Balaxanıda Bakı
bərk məişət tullantılarının
yandırılması
zavodu istifadəyə verilmişdir
Prezident İlham Əliyev
açılış mərasimində iştirak etmişdir
Prezident
İlham ƏLİYEV mərasimdə çıxış edərək
dedi:
- Əziz dostlar!
Hörmətli xanımlar və cənablar!
Mən sizi Balaxanıda tikilmiş bərk məişət tullantılarının yandırılması zavodunun açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, gözəl hadisədir. Bu kiçik filmdə zavodun tikilməsi ilə bağlı bəzi məqamlar göstərilmişdir. Üç il bundan əvvəl - 2009-cu ilin noyabr ayında bu yerdə zavodun təməl daşı qoyuldu. Çox şadam ki, qısa müddət ərzində belə nəhəng sənaye müəssisəsi yaradılmışdır. Bu zavodun tikintisində iştirak etmiş bütün qurumlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Zavodun dəyəri, yəni, qoyulan investisiyanın həcmi
365 milyon avrodur. Onun bir hissəsi İslam İnkişaf
Bankı tərəfindən kredit şəklində
verilmişdir. Qalan hissə isə Azərbaycanın
dövlət büdcəsi hesabına
formalaşdırılmışdır.
Zavodun tikintisində Fransanın böyük təcrübəyə
malik olan "Cnim" şirkətinə xüsusi minnətdarlığımı
bildirmək istəyirəm. Onu da qeyd etmək istəyirəm
ki, bu şirkətlə əməkdaşlığımız
bundan sonra da davam edəcəkdir. Çünki 20 il ərzində zavodun idarə edilməsi
"Cnim" şirkətinə həvalə edilmişdir. Mən çox şadam ki, Fransanın böyük
şirkəti olan "Cnim" ilə Azərbaycan arasında
belə işgüzar münasibətlər qurulmuşdur.
Mən bu ilin sentyabr ayında Fransanın aparıcı
şirkətləri ilə "Medef"də
görüşdə bir daha gördüm ki, Azərbaycan ilə
əməkdaşlıq etmək, biznes əlaqələrini genişləndirmək
üçün hər iki tərəfdə böyük maraq
vardır və böyük imkanlar açılır. Fransa şirkətləri uzun illərdir ki, Azərbaycanda
uğurla fəaliyyət göstərirlər. İstər energetika, istərsə də qeyri-neft,
tikinti, nəqliyyat sektorlarında, kosmik sənaye müəssisələrinin
inkişafında bizə kömək göstərirlər.
Bu böyük investisiya tutumlu müəssisənin
yaradılması da Fransa şirkəti tərəfindən
icra edilmişdir.
Zavodun tikintisinə böyük ehtiyac var idi. Çünki
bu kiçik filmdə göstərildiyi kimi, bu ərazi ekoloji
fəlakət zonası idi. Bakı sakinləri
yaxşı bilirlər ki, uzun onilliklər ərzində bu
bölgədə yığılan tullantılar faktiki olaraq
şəhərimizin ekoloji vəziyyətinə çox
böyük zərbə vurmuşdur. Məişət
tullantılarının burada yığılması və bir
çox hallarda yandırılması ekoloji vəziyyəti
daha da gərginləşdirirdi. Bu ərazinin
üzərində daim tüstü buludları var idi. Bu tüstü Bakını bürüyürdü,
bunun insanların sağlamlığına, şəhərimizin
ekoloji vəziyyətinə çox mənfi təsiri
olmuşdur. Bir neçə il bundan əvvəl
bütövlükdə Bakının və Abşeron
yarımadasının ekoloji vəziyyətinin
yaxşılaşdırılması üçün kompleks
tədbirlər görülməyə başlanmış və
onların içərisində bu zavodun tikintisi xüsusi yer
tutmuşdur. Azərbaycan dövləti bu istiqamətdə
öz siyasətini davam etdirir. Çünki
bizim üçün insanların sağlamlığı hər
şeydən üstündür.
İnsanların sağlamlığının təmin
edilməsi üçün kompleks tədbirlər
görülür. Son illər ərzində Azərbaycanda,
xüsusilə Bakıda ağacəkmə kampaniyası
geniş vüsət almışdır. Artıq
bu, kampaniya deyildir. Bu, artıq dövlət
siyasətidir. On milyondan çox ağac əkilmişdir.
