Oxucu təklifini dəstəkləyirik

 

Məşhur rus yazıçısı Anton Çexovun sözün qüdrəti haqqında maraqlı bir kəlamı var: "Bəzən bir qəzet sətri oxucunu roman qədər riqqətə gətirə bilər". Əslində, hər bir yazıçı, jurnalist də çalışır ki, qələmi ilə oxucusunun ürəyinə yol tapsın, yaddaşına hopsun. Amma təəssüf ki, bu arzu hətta peşəkar yazarlarda belə həmişə reallaşmır. Bəzən uzun illər ərzində yazılan böyük əsər də işıq üzü görəndən sonra qəlblərə yol tapmadan kitab rəflərində tozlanaraq unudulur, arxivə silinir. Bəzən isə Çexovun dediyi kimi, elə olur ki, adi  bir oxucu məktubundakı qısa sətirlər adamı narahat edir, düşündürür.

Bu baxımdan Quba rayonundan Piroğlan Abdullayevin qəzetimizin 30 sentyabr  2011-ci il tarixli nömrəsində "Erməni faşistlərinin yer üzündən sildikləri kəndlərin yerində abidələr ucaldılsın" başlığı altında dərc edilən kiçik məktubu da ideya və məzmununa görə yaddaqalan yazılardandır. Məktub müəllifi erməni faşistlərinin vəhşilikləri nəticəsində yer üzündən silinən Azərbaycan kəndlərinin yerində abidələrin ucaldılmasını təklif etmişdi.

Onu da qeyd edək ki, qəzetimiz üçün Azərbaycan ərazilərində ermənilərin törətdiyi soyqırımları ilə bağlı yazılar aktuallığı və mənəvi yükü ilə xüsusi əhəmiyyət kəsb edir. Oxucu məktubları səhifəsindən başqa qəzetimizdə Quba məzarlığından yazılan başqa bir yazıda da Quba rayonu ərazisində erməni faşistlərinin 1918-1920-ci illərdə törətdikləri qırğınlar nəticəsində yer üzündən silinib yox olan kəndlərin yerində  xatirə abidələrinin ucaldılmasının zəruriliyinə toxunulmuşdu.

Mövzuya təkrar qayıtmağımızın bir neçə səbəbi var. Birincisi, müasir dünyanın siyasi səhnəsində əsrlər boyu tüğyan edən erməni faşizminə nəinki göz yumulur, əksinə, özlərini demokratik dəyərlərin və sülhün  qoruyucusu kimi bəyan edən superdövlətlər əsrlər boyu davam edən bu aqressiyanı bilavasitə və dolayısı yollarla dəstəkləyirlər. İşğal edilmiş Azərbaycan əraziləri boşaldılmır. Erməni faşizmi bütün səviyyələrdə qəyyumluğa götürüldüyündən, işğal edilmiş ərazilərin təcili və şərtsiz boşaldılması birmənalı şəkildə tələb olunmur! İkincisi, Qafqazda sülhün pozulmasına, əbədi müharibə ocağının yaranmasına, milyondan artıq insanın yurdsuz, evsiz-eşiksiz qalmasına görə heç kim Ermənistanı ittiham etmir! Üçüncüsü, erməni faşistlərinin son iki əsrdə işğal etdiyi ərazilərdə etnik təmizləmələr apararaq qurduqları monoetnik dövləti də kimsə bölgə və dünya üçün təhlükə saymır.  Ermənistan antik Romanın "Qaliblər mühakimə olunmur" şüarının kölgəsində yeni iddialarına rəvac verməkdə davam edir.

Beləliklə, paradoksal vəziyyət yaranır: bütün sülh danışıqlarında Azərbaycan torpaqlarını əsrlər boyu işğal edən, yüzlərlə kəndini yandıraraq dağıdan faşist rejimi ilə danışıqlar masasına əyləşməyə və kompromislərə vadar etməyə çalışırlar.

Əslində, belə anlaşılmaz münasibətlər modelinin beynəlxalq səviyyədə dəstəklənməsi Azərbaycan üçün dözülməz olduğu qədər də demokratik dəyərlənin qorunmasını öhdəsinə götürən superdövlətlərin faşist ideologiyası ilə silahlanan Ermənistan qarşısında təhqiramiz təslimçiliyidir.

