Dövlət qayğısı təhsilin inkişafını sürətləndirir

 

M.F.Axundzadə adına Ağcabədi şəhər 3 nömrəli məktəb-lisey respublikanın qocaman, eyni zamanda qabaqcıl təhsil müəssisələrindən biridir. Bu tədris ocağının gələn il 130 yaşı tamam olacaq. Ölkə üçün layiqli vətəndaşlar yetişdirməkdə məktəbin nailiyyətləri danılmazdır. Bir çox elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri bu məktəbin yetirmələridir. Tanınmış alimlər - Şamil Cəmşidov, Vahid Ağayev, Kamran Məmmədov, Rza Məmmədov, Salman Hüseynov, Cahid Kərimov, Elman Hüseynov, görkəmli ədiblər İsi Məlikzadə, Dadaş Mehdi, Nurəddin Qənbər, Azərbaycan muğamının böyük ustadları - Mütəllim Mütəllimov, Yaqub Məmmədov həmin təhsil ocağının məzunlarıdır.

Məktəbdə tarixi ənənələr bu gündavam etdirilir. Hazırda məktəbdə 896 şagirdin təlim-tərbiyəsi ilə 90 müəllim məşğul olur. Respublikanın təhsil sistemində aparılan islahatlar məktəbdə uğurlu nəticələr verməkdədir. Pedaqoji kollektivin səyi nəticəsində diqqət çəkən müsbət nailiyyətlər əldə olunmuşdur. Hər il fənn olimpiadalarının respublika turunda məktəbin şagirdləri yüksək nəticələr əldə edirlər. 12 ildir ki, hər il məktəbin istedadlı şagirdləri olimpiadaların qalibi olurlar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibəti ilə respublika üzrə VII-XI sinif şagirdləri arasında dahi rəhbərin həyat və fəaliyyətinə həsr olunmuş  "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" mövzusunda inşa yazı müsabiqəsi keçiriləndə M.F.Axundzadə adına şəhər 3 nömrəli məktəb-liseyin X sinif şagirdi Dadaşzadə Türkan Rafiq qızının yazı işi I yerə layiq görülmüş və həmin yazı işi "Heydər Əliyev məktəblilərin gözü ilə" kitabına daxil edilmişdir.

Məktəbin məzunlarından ali təhsil müəssisələrinə qəbul olunanların sayı ildən-ilə artmaqdadır. 2011-ci ildə 50 nəfər məzundan 18-i, 2012-ci ildə isə 53 nəfər məzundan 26-sı müxtəlf ali məktəblərə qəbul olunmuşdur.

2008-ci ildə məktəbin məzunu Qəhrəmanlı Şirin Cümşüd oğlu 686 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə fakültəsinə qəbul olunmuşPrezident təqaüdünə layiq görülmüşdür. 2011-ci ildə Kərimli Xumar Məhəbbət qızı rayon üzrə ilk dəfə gümüş medal alaraq 629 balla, Məmmədov Cəlal Vaqif oğlu isə 643 balla Azərbaycan Tibb Universitetinin tələbəsi olmuşlar.

2009-cu ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak edən məktəb-lisey Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə müsabiqənin qaliblərindən biri kimi mükafatlandırılmışdır. Hələlik rayon üzrə bu məktəb-lisey yeganə təhsil ocağıdır ki, həmin  müsabiqədə qalib olmuşdur.

Məktəbdə istedad bankı yaradılmışdır. İstedadlı şagirdlərlə ardıcıl və səmərəli aparılmasına üstünlük verilir. Məlumdur ki, respublika Prezidenti İlham Əliyevin 17 aprel 2006-cı il tarixli sərəncamı ilə "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"  təsdiq edilmişdir. Həmin proqrama uyğun olaraq respublikanın bir neçə ümumtəhsil məktəbində lisey sinifləri açılmışdır. Həmin sərəncamla M.F.Axundzadə adına Ağcabədi şəhər 3 nömrəli məktəbdə texnikihumanitar fənlər təmayüllü lisey siniflərinin fəaliyyətə başlaması da məhz sözügedən proqramda qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədardır.

Nailiyyətlərin əldə edilməsində məktəbin qabaqcıl müəllimlərinin böyük əməyi var. Zəhra İbrahimova, Camal Abbasov, Fazil Alıyev, Həcər Əliyeva, Ballı Atakişiyeva, Mətanət Quliyeva, İradə Hüseynova, Saragül Həsənova şagird nailiyyətlərinin əldə olunması üçün müasir təlim üsullarından səmərəli istifadə edirlər. Təsadüfi deyil ki, məktəbin bir neçə müəllimi medal və fəxri adlarla təltif olunmuşdur. Zəhra İbrahimova, Camal Abbasov, Həcər Əliyeva "Əməkdar müəllim" fəxri adına, məktəbin direktoru Tofiq Zeynalov isə "Tərəqqi" medalına layiq görülmüşdür.

Onu da qeyd edək ki, M.F.Axundzadə adına Ağcabədi şəhər 3 nömrəli  məktəb-lisey uzun illər müasir tələblərə cavab verməyən uyğunlaşdırılmış binalarda yerləşirdi. Nəhayət, Prezident İlham Əliyevin qayğısı sayəsində bu tədris ilində 960 şagird yerlik, müasir tələblərə cavab verən gözəl bir məktəb binası tikilib kollektivin istifadəsinə verilmişdir. Bu gözəl hədiyyə üçün bütün şagird və müəllim kollektivi, eləcə də valideynlər dövlət başçısına təşəkkür və minnətdarlıqlarını dönə-dönə vurğulayırlar.

Ümumiyyətlə desək, Ağcabədidə təhsilin inkişafına xüsusi fikir verilir. Dövlətin davamlı və yetərli qayğısının nəticəsidir ki, 2012-ci ildə Qaraxanlı və Şərəfxanlı kənd tam orta məktəbləri üçün 180, Aran kənd 2 saylı ümumi orta və Ağabəyli kənd ümumi orta məktəblərinin hər biri üçün 80 şagird yerlik yeni bina tikilib istifadəyə verilmişdir.

Hazırda  Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbi üçün 480, Aşağı Qiyaməddinli kənd tam orta məktəbi üçün 260, C.Quliyev adına Təzəkənd tam orta məktəbi üçün 540, M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbi üçün 480, Aran kənd 1 nömrəli tam orta məktəbi üçün 220, F.Kərimov adına Biləğan kənd tam orta məktəbi üçün 180, Mehrablı kənd 2 nömrəli ümumi orta məktəbi üçün 80 və Avşar kənd 3 nömrəli ümumi orta məktəbi üçün 320 şagird yerlik yeni binaların tikintisi davam etdirilir.

2012-ci ildə tikilib istifadəyə verilən və əsaslı təmir olunan məktəblər müasir avadanlıqlarla tam təchiz olunmuşdur.

 

 Lazım QULİYEV,

Azərbaycan.-2012.- 19 dekabr.- S.6.