Balaxanıda Bakı bərk məişət
tullantılarının yandırılması
zavodu istifadəyə verilmişdir
Prezident İlham
Əliyev açılış mərasimində iştirak etmişdir
Dekabrın 19-da Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavodu istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zavodun açılış mərasimində iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısına məlumat verdi ki, müəssisənin tikintisi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilmişdir. Zavod 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyi ilə Fransanın "Cnim" şirkəti arasında imzalanan müqaviləyə əsasən inşa edilmişdir. Bu sahədə dünyanın ən aparıcı şirkətlərindən biri olan və 50 illik təcrübəyə malik "Cnim" bir çox ölkələrdə, xüsusilə də Avropada 120-dən çox bu tipli zavod tikmişdir. Müəssisənin təməli 2009-cu il noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.
Bildirildi ki, 20 hektar ərazidə inşa olunan və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən bu zavodun 20 illik istismarı da "Cnim" tərəfindən həyata keçiriləcəkdir.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Məlumat verildi ki, zavod iki xətdən və elektrik enerjisi istehsal edən turbindən ibarətdir. İstismar zamanı tullantıların həcmi 10 dəfə, kütləsi isə 3 dəfədən çox azalacaqdır. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat-saat olacaqdır. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət ediləcəkdir. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaqdır.
Məlumat verildi ki, bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Dördüncü nəsil 4G texnologiyasının tətbiqi ilə qurulan zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcəkdir. Yanma zamanı əmələ gələn tüstü külü xüsusi süzgəclərlə tutulacaqdır. Daha ağır və zərərsiz olan dib külündən isə yol tikintisində istifadə edilə bilər. Tullantı hədlərinin monitorinqinin gündəlik aparılacağı zavod ətraf mühitin idarə edilməsi üzrə ISO 14001 standartlarına tam cavab verir. Zavodun fəaliyyəti nəticəsində illik 100 min tona yaxın karbon dioksin-CO2 qazı ekvivalentində istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısı alınacaqdır.
Sonra
dövlət başçısı məişət
tullantılarının idarə olunması sahəsində
görülən işlərdən bəhs edən filmə
baxdı.
Azərbaycan.-2012.- 20 dekabr.- S.1.