Naleyi-ney, nəğmeyi-tar

 

İlin uğurlu mədəniyyət hadisəsi

 

Milli musiqi alətlərimizin tacı sayılan tarın adı çəkiləndə istər-isətəməz gözlərimiz önündə bir muğam dəsgahı açılır. Əsrlərin qatından üzü bəri yol gələn həzin musiqinin sehrinə düşürük. Seyid Əzim Şirvaninin məşhur misraları duyğularımıza iz salır:

 

 Guş qıl, ey ki, bilirsən özünü vaqifi-kar,

Agah ol, gör ki nədir: naleyi-ney, nəğmeyi-tar.

 

 

2012-ci ilin son ayında eşitdiyimiz bir xəbər hamımızın iftixarına çevrildi. Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına düşdü. Xatırladaq ki, ötən illərdə Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı, Azərbaycan xalçaçılıq sənəti bu xəzinəyə daxil edilib. Əlbəttə, Azərbaycan muğamlarının belə bir yüksək, bəşəri qiymət alması təbiidir. Çünki Azərbaycan muğamlarını tarsız, onun incə, həzin sədaları altında səslənməməsini təsəvvür etmək çətindir.

Bu alətin adına orta əsr klassiklərimizdən Qətran Təbrizinin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin başqalarının əsərlərində rast gəlmək olur. Nizami Gəncəvinin "İsgəndərnamə"sindən:

 

 

Müğənni, tək bircə gecə çal tar,

Məni bu dar yolda əzabdan qurtar!

Bəlkə genişlənsin, açılsın yolum,

Köçüm bu daşlıqdan, asudə olum.

 

 

Hətta məşhur fırça ustası Əbül Qasım Təbrizi 1816-cı ildə "Tar çalan qız" adlı əsər yaradıb. Bu da onu təsdiqləyir ki, uzaq əsrlərdə təkcə kişilər deyil, qadınlar da bu qədim alətdə ifa edirmişlər.

Bəzi tədqiqatçılar musiqi irsi milli musiqi alətləri haqqında yazdıqları fikirlərdə tarın ərəb, fars, əfqan başqa millətlərə aid musiqi aləti olduğunu söyləyiblər. Təəssüf ki, bunların heç biri elmi arxiv sənədlərinə əsaslanmayıb, sadəcə söz-söhbətdən ibarətdir. Görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinski 1985-ci ildə çap edilmiş "Azərbaycan xalq musiqiçiləri" kitabında bu məsələyə əbədi bir aydınlıq gətirdi: "Mötəbər tarixi vəsiqələrə əsaslanıb deyə bilərik ki, tarı Miladın X əsrində Türküstan türklərindən Tərxanın oğlu Məhəmməd Carco şəhərinin Fərab adlı bir kəndində qayırmışdır". Bu barədə əsas məlumat da 1929-cu ildə "Yeni yol" qəzetində verilib. Eləcə məşhur türk musiqişünasları bu alətin məhz türk oğlu tərəfindən yarandığını dəfələrlə qeyd ediblər. Əlbəttə, Şərq musiqi alətlərinin şahı sayılan tar indi təkcə türkdilli xalqların deyil, eyni zamanda ərəb, fars, əfqan, hind başqa xalqların istifadə etdiyi bir musiqi aləti kimi məşhur olmuşdur.

Lakin Yaxın Orta Şərq xalqlarının böyük məmnunluqla sinələrinə sıxdıqları bu alətlər içərisində Azərbaycan tarı özünün istər forması, məziyyəti, istərsə kamilliyi ilə seçilir. Təsadüfi deyildir ki, musiqi mədəniyyətimizin tarixində müstəsna xidmətləri olan böyük sənətkar Sadıqcanı "Azərbaycan tarının atası" adlandırıblar. Çünki o, 1870-1875-ci illərdə bu aləti təkmilləşdirərək onun üzərində işləmiş, demək olar ki, tarın quruluşunu dəyişmişdir. Onun qolunda olan bir çox artıq pərdələri ataraq 17 pərdə saxlamışdır. Firidun Şuşinski yazırdı: "Tarın səsini gücləndirmək üçün birinci qoşa simin qoşa sarı simin hərəsindən bir oktava yuxarı zil səslənən iki cüt cin kənə simi əlavə etmişdir. Tarın rezonansını yüksəltmək, həm lazım gəldikdə səsləndirmək üçün sarı simdən bir oktava aşağı, yəni bəm səslənən bir qalın sarı boş sim artırdı. Bundan əlavə, tarın qolunun yuxarısında, yəni kəlləyə yaxın yerdə əlavə pərdə bağlamaq ilə "lal barmaq" üslubunu da icad etdi".

Bir məsələ maraqlıdır ki, Sadıqcana qədər tarı adəti üzrə diz üstündə qoyaraq çalardılar. Sadıqcan bu bəsit qaydanı da ləğv edərək tarixdə ilk dəfə onu sinə üzərinə qaldırdı. Bir Sadıqcana qədər tarın beş simi var idi. O, tara 6 sim əlavə edərək sayını 11-ə çatdırdı. Azərbaycanlı ustadın tar ifaçılığına gətirdikləri bu yeniliklər bütün tarzənlər tərəfindən qəbul edildi. Qafqazda, Orta Asiyada, bir sözlə, Şərq dünyasında Sadıqcanın yaratdığı tar məşhurlaşdı.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli bu qədim musiqi alətini çox yüksək dəyərləndirərək yazırdı: "Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi ən mühümüdür". 1931-ci ildə Üzeyir Hacıbəyli Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu Xalq Çalğı Alətləri  Orkestrində tar aparıcı alət kimi əsas yer tutmuşdur. Əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki bədii imkanlarını daha da artırmışdır. Azərbaycan bəstəkarları tar ilə orkestr üçün bir çox irihəcmli konsertlər yaratmışlar.

