Azərbaycan Respublikası Dövlət Neft Fondu

 Londonda daşınmaz əmlak almışdır

 

Cari ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka ilk investisiyasını həyata keçirmişdir. Fond Londonun "West End" səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350 000 funt sterlinq təşkil edən ofis kompleksini almışdır.

Binanın alğı-satqı prosesində satıcı qismində "Deutsche Bank"ın vəsaitlərin idarə edilməsi bölməsinin daşınmaz əmlak investisiyaları ilə məşğul olan şirkəti RREEF Real Esteyt, ARDNF-in hüquq məsləhətçisi kimi Klifford Çans (Clifford Chance), broker qismində isə Cons Lanq Lasal (Jones Lang LaSalle) şirkəti çıxış etmişdir.

Fonddan AzərTAc-a bildirmişlər ki, Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir. Burada 1845-ci ildə tikilmiş bu bina tarixi fasadı saxlanılmaq şərti ilə 2003-cü ildə yenidən təmir olunmuş və "A" tipli ofis binaları sinfinə uyğunlaşdırılmışdır. Ümumi sahəsi 11 018 kvadratmetr təşkil edən bina 2023-cü ilə kimi illik icarə haqqı 9,65 milyon funt sterlinqxalis illik gəlirlilik səviyyəsi 4,5 faiz olmaqla HSBC bankına icarəyə verilmişdir. Qeyd edilən bank hal-hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir.

 ARDNF-in icraçı direktoru Şahmar Mövsümov Fondun daşınmaz əmlaka ilk investisiyası ilə bağlı demişdir: "Bir çox Suveren Fondlar hal-hazırda  investisiya risklərinin yüksək diversifikasiyasını təmin etmək istiqamətində ənənəvi maliyyə alətlərindən fərqli, digər aktivlərə də investisiya imkanlarını nəzərdən keçirirlər. Son zamanlar ARDNF-in həm idarəetmədə olan vəsaitlərinin həcmi, həm də həyata keçirdiyi investisiyaların miqyası sürətlə artmışdır. Londonda yerləşən bu binanın alınması Fondun dünyanın bir sıra önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində həyata keçirilməsi planlaşdırılan daşınmaz əmlak üzrə investisiya strategiyasının birinci mərhələsidir. Bu tip investisiyaların həyata keçirilməsində başlıca amillər həmin investisiyanın gələcək illər ərzində vəd etdiyi yüksək sabit gəlirlilik, eləcə də dünyanın önəmli şəhərlərinin kommersiya daşınmaz əmlak bazarlarının güclü fundamental əsaslarıdır".   

Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin  qərarı əsasında neftqaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədi ilə yaradılmışdır. Cari il 1 dekabr tarixinə ARDNF-in vəsaitlərinin ümumi həcmi 33 895 milyon ABŞ dolları təşkil edir.

Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilmişdir. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri səhmlərə, 5 faizə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5 faizə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.

 

Azərbaycan.-2012.- 19 dekabr.- S.5.