«Dövlət və din:
dəyişən dünyada
tolerantlığın gücləndirilməsi»
Birinci Beynəlxalq Bakı Forumunun
iştirakçılarına
Hörmətli Forum iştirakçıları!
Sizi - "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi" Birinci Beynəlxalq Bakı Forumunun iştirakçılarını ürəkdən salamlayır, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Ayrı-ayrı dövlətlərdə dini siyasətlə məşğul olan rəsmi hökumət nümayəndələrinin, nüfuzlu beynəlxalq təşkilatların və aparıcı elmi-tədqiqat mərkəzləri təmsilçilərinin, görkəmli din xadimlərinin Azərbaycanda bir araya gəlməsini təqdirəlayiq hal hesab edirəm. Qloballaşma prosesinin sürətləndiyi müasir dünyada gedən mürəkkəb etno-siyasi proseslərdə dinin yeri və rolu, beynəlxalq münasibətlərdə və cəmiyyət həyatında din amili, bəşəriyyətin gələcək taleyi naminə mədəniyyətlərarası dialoq kimi qlobal məsələlərin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi təsadüfi deyil. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan humanizmin və multikulturalist dəyərlərin müstəsna rolu vardır.
Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Əminəm ki, Bakı Forumunda sürətlə dəyişən dünyada tolerantlığın gücləndirilməsi, universal mənəvi dəyərlərin beynəlxalq hüquq prinsipləri ilə uzlaşdırılması, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi kimi aktual problemlər ətrafında konstruktiv fikir mübadilələri aparılacaq və səmərəli tövsiyələr səsləndiriləcəkdir.
Bu
xeyirxah və gərəkli fəaliyyətinizdə hər
birinizə cansağlığı, Beynəlxalq Forumun işinə
uğurlar arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 20 dekabr.- S.1.