Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq

 Şurasının 13-cü iclası keçirilmişdir

 

Dekabrın 17-də Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilmişdir.

İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti, Avropa İttifaqını isə hazırkı Aİ sədrliyi tərəfindən Kipr Respublikasının xarici işlər naziri xanım Erato Kozaku-Markoulis və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil etmişlər.

Rotasiya prinsipi üzrə hazırkı iclasa Aİ tərəfi sədrlik etmişdir. Görüşün başlanğıcında Aİ tərəfi Azərbaycanı 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı münasibətilə təbrik etmişdir. Bu xüsusda ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu alqışlanmış və bu kimi nailiyyətlərin Azərbaycanı dünyaya tanıtmaq üçün yaxşı imkan olduğu Aİ tərəfindən bildirilmişdir.

Xarici işlər naziri E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında Aİ tərəfinə geniş məlumat vermiş, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraqAvropa Qonşuluq Siyasəti üzrə Aİ-Azərbaycan Fəaliyyət Planında göstərildiyi kimi, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin vacibliyini vurğulamış və münaqişənin nizamlanması ilə bağlı Aİ-nin qəti mövqeyinin ifadə olunmasının əhəmiyyətini qeyd etmişdir.

Danışıqlar çərçivəsində, həmçinin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında fəaliyyət və gələcək əməkdaşlıq müzakirə edilmiş, mövcud əməkdaşlığın Azərbaycanın inkişafına xidmət edəcəyi qeyd olunmuşdur. Avronest Parlament Assambleyasının 2-ci sessiyasının bu ilin 3-4 aprel tarixində Bakıda yüksək səviyyədə keçirildiyi vurğulanmışdır. Tərəflər Aİ ilə Azərbaycan arasında Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri alqışlamış və müzakirələrin davam etdirilməsinin əhəmiyyətini qeyd etmişlər. Aİ ilə Azərbaycan arasında viza sadələşdirilməsi və readmissiya üzrə sazişlərə dair danışıqların davam etdiyi bildirilmişbu danışıqların qısa müddət ərzində tamamlanmasına ümid ifadə olunmuşdur.

Eyni zamanda, Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Bununla bağlı Aİ nümayəndələri Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm dayaqlardan biri olduğu, "Cənub" qaz dəhlizinin reallaşdırılmasında TANAP layihəsinin müstəsna əhəmiyyəti və ölkəmizin aparıcı rolu xüsusi vurğulanmışdır. Nəqliyyat sahəsinə gəldikdə, Azərbaycanın inşa etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu infrastrukturunun nəinki Cənubi Qafqaz üçün, habelə Mərkəzi Asiya, Əfqanıstan, Qara və Aralıq dənizləri və Xəzəryanı ölkələri üçün strateji əhəmiyyət kəsb edəcəyi bildirilmişdir.

Azərbaycanda demokratik proseslərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Rəsmi iclasdan öncə birgə işçi nahar təşkil edilmişdir. Nahar  zamanı Aİ ilə münasibətlərin indiki vəziyyəti və inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi, habelə regionda gedən digər proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

Azərbaycan.-2012.- 19 dekabr.- S.5.