Məsuliyyət və peşəkarlıq olan yerdə

 

Bu gün Naxçıvanı küçələrinin təmizliyi, yaşıllığı, səliqəliyi ilə diqqət çəkən şəhərlərimizdən saymaq olar. Muxtar respublikanın mərkəzi hər gün abadlaşır, yeniləşir, böyüyür. Bu proseslərdə şəhər sakinləri də əllərindən gələni əsirgəmirlər.

Bu işdə ən böyük pay sahibi isə Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsidir. İdarənin cari il ərzində gördüyü işlərlə yaxından tanış olmaq  üçün müəssisənin rəhbəri Xaləddin Rüstəmovla söhbətləşdik, tikinti gedən obyektlərlə tanış olduq, abadlıq aparılan küçələrə baş çəkdik. X.Rüstəmov bildirdi ki, bu ilin əvvəllərində kollektiv tərəfindən Naxçıvan şəhərində hər biri 280 yerlik olan 2 uşaq bağçası, Naxçıvan Şəhər Prokurorluğu üçün inzibati bina tikilərək istifadəyə verilmişdir. Hazırda idarə dördmərtəbəli uşaq bağçasının tikintisini həyata keçirirbinada artıq son tamamlama işləri görülür.

Söhbət zamanı onu da öyrəndik ki, müəssisə Naxçıvan MR Dövlət Sığorta Agentliyi, Maliyyə Nazirliyinin əyar şöbəsi, həmçinin şəhər uşaq-musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar inşa edir. Sadalanan hər obyektdə tamamlama işləri gedir. Artıq çardaqlar vurulmuş, qapı və pəncərələr salınmış, daxili suvaq işləri görülmüş, binaların fasadları üzlənmişdir. Eyni zamanda Naxçıvan MR Hərbi Prokurorluğunun binasında qızğın gedir. Bundan əlavə, Turizm-Diyarşünaslıq və Ekoloji Tərbiyə mərkəzləri üçün müasir standartlara uyğun inzibati binada da işlər başlanılıb.

İkimərtəbəli binanın birinci mərtəbəsində Turizm-Diyarşünaslıq Mərkəzi, ikinci mərtəbəsində isə Ekoloji Tərbiyə Mərkəzi yerləşəcək.

Ümumiyyətlə, Naxçıvan şəhərinin hər addımında bu idarənin fəallığını hiss etmək mümkündür. Xüsusən bu fəallıq payız-qış mövsümünə hazırlıq işlərində daha çox hiss olunur. Şəhərdə üz tutduğumuz əksər küçə və parklarda, binaların həyətlərində bunun bir daha şahidi olduq. Belə ki, bir sıra məhəllələrdə, prospekt və küçələrdəki qazanxanalarda təmir işləri aparılır, yeniləri tikilib istifadəyə verilir. Bununla kifayətlənməyən idarənin inşaatçıları şəhərin müxtəlif küçə və məhəllələrində yerləşən 70-ə yaxın binada daxilixarici istilik xətlərində təmir və bərpa işləri aparır, istilik piltələrini (radiatorları) yeniləri ilə əvəzləyir. Bu işlərin əksəriyyəti artıq yekunlaşıb.

X.Rüstəmov onu da bildirdi ki, idarə tərəfindən Naxçıvan şəhərinin bəzi məhəllələrində yerləşən binaların əksəriyyətinin su xətləri təzələnmiş, sakinlərin içməli su problemləri tamamilə aradan qaldırılmışdır. Eyni zamanda Dəmiryol Vağzalında su kanalının tikintisi həyata keçirilmişdir. Bir qrup inşaatçı isə idarənin tabeliyindəki asfalt zavodun tikintisində çalışmışdır. Müəssisənin şəhərdə aparılan abadlıq və təmir işlərindəki yaxından iştirakı da xüsusi vurğulanmalıdır.

"Bütün görülən işlərin mərkəzində muxtar respublikada dövlət tərəfindən qarşıya məqsəd kimi qoyulan vətəndaşların şəraitini yüksək səviyyədə təmin etmək, əhalinin abad, rahat və yaraşıqlı binalarda yaşayışına şərait yaratmaq, uşaqların və gənclərin, yaşlıların, ümumiyyətlə insanların istirahətini təşkil etmək dayanır" deyən Xaləddin Rüstəmov onlara tapşırılan bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını, bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini bildirdi.

Bir məqamı da qeyd edək ki, görülən işlərin təyinatı baxımından müxtəlifliyinə baxmayaraq, onlar işi yaxşı bilən ustalar, dizaynerlər, mühəndislər və işgüzar inşaatçılar tərəfindən nöqsansız və vaxtında yerinə yetirirlər. Bunun nəticəsidir ki, ildən-ilə idarəyə tapşırılan  təmir-tikinti və abadlıq işlərinin həcmi artır.

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2012.- 19 dekabr.- S.6.