Bakının və bütün şəhərlərin
təmiz içməli su ilə təmin edilməsi
üçün konkret layihələr icra edilir. Bu layihələrin
əsas hissəsi, yəni, mütləq əksəriyyəti
gələn ilin sonuna qədər başa çatacaqdır.
Beləliklə, hər bir şəhərdə,
hər bir rayon mərkəzində əhali keyfiyyətli,
Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun olan içməli su ilə təmin
ediləcəkdir ki, bu da tarixi nailiyyət olacaqdır.
İki il bundan əvvəl Oğuz-Qəbələ-Bakı
su kəmərinin istismara verilməsi Bakı şəhərində
içməli su ilə təminatı böyük dərəcədə
yaxşılaşdırılmışdır və bu istiqamətdə
əlavə tədbirlər görülür. Tədbirlər
nəticəsində vəziyyət daha da
yaxşılaşacaqdır. Yəni, bu
zavodun tikintisi böyük siyasi istiqamətin və eyni zamanda,
sosial istiqamətin tərkib hissəsidir.
Bu zavodda Avropada mövcud olan ən sərt ekoloji normalar,
meyarlar tətbiq edilir. Bu zavod ekoloji cəhətdən demək
olar ki, dünya miqyasında ən öncül yerlərdədir.
Eyni zamanda, burada ən müasir texnoloji proses də
yaradılmışdır. Texnoloji cəhətdən yüksək
avadanlıq gətirilmiş, quraşdırılmış və
bu proses demək olar ki, tam şəkildə
avtomatlaşdırılmışdır.
Zavodun istismara düşməsi və daha əvvəl
tikilməsi nəticəsində müəssisənin ətrafında
digər obyektlərin yaradılması üçün konkret
tədbirlər görülmüşdür. Buraya gəlməzdən əvvəl
mən yaxınlıqda yerləşən çeşidləmə
zavodunun fəaliyyətiilə tanış
olmuşam. Məhz "Cnim" tərəfindən
tikilmiş bu müəssisənin nəticəsi olan
çeşidləmə zavodu da mühüm funksiya
daşıyır. Eyni zamanda, zavodun tikintisi dövründə belə
bir fikir yarandı, təşəbbüs
irəli sürüldü ki, Balaxanıda texnologiya parkı
yaradılsın və bu gün
o texnologiya parkının təməl daşı
qoyulacaqdır. Yəni, gözəl bir təşəbbüsün
görün nə qədər böyük təsiri vardır
və burada yüzlərlə iş yeri
açılmışdır. Burada işləyən
işçilərin əksəriyyəti yerli vətəndaşlardır
və getdikcə yerli kadrların sayı artacaqdır.
Onlar yüksək maaş alırlar. Yəni, bu zavodun tikintisi kompleks tədbirlərin
görülməsində bizə kömək göstərir.
Onu da qeyd etmək istəyirəm ki, zavodun
tikintisi ilə bağlı Balaxanıda sosial layihə də həyata
keçirilmişdir. Balaxanı qəsəbəsinin
içməli su ilə təchizatı üçün yeni
layihə icra edilməyə başlamış və yaxın
zamanlarda başa çatacaqdır. Bu layihənin
dəyəri təqribən 10 milyon manat ətrafındadır.
Bu layihə onu göstərir ki, biz məsələlərə
kompleks şəkildə yanaşırıq, qarşıya
qoyulan hədəfə uğurla çatırıq.
Mən əminəm ki, uzun illər bundan sonra zavod səmərəli
şəkildə fəaliyyət göstərəcəkdir. Zavodun istehsal
gücü 500 min tondur. Bakı şəhərində
bəzi məlumatlara görə, daha çox məişət
tullantıları yığılır və istisna edilmir ki,
gələcəkdə zavodun sahəsi genişlənə bilər.
Buna imkan da vardır. Əsas
məsələ bundan sonra ondan ibarətdir ki, məişət
tullantılarının yığılması,
çeşidlənməsi, yandırılması və təkrar
emala verilməsi prosesini biz bir-biri ilə uzlaşdıraq.
Hazırda biz məsələnin son mərhələsini
həll etdik. Çeşidləmə,
yandırma, təkrar emal. Amma bu prosesin
ilkin mərhələsi hələ ki, bizim tələblərimizə
cavab vermir. Ona görə mən həm
İqtisadi İnkişaf Nazirliyinə, həm Bakı Şəhər
İcra Hakimiyyətinə tapşırıq verirəm ki,
yaxın zamanlarda təkliflər hazırlansın. Evdən
çıxan tullantının idarə olunması,
daşınması, yığılması və buraya gətirilməsi,
yandırılması bir proses kimi təşkil edilməlidir
ki, biz Bakıda bu məsələni birdəfəlik həll
edək və bu təcrübə ondan sonra başqa şəhərlərdə
də tətbiq edilməlidir.
