Qeyri-neft sektorunda ümumi daxili məhsul
istehsalı 9,7 faiz artıb
2012-ci il sona çatır. Bu il Azərbaycan üçün bütün sahələrdə bir çox əlamətdar hadisələrlə zəngin olmuşdur. Xüsusən ölkənin sosial-iqtisadi inkişafını əks etdirən faktlarla yadda qalan cari ildə yaxın gələcək üçün qarşıya qoyulan əsas məqsədlərə nail olmağın möhkəm bazası yaradılmışdır. Məqsəd isə məlumdur: 2020-ci ilədək Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxarmaq. Bunun üçün ölkənin konkret strateji inkişaf proqramları var və hazırda bütün imkanlar həmin sənədlərdə irəli sürülən vəzifələrin icrasına istiqamətlənmişdir.
Bu baxımdan yola saldığımız 2012-ci ilin 11 ayının sosial-iqtisadi inkişafının makroiqtisadi göstəricilərini uğurlu hesab etmək olar. Dövlət Statistika Komitəsinin sözügedən dövrü əhatə edən hesabatında bildirilir ki, iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul istehsalının dəyəri ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 48,2 milyard manata çatmışdır. Əlavə dəyərin 50,5 faizi sənayenin müxtəlif bölmələrində, 9,9 faizi tikintidə, 5,7 faizi kənd təsərrüfatında, 4,8 faizi nəqliyyatda, 8,2 faizi ticarət və pullu xidmətdə, 1,8 faizi rabitədə, 12,7 faizi digər sahələrdə istehsal olunmuşdur. Bu dövrdə hər nəfərə 5253,9 manatlıq (6686,9 dollarlıq) əlavə dəyər istehsal edilmişdir. Ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun payı 9,7 faiz artmışdır ki, bu da sözügedən sahənin inkişafının prioritet elan olunması və həmin istiqamətdə həyata keçirilən tədbirlərin konkret nəticəsidir.
Elə sənaye sektoru üzrə emal bölməsində məhsul istehsalının sürətli artımı da dediklərimizi bir daha təsdiqlyir. Məsələn, statistikaya görə, hesabat dövründə ölkədə qida məhsulları istehsalı 3,2, içki istehsalı 8,6, toxuculuq sənayesi istehsalı 72,2, geyim istehsalı 32,9, dəri və dəri məmulatlarının, eləcə də ayaqqabı istehsalı 9,1, tikinti materialları istehsalı 18,1, metallurgiya sənayesi məhsulları istehsalı 17,6, hazır metal məmulatları istehsalı 60,4, elektrik avadanlıqları istehsalı 77,3 faiz, həmçinin kompyuter və digər elektron avadanlıqların istehsalı 7,1, poliqrafiya məhsulları istehsalı və plastmas məmulatların istehsalı 2,5, mebel istehsalı 2,6 dəfə artmışdır. Yeri gəlmişkən qeyd edək ki, sənayenin neft sektorunda 5,3 faiz azalma qeydə alınsa da, qeyri-neft sektorunda 7,4 faiz artım müşahidə edilmişdir. Məlumat üçün bildirək ki, 11 ay ərzində ölkədə 39,4 milyon ton neft, 15,7 milyard kubmetr qaz hasil olunmuş, 18,5 milyard kilovatsaat elektrik enerjisi istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-noyabr aylarında sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,6 milyard manat vəsait yönəldilmiş, 7,6 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əsaslı vəsaitin 72,2 faizini daxili investisiyalar təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin məbləği 24, o cümlədən tikinti-quraşdırma işlərinə sərf olunan vəsait 22,7 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına investisiyanın 45,1 faizi yönəldilmişdir.
Bu vəsaitlər hesabına il ərzində ölkənin bütün regionlarını əhatə edən mühüm sənaye, mədəniyyət, səhiyyə, təhsil və idman müəssisələri tikilib istifadəyə verilmişdir. Onların sırasında ümumi sahəsi 1559,5 min kvadratmetr olan yaşayış evləri, 29908 şagirdlik məktəb binaları, 985 yerlik məktəbəqədər təhsil ocaqları, çoxsaylı hotellər, tədris kompleksləri, stadionlar, olimpiya idman kompleksləri, "Azgüntex", ağır maşınqayırma və dəqiq emal mərkəzləri kimi sənaye müəssisələri, yenidən qurulan avtomagistrallar, kəndarası yollar, körpülər, yolötürücülər və sair bu kimi obyektlər var.
Əhalinin
gəlirlərinin dinamik artımını əks etdirən
göstəricilər üzrə də ilin ötən
dövrü istisna olmamışdır. Belə
ki, yanvar-noyabr
aylarında əhalinin gəlirləri keçən ilin müvafiq
dövrünə nisbətən 13,7 faiz artaraq 29,4 milyard, onun hər nəfərə düşən məbləği
isə 12,2 faiz çoxalaraq
3260,5 manata çatmışdır. İlin 10 ayının göstəriciləri
üzrə isə sosial-iqtisadi sahələrdə
muzdla işləyənlərin orta aylıq əməkhaqqı 9 faiz artaraq 390 manatdan çox olmuşdur. Amma bir çox sahələr var ki, orada
orta aylıq maaşlar
daha yüksəkdir. Məsələn, son məlumata görə, sənaye sahələrində
çalışanların əməkhaqqı 597,1,
inşaatçılarınkı 569,5, nəqliyyatçılarınkı
497,3, rabitəçilərinki 620,3 manatdır.
Azərbaycan.-2012.- 19 dekabr.- S.3.