GUAM-ın dünyada nüfuzu getdikcə artır

 

Dekabrın 19-da  Milli Məclisin Sədri Oqtay Əsədov GUAM PA-nın Bakıda  keçirilən  beşinci iclasında  iştirak etmək üçün Bakıya gəlmiş təşkilata  üzv ölkələrin parlament  nümayəndə  heyətlərinin rəhbərləri ilə görüşdü.

GUAM-a  üzv olan ölkələr arasında  əlaqələrin  həm ikitərəfli, həm də  təşkilat çərçivəsində inkişaf  etdiyini bildirən Oqtay Əsədov bildirdi ki, Assambleyanın beşinci sessiyası qarşılıqlı əməkdaşlığıın daha da  genişlənməsinə xidmət edir.  Milli Məclisin Sədri  diqqətə çatdırdı ki, GUAM-ın  dünyada  nüfuzu  getdikcə artır, mövqeyi daha da möhkəmlənir.  Bakıda keçirilən V iclasda Avropanın   beş  aparıcı  təşkilatının iştirak etməsi, iki gün əvvəl BMT ilə GUAM arasında əməkdaşlığa  dair  sənədin imzalanması buna  parlaq misaldır: "Düşünürəm ki, bizim  beynəlxalq  tərəfdaşlarımızın sayı daha da artacaq  qarşıya qoyduğumuz  məqsədlərə nail olacağıq".

 GUAM-ın  baş katibi Valeri Çeçelaşvili  Bakıda keçirilən tədbirin  yüksək səviyyədə  təşkilinə  görə  nümayəndə heyətləri adından minnətdarlığını  bildirdi. O qeyd etdi ki,  bu  cür  tədbirlər qarşıya qoyulan məqsədlərə çatmaq, ölkələrin qarşılaşdığı problemlərin həlli, eləcə də  əməkdaşlığın  daha da genişləndirilməsi baxımından  çox əhəmiyyətlidir. Onun sözlərinə görə, təşkilata üzv olan ölkələr GUAM  çərçivəsində  çox  sıx əməkdaşlıq edirlər.  Azərbaycanın təşkilata  rəhbərliyi  dövründə əldə olunan nailiyyətləri yüksək qiymətləndirən baş katib dedi ki, bu dövrdə bir çox  beynəlxalq  təşkilatların GUAM-la əməkdaşlıq  etməsi  beynəlxalq  aləmdə təşkilatın nüfuzunun  artmasına və mövqelərinin möhkəmlənməsinə  xidmət  edir.

Görüşdə GUAM-a üzv olan ölkələr, eləcə də tərəfdaş dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri  və qarşılıqlı maraq  doğuran məsələlər ətrafında  fikir  mübadiləsi  aparıldı.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2012.- 20 dekabr.- S.3.