Zavodda 37 meqavat gücündə elektrik stansiyası da fəaliyyət
göstərir. Bu da çox gözəl hadisədir.
Bir neçə meqavat zavodun fəaliyyəti üçün
sərf olunacaq, qalan 33 meqavat isə şəhər şəbəkəsinə
veriləcəkdir ki, bu da bizim enerji balansımızın bərpa
olunan enerji ilə daha çox təmin edilməsi
üçün vacibdir. Bilirsiniz ki, bizim zəngin
neft-qaz yataqlarımız vardır. Bizim qazımız 100
il bundan sonrakı dövr üçün
bizə və xarici istehlakçılara çatacaqdır. Buna baxmayaraq, biz bərpa olunan enerji növlərinin
yaradılması ilə məşğuluq. Bu yaxınlarda Füzulidə 25 meqavat gücündə
su elektrik stansiyasının tikintisi başa
çatmışdır. Bu elektrik
stansiyasının tikintisi əlbəttə ki, bərpa olunan
enerji növlərinin yaradılması işində çox
gözəl bir hadisədir.
Eyni zamanda, bir daha demək istəyirəm ki, burada
bütün beynəlxalq ekoloji normalar da nəzərdə
tutulur. Beləliklə, bu zavodun istismara verilməsi nəticəsində
Azərbaycan qlobal ekoloji məsələlərin həllinə
kiçik də olsa öz töhfəsini vermiş olur. Bu gün, eyni zamanda, Balaxanı texnologiya
parkının təməl daşı qoyulacaqdır.
Bu istiqamətdə kompleks tədbirlər
görülür. Texnologiya parklarının bundan sonrakı
uğurlu fəaliyyəti üçün əlavə tədbirlər
paketi hazırlanır. Bu məsələnin
qanunvericilik bazası hazırlanır və yaxın zamanlarda
dövlət texnoloji parkların daha səmərəli fəaliyyət
göstərməsi üçün əlavə güzəştlər
paketi təklif edəcəkdir. Beləliklə,
bir neçə yerdə böyük sənaye kompleksləri
yaradılacaqdır - Sumqayıtda, Balaxanıda, Qaradağ
rayonunda və digər yerlərdə.
Texnologiya parklarının ixtisaslaşması prosesi də
artıq müəyyən edilibdir - yüksək Texnologiya
Parkı, Kimya Texnologiya Parkı və Balaxanı Texnologiya
Parkı. Hər biri öz sahəsini əhatə edir və bu
parklarda yeni yaradılacaq müəssisələr ölkəmizin
sənaye potensialının güclənməsinə xidmət
göstərəcəkdir. Çünki
bir neçə dəfə qeyd etdiyim kimi, əsas məqsədimiz
sənaye istehsalını artırmaq, neft amilindən
asılılığı azaltmaq və qeyri-neft sektorunu
inkişaf etdirməkdir. Bu istiqamətdə
böyük nailiyyətlər əldə edilibdir. Bu ilin yekunları onu göstərir. Hələ
ki, dəqiq rəqəm yoxdur, ancaq ilkin rəqəm onu
göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən
10 faiz artmışdır, qeyri-neft sənayemiz təqribən
7-8 faiz arta bilər. Bu, əvvəlki dövrdə
sənayeləşmə istiqamətində
görülmüş tədbirlər nəticəsində
mümkün olmuşdur.
Bu zavodun və digər yeni böyük və kiçik
müəssisələrin yaradılması nəticəsində
biz uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin
edəcəyik. Əlbəttə, enerji resursları bizə
ilkin kapitalın yaradılmasında kömək göstərmişdir.
Ancaq biz iqtisadi siyasətimizi elə
aparmalıyıq ki, sanki bizdə neft, qaz yoxdur. Yalnız iqtisadi inkişaf, islahatlar, texnoloji prosesin təkmilləşməsi,
müasir texnologiyaların gətirilməsi, investorlar
üçün yaxşı investisiya şəraitinin
yaradılması və xarici aparıcı şirkətlərlə
uğurlu əməkdaşlığımız qarşıya
qoyduğumuz məqsədlərə çatmaq
üçün bizə kömək göstərəcəkdir.
