İçərişəhərlə tanışlıq Çin Xalq Respublikasının nümayəndə

 heyətində xoş təəssürat yaratmışdır

 

Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində dekabrın 18-də İçərişəhərlə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, nümayəndə heyətinin İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlamışdır. Qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da çinli qonaqlarda böyük maraq doğurmuşdur.  Elektromobillə gəzinti zamanı nümayəndə heyətinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı nümayəndə heyəti təndir çörəyinə qonaq edilmişdir.

Gəzinti zamanı qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bugünədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Qədim İçərişəhərlə tanışlıq nümayəndə heyətində zəngin təəssürat yaratmışdır.

 

Azərbaycan.-2012.- 19 dekabr.- S.4.