Dövlət büdcəsindən siyasi partiyalara maliyyə yardımı

ayrılması uğurlu və səmərəli nəticələr verəcək

 

Milli Məclis 2013-cü ilin dövlət büdcəsini təsdiqlədi. Bir daha aydın oldu ki, qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan uğurlu siyasəti nəticəsində iqtisadi inkişafını davam etdirir, ölkənin maliyyə imkanları artır.

Ümumi daxili məhsulun artım tempinə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyi məkanında lider ölkələr sırasındadır. 2013-cü ildə ümumi daxili məhsulun həcmi 71 milyard dollar təşkil edəcək. Müstəqilliyinin 20 ili ərzində ən yüksək artım Azərbaycanda qeydə alınıb. Son 10 ildə dövlət büdcəsi 1 milyard manatdan 25 milyard manata çatdırılıb.

İlk dəfə olaraq Azərbaycanda siyasi partiyalara dövlət tərəfindən maliyyə yardımı göstəriləcək. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin yüksəldiyinin və istənilən sahəyə dövlət qayğısının göstərildiyinin bariz nümunəsidir.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın MİRZƏZADƏ deyir ki, partiyaların dövlət tərəfindən maliyyələşməsi praktikası artıq neçə ildir Avropanın qabaqcıl ölkələrində tətbiq olunurbu, Azərbaycanda da özünü doğruldacaq: "Birinci dəfədir ki, ölkəmizdə bundan istifadə olunacaq, artıq nəzərdə tutulan vəsait də artırılıb. Bu, sevindirici haldır. Ancaq dövlət büdcəsindən siyasi partiyalara maliyyə yardımı onlar üçün yeganə və əsas maliyyə mənbəyi olmalı deyil. Bu, əslində, partiyalara əlavə yardımdır". Deputat hesab edir ki, partiyaların əsas maliyyə mənbəyi onların üzvlük haqqından və könüllü ianələrdən yaranır. Amma bəzi siyasi partiyalar nədənsə bu məqamı unudurlar. Bəzi partiyalar parlament seçkilərində səs toplayıb-toplamamasından asılı olmayaraq, maliyyə yardımı istəyirlər ki, bu, əslində, partiyaların maliyyələşmə məzmunundan uzaq bir məsələdir. Onun sözlərinə görə, dünyanın heç bir yerində, sadəcə, mövcud olan partiya dövlət tərəfindən maliyyə yardımı almır. Onlar mütləq seçkilərdə müəyyən bir nəticə göstərməlidirlər. Azərbaycanda qəbul olunmuş qanuna əsasən, parlament seçkilərində azı 3 faiz səs toplamış partiyalar parlamentə düşməsələr də, maliyyələşirlər. Ancaq Azərbaycanda bu gün belə partiyalar yoxdur və əgər gələcəkdə, 2015-ci il seçkilərində belə partiyalar olarsa, onlara da yardım göstərilə bilər.

"Dövlət tərəfindən siyasi partiyalara vəsaitin ayrılmasını çox müsbət qiymətləndirirəm". Bu sözləri isə Demokratik İslahatlar Partiyasının sədri deputat Asim MOLLAZADƏ dedi. Deputat bildirdi ki, bu qanunun qəbulu Azərbaycan tarixində ilk dəfə olaraq siyasi partiyaların imkanlarını genişləndirəcək, onlara siyasi mübarizə aparmaq üçün zəmin yaradacaq: "Azərbaycan demokratik dünyanın təcrübəsindən istifadə edir. O ki qaldı bu maliyyənin yetərli olub-olmamasına, hələlik onu müzakirə etmək istəmirəm. Çünki proses hələ indi başlayır. Bu, siyasi partiyaların bölgələrdə fəaliyyətini genişləndirməyə kömək edəcək. Onların cəmiyyətdə imkanlarını artıracaq. Əminəm ki, gələcəkdə bu vəsait artırıla da bilər". Partiya sədri qeyd etdi ki, bu vəsaitin necə istifadə edilməsinə müəyyən yollarla nəzarət edilməlidir. "Partiyaların fəaliyyətinə bu vəsaitin yetərli olub-olmadığını zaman göstərəcək. Bu kimi məsələlərin hamısı gələcək müzakirələrin işidir. Əsas odur ki, Azərbaycanda demokratik idarəetmə sisteminin formalaşması üçün mühüm bir addım atılıb", - deyə əlavə etdi.

Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, deputat Fəzail İBRAHİMLİ də ilk dəfə olaraq tətbiq olunacaq bu sistemi müsbət qiymətləndirir. Onun fikrincə, partiyaların dövlət büdcəsindən maliyyləşməsi bir çox məsələnin həllinə səbəb olacaq: "Dünyada belə praktika mövcuddurbunun Azərbaycanda tətbiqi, həqiqətən, yüksək dəyərləndirilməlidir". F.İbrahimli deyir ki, istənilən siyasi partiyanın maliyyə durumunun zəif olması digər düşüncələrə gətirib çıxara bilər: "Maliyyəsi olmayan partiyanın fəaliyyəti, xalqla əlaqəsi zəif olur, üzvlərinə münasibətdə gərginlik yaşadır. Dövlət tərəfindən vəsait aldıqda isə bütün bu amillərin hamısı aradan götürülür. Özünün maliyyəsi olduğu halda müstəqil fəaliyyət göstərə bilir. Bütün hallarda hesab edirəm ki, Azərbaycana ilk dəfə tətbiq olunacaq bu sistem uğurlu və müsbət nəticələr verəcək".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri deputat Fərəc QULİYEV isə dedi ki, aparılan müsbət qiymətləndirilməlidir və bu tendensiya uğurludur. Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə görülən siyasi mühitdə islahat məqsədi ilə atılan çox ciddi və təqdir olunan addımdır: "Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi o deməkdir ki, artıq Azərbaycanda çox ciddi bir siyasi mühitin formalaşması, cəmiyyətdə düşüncə özgürlüyünün ortaya qoyulması, platformaların və düşüncələrin üst-üstə düşməsi tendensiyası yaranıb və bu, çox mühüm məsələdir. Yəni bundan sonra insanların seçim imkanları artacaq. Partiyalar daha yaxşı işləmək üçün öz platformalarını ortaya qoyacaqlarxalq öz seçimini edərkən kimə səs verdiyini yaxşı biləcək. Namizədləri hay-küyünə görə yox, ağlına görə seçəcəklər". Deputatın sözlərinə görə, siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılmasının ən mühüm amillərindən biriodur ki, kənar qüvvələr Azərbaycanda küçə yarışmaları adı altında qarışıqlıq yarada bilməyəcəklər.

Ancaq partiya sədri hesab edir ki, ayrılan vəsait gələcəkdə artırılmalı və siyasi partiyaların ciddi rəqabəti üçün əlverişli şərait yaradılmalıdır.  

Ana Vətən Partiyasının sədr müavini deputat Zahid ORUC  da hesab edir ki, Azərbaycanda ilk dəfə olaraq siyasi partiyalara dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması çox təqdirəlayiq haldır və siyasi sistemin möhkəmləndirilməsinə, şəffaflaşmasına, partiya quruculuğuna çox dinamik təsir göstərəcək. Onun fikrincə, bu proses Azərbaycanda güclü siyasi qurumların formalaşmasına yol açacaq: "1990-cı illərin əvvəllərində fərdi maraqlar zəminində ölkədə bir çox partiyalar yaranmışdı. Ancaq zaman keçdikcə onların böyük əksəriyyəti assimilyasiyaya uğradı. Lakin onu da xüsusi vurğulamaq lazımdır ki, hazırkı dönəmdə Azərbaycanda struktur baxımından daha sabit partiyaların formalaşmasına ehtiyac var. Bu isə xalqın mənafeyinə xidmətlə özünü göstərməlidir. Çünki bir sıra hallarda bəzi partiyalar kənar, kriminalya hansısa biznes dairələrinin maliyyələrindən yararlanır. Bu isə demokratik mühiti zədələyir, bir sıra hallarda maraqlar dəyişir. Partiyanın xarici dairələrdən asılı vəziyyətə düşməsi isə vəziyyəti mürəkkəbləşdirir". Deputat hesab edir ki, məhz bu cür halları nəzərə almaqla ayrılan 2,5 milyon manatı yetərli hesab etmək olar. Öncə partiyalarda həmin məbləğin lazımi istiqamətlərə yönəldilməsi təcrübəsi formalaşacaq. İqtisadi imkanları böyük olan Azərbaycanda, yəqin ki, gələcəkdə bu vəsait daha da artacaq və beləliklə, partiyaların həyatında, quruculuğunda yeni mərhələ başlayacaq: "Təkcə sədr və birinci şəxslər deyil, hər kəs mübarizəsinin nəticəsini yaşayacaq, partiyanın əldə etdiyi ümumi vəsaitlərdə öz haqqını görəcək. Bu isə partiyalara daha kollegial qurum kimi yanaşmaq imkanı verəcək".

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2012.- 19 dekabr.- S.3.