il praktiki addımlar atılmağa
başlanmışdır. Bu Olimpiya stadionu
bölgənin ən böyük idman obyekti olacaqdır.
Yəni, idman infrastrukturunun yaradılması istiqamətində,
doğrudan da, çox böyük işlər
görülmüşdür. Bütün bu işlər
böyük vəsait tələb edir. Əlbəttə,
bütün bu vəsaitin yükü, bu maliyyə yükü
dövlət büdcəsinin üzərinə
düşür. Biz hər il
investisiya proqramına baxarkən idman obyektlərinin tikintisi
üçün kifayət qədər böyük məbləğlər
nəzərdə tuturuq. Əlbəttə, bu
proseslər gələn illərdə də davam etdiriləcəkdir.
Bu il biz, eyni zamanda, Milli Olimpiya Komitəsinin 20
illik yubileyini qeyd etdik. Bu da çox əlamətdar
hadisədir. Müxtəlif ölkələrdən
gəlmiş qonaqlar bizimlə bərabər bu gözəl
şənliklərdə iştirak etmişlər. Biz iyirmi ildir beynəlxalq Olimpiya ailəsinin
üzvüyük və bu ailədə öz yerimizə
malikik. Bu gün həm ümumdünya, həm
Avropa federasiyaları ilə əlaqələrimiz artır.
Beynəlxalq və Avropa Olimpiya komitələrinin
bizə münasibəti çox müsbətdir. Azərbaycanda idman sahəsindəki
uğurları onlar daim qeyd edirlər. İyirmi illik
yubiley bizə imkan verdi ki,
görülmüş işləri bir daha təhlil edək,
uğurlarımızla öyünək, eyni zamanda,
çatışmayan cəhətləri, qüsurları
aradan götürək ki, daha da böyük nəticələrə
imza ata bilək. Əlbəttə, 2012-ci ilin
idman tədbirlərindən danışarkən London Yay
Olimpiadası haqqında danışmamaq mümkün deyildir.
Bu Olimpiada da tarixdə qalacaqdır. Bu Olimpiya Oyunlarında idmançılarımız ən
böyük uğurları qazanmışlar, bütün
xalqımızı sevindirmişlər, Azərbaycanı idman
dövləti kimi aparıcı dövlətlərin
sırasına daxil edə bilmişlər. On medal - 2 qızıl, 2 gümüş, 6
bürünc medal bizim tarixi nailiyyətimizdir. Olimpiya oyunlarından artıq bir neçə ay
keçir və hələ ki xarici həmkarlarla
görüşlərdə bu məsələ
vurğulanır, Azərbaycanın uğurları haqqında
fikir mübadiləsi aparılır. Məni
bu günə qədər həmkarlarım - dövlət və
hökumət başçıları bu uğurlar münasibətilə
təbrik edirlər. Əlbəttə ki,
bu, çox gözəl hadisədir. Hər
bir Azərbaycan vətəndaşının qəlbini
qürur hissləri ilə dolduran bir məsələdir.
Bu qələbəyə görə, əlbəttə,
biz hamımız idmançılara, onların məşqçilərinə,
idman mütəxəssislərinə minnətdarıq.
Eyni
zamanda, bu qələbənin əldə edilməsində Azərbaycanda
idman sahəsində görülən işlər də az rol oynamır. Bizdə idman
siyasəti dövlət tərəfindən aparılır.
Bütün müvafiq qurumlar - həm dövlət
qurumları və ictimai qurumlar, Gənclər və İdman
Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, cəmiyyətlər
və idman ictimaiyyəti bir ailə kimi fəaliyyət
göstərir.
İdmanın kütləviliyinin təmin edilməsi
üçün Olimpiya oyunlarında uğurlar çox
böyük rol oynayır. Çünki bu, gəncləri,
uşaqları idman bölmələrinə gətirmək
üçün həvəsləndirici bir amildir. Biz görürük ki, hər uğurdan, Olimpiya
oyunlarında əldə edilmiş hər qələbələrdən
sonra idman bölmələrinə uşaqların axını
güclənir. Biz doğrudan da, elə etməliyik
ki, hər bir gənc idmanla məşğul olsun. Şərt deyil ki, o, mütləq idmançı
olsun. Amma sağlamlığı möhkəmləndirmək,
fiziki mədəniyyəti qaldırmaq üçün
mütləq idmanla məşğul olmaq lazımdır.
Mən bütün gəncləri bir daha bu kürsüdən
idmanla məşğul olmağa səsləyirəm. İndi demək
olar ki, hər bir yerdə idmanla məşğul olmaq
üçün imkanlar vardır. Fiziki cəhətdən
sağlam olan insanlar, adətən, mənəvi cəhətdən
də böyük keyfiyyətlərə malikdirlər. Mən çox şadam ki,
idmançılarımız məişətdə də, yəni,
adi həyatda da öz davranışları ilə gənclər
üçün nümunədirlər.
Olimpiya oyunlarındakı qələbə, doğrudan
da, tarixi qələbədir. Biz dünya miqyasında 30-cu, Avropada
15-ci, islam aləmində isə
üçüncü yerə layiq
görülmüşük. Artıq bir
neçə dəfə mən idmançıları bu
böyük qələbə münasibətilə təbrik
etmişəm, bir daha təbriklərimi bildirmək istəyirəm.
