Bakıda GUAM Parlament Assambleyasının beşinci

 iclası öz işinə başlamışdır

 

Dekabrın 19-da Bakıda GUAM Parlament Assambleyasının beşinci iclası öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, əvvəlcə GUAM PA-nın büro iclası keçirilmişdir.

Sonra GUAM PA-da təmsil olunan üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə Assambleyanın iclası olmuşdur.

GUAM PA-nın sədri, Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov iclası açaraq qonaqlara demişdir ki, iki gün davam edəcək tədbirdə quruma üzv olan Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament Ölçüsünün, Vişeqrad qrupu ölkələrinin və TürkPA-nın nümayəndələri qonaq qismində iştirak edəcəklər. İnanırıq ki, beşinci iclas gələcək fəaliyyətimizin inkişafında və əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Bildirilmişdir ki, son bir neçə ildə GUAM-ın beynəlxalq arenada nüfuzu xeyli yüksəlmiş, regiondadünyada gedən proseslərdə rolu əhəmiyyətli dərəcədə artmışdır. GUAM çərçivəsində təkcə üzv ölkələrlə deyil, bir sıra digər dövlətlərlə də əlaqələr genişlənmiş və möhkəmlənmişdir. Səmərəli əməkdaşlığımız nəticəsində deputatlarımız xalqlarımızı narahat edən məsələləri beynəlxalq təşkilatların yüksək tribunalarından dünya ictimaiyyətinin diqqətinə çatdırmışlar.

GUAM-a üzv ölkələrin qarşılaşdıqları problemlər, xüsusən də regional münaqişələr barədə ətraflı məlumat verən E.Məmmədov demişdir ki, bu məsələlərin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhdiddir. Ona görə də Qərb dövlətləri Ermənistana təzyiqləri artırmalıdırlar ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapsın. Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağdanona bitişik digər rayonlardan didərgin düşmüş azərbaycanlılar öz doğma torpaqlarına qayıtmalıdırlar.

GUAM-ın baş katibi Valeri Çeçelaşvili çıxış etmiş, tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir. O, Azərbaycanın GUAM PA-ya rəhbərliyini yüksək dəyərləndirmiş, təşkilatın bundan sonrakı fəaliyyətinin səmərəli olacağına, müzakirə olunan məsələlərin, qəbul olunacaq qərarların dövlətlərimizin və xalqlarımızın milli mənafeyinə xidmət edəcəyinə əminliyini bildirmişdir.

Toplantıda V iclasın gündəliyi və digər məsələlər müzakirə olunmuşdur.

Daha sonra iclas geniş tərkibdə işini davam etdirmişdir.

Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov qonaqları salamlamış, tədbir iştirakçılarına uğurlar arzulamışdır.

Qeyd etmişdir ki, GUAM PA-nın iclası Azərbaycanda ilk dəfə keçirilsə də, qonaqların sayı və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı baxımından qurumun tarixində ən geniş tərkibli toplantısıdır. Bu, onu göstərir ki, GUAM-ın beynəlxalq aləmdə nüfuzu getdikcə artır.

Bildirilmişdir ki, hazırkı inteqrasiya dövründə dünya ölkələrindəki, o cümlədən GUAM regionundakı bir çox siyasi, iqtisadi, ekoloji problemləri yalnız birgə səylər nəticəsində həll etmək olar. Ölkələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlərə ümumi baxışın və yanaşmanın mövcudluğu əməkdaşlığımızın möhkəm təməllər üzərində qurulmasını şərtləndirir. GUAM-ın yaratdığı əməkdaşlıq imkanları regionun zəngin təbii ehtiyatlarından, nəqliyyat imkanlarından və intellektual potensialından səmərəli istifadəyə imkan yaradır. Cənubi Qafqazda həyata keçirilən transmilli iqtisadi layihələr Avropanın enerji təhlükəsizliyi arxitekturasının mühüm elementlərinə çevrilməkdədir. GUAM təşkilatı regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində getdikcə daha vacib rol oynayır. BMT-nin Baş Məclisinə təqdim edilmiş "BMT və GUAM arasında əməkdaşlıq" adlı qətnamə layihəsinin dekabrın 17-də yekdilliklə qəbul edilməsi bunun bariz təcəssümüdür.

