Azərbaycan Milli Elmlər
Akademiyasının Gəncə
Bölməsinin
təsis edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması məqsədilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyasının bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qurumları əhatə edən Gəncə Bölməsi təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş bölmənin tərkibinə daxil edilmək məqsədi ilə Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun yaradılmasını təmin etsin;
2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 19 dekabr.- S.3.