Nəhayət, ilin sonunda Azərbaycana bir şad xəbər
gəldi. Dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin
Baş Assambleyasında Birinci Avropa Olimpiya Oyunlarının
2015-ci ildə Bakıda keçirilməsi haqqında qərar
qəbul edilmişdir. Bu da tarixi qərardır.
İlk növbədə, ona görə ki, bu,
birinci Avropa Olimpiya Oyunları olacaqdır. Bu
günə qədər baxmayaraq ki, Olimpiya hərəkatı
tarixən Avropa məkanından başlamışdır və
Olimpiya oyunlarının bərpası da müasir dövrdə
yenə də Avropa qitəsində baş vermişdir - Avropa
Olimpiya Oyunları heç vaxt keçirilməmişdir.
Birinci oyunların keçirilməsi
özlüyündə ciddi bir addımdır, Olimpiya hərəkatında
bir dönüşdür. Bu oyunların
bizə həvalə edilməsi, bu məsuliyyətin bizə
tapşırılması əlbəttə ki, böyük
tarixi əhəmiyyətə malik olan bir hadisədir.
Mən bu münasibətlə Azərbaycan xalqını
dərhal təbrik etmişdim. Bir daha demək istəyirəm
ki, bu qərarın qəbul edilməsində bir neçə
mühüm amil öz rolunu oynamışdır, ilk növbədə,
ölkəmizin inkişafı. İyirmi
bir ildir ki, biz müstəqil dövlət kimi
yaşayırıq.
Tarix baxımından bu qısa müddət ərzində
özümüzü dünya xəritəsində
inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə
bilmişik. Bizim beynəlxalq nüfuzumuz həddindən artıq
yüksək səviyyədədir. Bu nüfuzun təzahürüdür
ki, biz BMT Təhlükəsizlik Şurasına 155 ölkənin
dəstəyi ilə seçilmişik, yəni, dünyada
bundan yuxarı beynəlxalq qurum yoxdur. Bizim
bütün ölkələrlə ikitərəfli əlaqələrimiz
də çox müsbətdir. Eyni zamanda, əgər təkcə
beynəlxalq nüfuzumuz olsaydı, iqtisadi imkanımız
olmasaydı çətin ki, bu məsuliyyətli iş bizə
tapşırılardı. Əlbəttə,
ölkəmizin iqtisadi inkişafı böhranlı illərdə
də davam etmişdir. İndi Avropanın
bir neçə ölkəsində ciddi böhran davam edir.
Yəni, bu böhranın sonu görünmür
və vaxt keçdikcə daha da çox ölkələr bu
böhrandan əziyyət çəkir. Artıq
bir neçə ildir ki, bu proseslər gedir və bu
böhranlı illərdə Azərbaycan ildən-ilə
iqtisadi nailiyyətlərlə bütün Avropanı təəccübləndirir.
Nəinki bizim statistik rəqəmlərə
görə bu, belədir, eyni zamanda, dünyanın
aparıcı reytinq agentlikləri aparıcı Avropa ölkələrinin
bir neçəsinin reytinqini aşağı salarkən Azərbaycanın
kredit reytinqlərini qaldırırlar.
Yəni, bu inkişafı görməmək, bunu hiss etməmək
mümkün deyildir. Əlbəttə, bu qərarın qəbul edilməsində
bizim iqtisadi imkanlarımız və gələcək iqtisadi
inkişafımız da az rol
oynamamışdır. Bizim artıq beynəlxalq tədbirlərin
keçirilməsində təcrübəmiz, dünya, Avropa
çempionatlarının keçirilməsi, bu il "Eurovision" mahnı
yarışını ən yüksək səviyyədə
keçirməyimiz də, idman qurğularımızın
mövcudluğu da əlbəttə ki, bu qərarın qəbul
edilməsində öz rolunu oynamışdır. Olimpiya oyunlarının keçirilməsi
üçün lazım olan idman obyektləri artıq ya
tikilib, ya tikilməkdədir. Biz
bütün bu işləri bəri başdan
görmüşük.
Əlbəttə, biz istəyirdik ki, Azərbaycanda belə
böyük mötəbər tədbir keçirilsin və
fikirləşirdik ki, bu tədbirin keçirilməsi
üçün bizdə güclü idman infrastrukturu olmalıdır. Ancaq bu tədbirin
keçirilib-keçirilməməsindən asılı
olmayaraq, biz bu idman qurğularını onsuz da yaratmalı idik
və yaradırıq. Ancaq artıq idman
infrastrukturumuz belədir ki, biz istənilən oyunları burada
keçirə bilərik, xaricdən gələn istənilən
sayda idmançıları burada yerləşdirə bilərik.