Sonra Ziyafət Əsgərov müasir dünyada parlament diplomatiyasının əhəmiyyətindən söz açmış və demişdir ki, parlament diplomatiyası ənənəvi diplomatiya mexanizmlərini tamamlayıb zənginləşdirir, dövlətlərarası məsələlərin həllinə, sivilizasiyaların dialoqu üçün maneələrin aradan qaldırılmasına sanballı töhfələr verir. Bu baxımdan Azərbaycanın Milli Məclisi GUAM PA-nın fəaliyyətini yüksək dəyərləndirir.  

Milli Məclis sədrinin  birinci müavini çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuş, GUAM-a üzv ölkələrin dövlət başçılarının və xarici işlər nazirlərinin bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsini təqdirəlayiq hal kimi dəyərləndirmişdir.

Sonra Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov GUAM-la bağlı fikirlərini bölüşmüş, müasir dünya siyasətində bu qurumun oynadığı roldan, GUAM-ın beynəlxalq nüfuzunun artmasından, regional institut kimi öz fəaliyyətində yeni mərhələyə qədəm qoymasından ətraflı söhbət açmışdır. Nazir müavini GUAM-ın beynəlxalq təşkilatlarla mövcud əməkdaşlığını, eləcə də ABŞ və Yaponiyanın təşkilata marağının artmasını yüksək qiymətləndirmişdir.

A.Əzimov GUAM-a üzv ölkələr arasında azad ticarət zonasının, turizmin, enerji, xüsusən də alternativ enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.  

GUAM-ın baş katibi Valeri Çeçelaşvili GUAM PA-nın xətti ilə həyata keçirilən işlərdən danışmış, tədbirin yüksək səviyyədə təşkilinə görə iştirakçılar adından minnətdarlığını bildirmişdir. Baş katib Bakıya hər gəlişində müşahidə etdiyi tərəqqidən məmnunluqla danışmışdır.

GUAM PA-nın sədri, Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədovun moderatorluğu ilə davam edən iclasda Gürcüstanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Zurab Abaşidze çıxış etmişdir. O demişdir ki, Gürcüstanın GUAM-a sədrliyi dövründə quruma üzv ölkələr arasında əlaqələrin inkişafı, demokratiyanın, insan hüquqlarının dəstəklənməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, regional münaqişələrin həlli, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq və s. məsələlər diqqət mərkəzində olacaqdır.

Tədbirə qatılan Moldovanın GUAM-dakı parlament nümayəndə heyətinin rəhbəri Anatolie Dimitriu tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdemişdir ki, GUAM-ın Avropaya inteqrasiyası qarşıda duran əsas məqsədlərdən biridir. Əminik ki, bu cür tədbirlər qarşıya qoyduğumuz məqsədlərə çatmaqda mühüm rol oynayacaqdır.

Benilüks Parlament Assambleyasının sədri Jak Biskop, Baltik Assambleyasının vitse-prezidenti Raymonds Veyonis, Bolqarıstan Milli Assambleyası sədrinin müavini, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament Ölçüsü nümayəndə heyətinin rəhbəri Giorgi Pirinski,  Polşa Seymi sədrinin müavini, Vişeqrad qrupu ölkələri nümayəndə heyətinin rəhbəri Cezary Grabarczyk tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, tədbirin belə yüksək səviyyədə təşkili Azərbaycanın həm ikitərəfli, həm də üzv olduğu beynəlxalq təşkilatlar arasında əlaqələrin inkişafındakı marağının göstəricisidir.

Bildirilmişdir ki, bu gün istər sosial-iqtisadi, istər səhiyyə və mədəniyyət, istərsə də idmanturizm sahələrində maraqlı və faydalı layihələrin reallaşdırılması üçün təşkilatlarımızın kifayət qədər potensialı vardır. Parlament qurumları arasında yaranmış səmimi və qarşılıqlı faydalı münasibətlər regionlarımızı birləşdirən və xalqlarımızı daha da yaxınlaşdıran körpü rolunu oynaya bilər.

İclasda "GUAM-a üzv dövlətlərin Avropaya inteqrasiya prosesləri: Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq", "Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində çoxtərəfli parlamentlərarası əməkdaşlığın rolu", "Regionlararası əməkdaşlığın inkişaf etdirilməsində regional və beynəlxalq parlament təşkilatlarının rolu", "GUAM regionunun enerji potensialı və GUAM-a üzv dövlətlərin Avropanın enerji təhlükəsizliyində iştirakı" və s. mövzularda məruzələr dinlənilmiş, müzakirələr olmuşdur.

İclas işini dekabrın 20-də davam etdirəcəkdir.

 

 AzərTAc

Azərbaycan.-2012.- 20 dekabr.- S.3.