Qeyd etmək istəyirəm ki, son illər ərzində
mən bir çox açılışlarda iştirak
etmişəm.
Yüzlərlə, bəlkə də daha da
çox, indi onları saymaq üçün çox vaxt
lazım olacaqdır. Ancaq onların içində bu zavodun fəaliyyətə
başlaması xüsusi yer tutur. Çünki
bu zavoda qoyulan vəsait qeyri-neft sektoruna dövlət tərəfindən
qoyulan ən böyük investisiyalardan biridir. Bu zavodun fəaliyyəti nəticəsində
Bakının ekoloji vəziyyəti böyük dərəcədə
yaxşılaşdırılacaqdır. İnsanların
sağlamlığına çox böyük töhfə
olacaqdır. Xarici əməkdaşlıq
baxımından bu zavod da çox böyük əhəmiyyətə
malikdir. Bir daha qeyd etmək istəyirəm
ki, bu sahədə aparıcı şirkət olan
"Cnim" şirkəti ilə biz uzunmüddətli əməkdaşlığa
başlamışıq. Eyni zamanda, bu zavod
Azərbaycan dövlətinin sosial siyasətini
açıq-aydın göstərir. Bu
sosial siyasəti bundan sonra da uğurla aparmaq üçün
bizim iqtisadi gücümüz olmalıdır.
Çünki mən qeyd etdim, həm İslam İnkişaf
Bankı öz maliyyə dəstəyini, Dünya Bankı
öz tövsiyələrini verdi, ancaq əsas
maliyyə yükü Azərbaycan büdcəsinin üzərinə
düşmüşdür. Yəni, iqtisadi
inkişaf elə olmalıdır ki, bundan sonrakı illərdə
də biz sosial məsələlərin həllinə bax belə
böyük dəstəyi verə bilək.
Mən bir daha əziz dostlar, sizi və bütün
Bakı sakinlərini bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik etmək istəyirəm. Bu zavodun
tikintisində iştirak etmiş bütün insanları təbrik
etmək, onlara öz minnətdarlığımı bildirmək
istəyirəm. Əminəm ki, xarici tərəfdaşlarla
əməkdaşlığımız bundan sonra da uğurla
davam etdiriləcəkdir.
Sağ
olun.
* * *
Fransanın
"Cnim" şirkətinin idarə heyətinin sədri
Nikolya DMİTRİEF çıxış edərək dedi:
- Cənab
Prezident!
Cənab
nazir, xanımlar və cənablar!
Bu gün açdığınız tullantıların emalı zavodunun 2009-cu ilin noyabrında keçirilmiş təməlqoyma mərasimində bizimlə olmaq şərəfini bizə verdiniz. Azərbaycanın ətraf mühitinin qorunmasına xidmət edən, müasir texnologiyalarla işləyən zavodun beton və poladdan ibarət möhtəşəm binası strateji baxış və rəhbərliyinizin sayəsində başa çatdırılmışdır. Onun istismarı üçün mühəndis-texniklər və sadə işçilərdən ibarət heyət yorulmadan çalışır. Bu zavodda olan hər bir künclük, hər bir detal, hər bir maşın və avadanlıq keyfiyyət və əməkdaşlıq gücünün təzahürüdür və beynəlxalq heyət ümumi məqsəd uğrunda çalışmışdır. Məqsəd Azərbaycanın, Sizin başladığınız davamlı inkişaf siyasətinə əlavə mühüm töhfə verməkdir.
Cənab Prezident, mən 2009-cu ilin noyabr ayını çox yaxşı xatırlayıram. Sizin tövsiyələrinizi, ekologiya ilə bağlı siyasətinizi də xatırlayıram. Siz bu işinizi ilbəil davam etdirdiniz. Sizin burada olmağınızın özü bu zavod üçün böyük rəmzi əhəmiyyət daşıyır. Qeyd etmək istəyirəm ki, əslində bizim şirkət 150 ildir ki, fəaliyyət göstərir. Lakin məhz belə yeni müəssisələrin yaradılması əsasən son 50 ildə baş tutmuşdur.
Cənab Prezident, biz bu zavod ilə həqiqətən fəxr edə bilərik.
Cənab Prezident, bizə göstərdiyiniz etimada görə Sizə təşəkkürümü bildirirəm. Çox fərəhlənirəm ki, biz Sizin ölkənin davamlı inkişafına kömək edirik.
Çox sağ olun, cənab Prezident!
AzərTAc
Azərbaycan.-2012.- 20 dekabr.- S.2.