Bakıda son iki il ərzində istifadəyə
verilmiş yeni mehmanxanalar, istirahət zonaları, idman
qurğuları, əlbəttə ki, bu qərarın qəbul
edilməsində öz rolunu oynamışdır. Çünki bu qərarın qəbul edilməsindən
əvvəl, əlbəttə, qiymətləndirici missiya da
göndərilmişdir. Avropa Olimpiya Komitəsinin
üzvləri Bakıya gəlmiş, vəziyyətlə tanış olmuşlar. Bu qərarın
qəbul edilməsi bu amillərin əsasında mümkün
olmuşdur. Mən tam əminəm ki, bizim
uğurlu çıxışlarımız,
idmançılarımızın qələbələri,
xüsusilə, London Yay Olimpiya Oyunlarındakı qələbələr
bu qərarın qəbul edilməsində öz rolunu
oynamışdır.
Mən əminəm ki, biz bu oyunları yüksək səviyyədə
keçirəcəyik. Ancaq onu da bilməliyik və ictimaiyyət də bilməlidir
ki, Olimpiya oyunlarını, yəni, Yay və Qış
böyük Olimpiya oyunlarının keçirilməsinə
hazırlıq dövrü təxminən 6-7 il
olur. Misal üçün, gələn ilin
sentyabr ayında 2020-ci ilin Olimpiya oyunlarının paytaxtı
müəyyən ediləcəkdir. Yəni, kim olursa-olsun, o ölkənin
hazırlanması, bütün bu məsələləri həll
etmək üçün 6-7 il vaxt lazım olacaqdır. Bizim vaxtımız cəmi iki ildir. Ancaq bizim templərimiz də çox yüksəkdir.
Yəni, dünyada ikinci belə ölkə
yoxdur ki, bu templərlə inkişaf etsin. İki il əlbəttə ki, çox az bir
vaxtdır. Amma mən əminəm ki, bütün
lazımi tədbirlər, texniki, təşkilati məsələlər
öz həllini tapacaq və Birinci Avropa Olimpiya Oyunları
tarixə düşəcəkdir. Təkcə
ona görə yox ki, bu, birinci oyunlardır, ona görə ki,
bu, ən yaxşı oyunlar olacaqdır.
Əminəm ki, əlbəttə, bizim ictimaiyyətimiz
və ilk növbədə, Azərbaycanın idman ictimaiyyəti
bu oyunların hazırlanmasında çox fəal rol
oynayacaqdır.
Biz indi artıq təşkilati məsələlərin
həlli ilə məşğuluq. Bu, böyük iş
olacaqdır, böyük fədakarlıq, zəhmət tələb
edəcəkdir. Ancaq yenə də deyirəm, bizim
böyük, mötəbər tədbirlərin keçirilməsində
təcrübəmiz yaxşıdır və biz bu təcrübədən
istifadə edib ən yaxşı oyunları keçirəcəyik.
Əziz dostlar, mən bir daha, sizi əldə edilmiş
uğurlar münasibətilə ürəkdən təbrik etmək
istəyirəm. Ənənəvi olaraq bu gün biz
idmançılarımızı
mükafatlandıracağıq və eyni zamanda,
qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibətilə sizi təbrik
edirəm, sizə cansağlığı, idmançılara
yeni ildə yeni qələbələr arzulayıram. Sağ
olun.
* * *
Sonra
Prezident İlham Əliyev ölkəmizdə idmanın
inkişafındakı xidmətlərinə görə Namiq
Abdullayevə, Məmməd Eyvazova, Rəhman Hətəmova,
Ceyhun Məmmədova əməkdar bədən tərbiyəsi
və idman xadimi fəxri adlarının vəsiqələrini
və döş nişanlarını təqdim etdi.
Respublikamızda idmanın inkişafında xidmətləri
olan Yaşar Allahverdiyevə, Fikrət Sideifzadə və Ramiz
Yusifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin
verilməsi haqqında sənədlər təqdim olundu.
Sonra Olimpiya oyunları çempionları Valeri Belenkiyə,
Toğrul Əsgərova və Şərif Şərifova Azərbaycan
Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdlərinin
verilməsi barədə dövlət
başçısının sərəncamı oxundu.
Dövlət başçısı İlham Əliyev
Olimpiya çempionları Toğrul Əsgərova və Şərif
Şərifova MOK-nın "Olimpiya" ordenini təqdim etdi.
Azərbaycanda qeyri-Olimpiya idman növlərinin
inkişafındakı xidmətlərinə görə Eldar
Qazıbəyov, Zaur Paşayev və Sadiq Heydərov MOK-nın
prezidentinin fəxri fərmanı ilə təltif olundular.
Daha sonra Prezident İlham Əliyev müxtəlif beynəlxalq
yarışlarda fərqlənən, ölkəmizdə
idmanın inkişafına töhfə verən bir qrup
idmançı və idman xadiminə yeni mənzillərin
orderlərini təqdim etdi.
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin
üzvü, Azərbaycan "Kitab" Cəmiyyətinin sədri
Zərifə Salahova medalların hazırlanması üzrə
tanınmış mütəxəssis İvan Kopıtkinin
müəllifi olduğu ulu öndər Heydər Əliyevin
barelyefini Prezident İlham Əliyevə təqdim etdi.
AzərTAc
Azərbaycan.-2012.- 19 dekabr.- S.1-2.