Dünya min illərdir ki, güclülərə və zəiflərə bölünüb. Bu günün özündə də demokratik dəyərlər beynəlxalq hüquq normalarına yox, dövlətlər arasındakı tarixi münasibətlərə, stereotip dəyərlərə və super dövlətlərin ambisiyalarına söykənir. Azərbaycan bölgədə liderə çevrilib, güclü islahatları reallaşdırır. Biz dövlətimizə, özümüzə güvəndikcə güclü oluruq. Bu baxımdan ermənilərin ölkəmizin ərazilərində qırğınlar törətdikləri yerlərdə abidələrin ucaldılması təklifi diqqətçəkəndir. Müasir dünyanın informasiya məkanında maraqlı tendensiya müşahidə olunur - insanlar eşitdiklərindən çox gördüklərinə inanırlar. Biz hər hansı bir əcnəbiyə deyiləndə ki, ermənilər filan kəndi yandırıb və ya yox ediblər, ona bu məlumat inandırıcı görünməyə bilər. Lakin həmin əcnəbi abidənin önündə özü dayansa, oradakı lövhədə məlumatı öz gözləri ilə oxusa və bilsə ki, Azərbaycanda yüzdən artıq belə abidə ucaldılıb, onda məsələnin nə qədər ciddi və erməni faşizminin nə dərəcədə təhlükəli olduğunu başa düşəcək. Bu halda məlumatın təsir qüvvəsi artacaq.

Onu da nəzərə alaq ki, Azərbaycan artıq turizm ölkəsinə çevrilir. İldən-ilə keçirilən beynəlxalq  tədbirlərin, simpoziumların, forumların sayı artır. 2015-ci ildə isə birinci Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərin hamısından biz erməni faşizminə qarşı bir mübarizə vasitəsi, təbliğat vasitəsi kimi də istifadə edə bilərik.

Piroğlan Abdullayevin məktubunda bu gün də aktuallığını itirməyən bir məqamı oxucuların diqqətinə çatdırmaq istəyirik: "Yaxşı yadımdadır, tələbə olanda Moskvanın yaxınlığındakı məşhur Borodino çölünə getmişdik. Orada hər iki tərəfdən qədərsiz sayda ucaldılan heykəllər insan qəlbini riqqətə gətirirdi. Hətta fransızlar da aradan 100 il keçəndən sonra bu torpaqlarda həlak olan əsgərlərinə abidə ucaltmışdılar. Biz o yerləri gəzdikcə sanki 200 illik tarixi vərəqləyirdik. Orada səngərlər bu günqorunur. İldə bir dəfə isə fransızlarla rusların tarixə çevrilən döyüşü səhnələşdirilir".

Quba rayonunda erməni cəlladları tərəfindən yer üzündən silinmiş onlarca kənd var. Bu gün bu kəndlərdən heç olmasa birinin adını nəinki turistlər, heç yerli camaat çəkə bilməz. Ona görə ki, bilmirlər! Deyən olmayıb! Erməni faşistlərinin yer üzündən sildiyi kəndlərin yerində abidələrin ucaldılması bir oxucunun marağından daha çox zamanın tələbidir! Belə heykəllər həm tarixi turist marşrutları kimi maraqlı ola bilər, həm də xalqımızın qanlı keçmişinə səyahət etməyə imkan verər.

Bu heykəllər harada ucaldılmasından asılı olmayaraq, eyni olmalıdır ki, onları görən kimi ermənilərin növbəti vəhşiliyinin ünvanı bilinsin. Ölkəmizə təşrif buyuranlar gəzdikləri ərazilərdə bir neçə dildə yazılmış həmin lövhələrdə erməni terrorunun qurbanı olan kəndlərimiz haqqında məlumatlarla tanış olsalar, onların yanında durub şəkil çəkdirsələr, gördüklərinə daha çox inanacaqlar, bizim  müdafiəçilərimizə çevriləcəklər. Bu abidələrin bahalı və təmtəraqlı olması önəmli deyil! Onun necə olmasını heykəltəraşlar təklif edə bilər, müsabiqə də keçirmək olar. Ən vacibi onların ucaldılmasıdır! Qoy bu abidələr sonu bitməyən erməni faşizmini də, onun havadarlarını da əzəməti və qururu ilə ittiham etsin!

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2012.- 19 dekabr.- S.8.