Maraqlıdır ki, xalqımız kimi, tarın da başı bəlalı olmuşdur. Hətta 1929-cu ilin yanvar ayında Dövlət Türk Akademik Teatrında incəsənət musiqi işçilərinin ümumi yığıncağı keçirilib. Həmin yığıncaqda M.Q. Şərq musiqisi tarın tədrisdən çıxarılması ilə bağlı məruzə edib. Bu məruzə "İnqilab mədəniyyət" jurnalının 1929-cu il ikinci nömrəsində "Tar konservatoriyadan çıxarıldı" sərlövhəsi ilə dərc olunub. Həmin məqalədə deyilirdi: "Moskva Konservatoriyası yanında el musiqi alətlərini öyrədən kurslar təşkil edilmişdisə , balalayka, mandalina mütəxəssisləri hazırlayan heç bir kurs yoxdur. Biz konservatoriyamızı bu əsas üzərində quraraq oradan tar mütəxəssisləri buraxmamalıyıq. Bundan başqa, tarın heç bir gələcəyi yoxdur ola da bilməz. Tar öz-özünü həyat səhnəsindən çıxaracaqdır". Hətta bəzi şairlər tara bəslənən bu xoş olmayan münasibəti şeirləri ilə daha da tündləşdirdilər: "Oxuma, tar, oxuma, tar, sevmir səni proletar". Tara qarşı olan bu hücumlar o dövrün tanınmış sənətkarlarını - Üzeyir Hacıbəylini, Mikayıl Müşfiqi, Əfrasiyab Bədəlbəylini başqalarını möhkəm qəzəbləndirdi. Onlar qadağalardan, repressiyalardan çəkinməyərək tarın müdafiəsinə qalxdılar. Əfrasiyab Bədəlbəyli "Kommunist" qəzetində (1929-cu il 11 yanvar tarixli nömrəsində) dərc edilmiş "Tar üzərində mühakimə münasibəti ilə" adlı məqaləsində yazırdı: "Mükəmməl bir instrument olan ölkəmizdə çox intişar tapan tarı muzeyə göndərmək - hər halda doğru bir xətt, hərəkət deyildi. Tarın tərəqqi yolunu kəsməməli, konservatoriyada tar dərslərini məhdud bir hala salmamalı, yenə əvvəldə olduğu kimi aparmalı, tarı çayçı, kababçı dükanlarından xilas edib Azərbaycan xalq instrumentləri nümayəndəsi sifəti ilə beynəlxalq musiqi instrumentləri ailəsinin içərisinə daxil etməyə çalışmalıyıq". Sonralar cavan ömrünə repressiya baltası çalınmış gənc Mikayıl Müşfiq yaşlı həmkarından fərqli olaraq şeirlərində tarın gözəlliyindən söz açdı: "Oxu, tar, oxu, tar, səni kim unudar?" Ən lətif, ən əziz, ən şirin, ən coşqun nəğmələrin tarın səsində canlanmasından yazan Mikayıl Müşfiqlər bu qədim musiqi alətinin gələcəyinə inanırdılar. Hələ repressiyaların at oynatdığı illərdə görkəmli Azərbaycan tarzəni Mənsur Mənsurovun təkmilləşdirərək yeni quruluşda hazırladığı iki tardan biri Parisdə, digəri İstanbulda musiqi alətləri sərgisində müvəffəqiyyətlə nümayiş etdirildi. Bu, 1935-ci il idi. Heç bir ölüm hökmü, repressiya, qadağa, təqib tarın təntənəsinin qarşısını kəsə bilmədi!

Tar ifaçılıq sənətindən söhbət düşəndə böyük tarzən Sadıqcan, onun  istedadlı şagirdləri - Malıbəyli Həmid, Mirzə Mənsur, Salyanlı Şirin, Məşədi Camal, Mirzə Fərəc, Qurban Pirimov, Bala Məlikov, Məşədi Zeynal yada düşürlər. XX əsrin tarzənləri arasında Bəhram Mansurov, Əhməd Bakıxanov, Əhsən Dadaşov, Həbib Bayramov, Hacı Məmmədov... tar ifaçılığına yeni töhfələr verdilər. Bu gün Azərbaycanda tar ifaçılığı sahəsində görkəmli sənətkarlar fəaliyyət göstərir: Ramiz Quliyev, Ceyran Haşımova, Vamiq Məmmədəliyev, Fikrət Verdiyev, Möhlət Müslümov, Mircavad Cəfərov, Ağasəlim Abdullayev, Zamiq Əliyev, Sahib Paşazadə, Əlağa Sədiyev,  Elçin Həmidov... Bu sıra çox genişdir. Həmin tarzənlərin hər birinin Azərbaycan mədəniyyətində öz xidməti var.

Sarı simlərinin dili ilə insanı heyrətə salan tarın şöhrəti bu gün dünyanı gəzir. Azərbaycandan pərvazlanan, milli sərvətimiz sayılan muğamlarımızın can yoldaşına, sədaqətli dostuna, həmdərdinə, həmsirdaşına çevrilən tarın bu gün bəşəriyyətin incilər xəzinəsinə daxil edilməsi onu yaradanların, qoruyanların, gələcəyinə inananların müdrikliyindən xəbər verir. Bu həm bir daha təsdiqləyir ki, tar Azərbaycan xalqına məxsusdur qədim milli musiqi alətlərinin həqiqətən tacıdır!

 

 

Flora XƏLİLZADƏ,

Azərbaycan.-2012.- 19 dekabr.- S.7.