«Dövlət və din:
dəyişən dünyada
tolerantlığın gücləndirilməsi»
mövzusunda birinci Beynəlxalq
Bakı Forumu işə başlamışdır
Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun birgə təşkilatçılığı ilə "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi" mövzusunda birinci Beynəlxalq Bakı Forumu işə başlamışdır.
AzərTAc xəbər verir ki, Türkiyə, Misir, İran, İordaniya, Malayziya, Küveyt kimi müsəlman ölkələri ilə yanaşı, İngiltərə, Fransa, ABŞ və Rusiyadan din siyasəti ilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların, din xadimləri və mütəxəssislərin iştirak etdikləri tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmışdır.
Sonra "Azərbaycan-tolerantlıq diyarı" qısametrajlı filmi nümayiş olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin foruma təbrik məktubunu oxumuşdur (Prezidentin təbrik məktubunun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Tədbirdə DQİDK-nın sədri Elşad İsgəndərov çıxış edərək bildirmişdir ki, BMT, İSESCO və Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən forumda dünyanın bir çox ölkələrindən 50-dək nümayəndə iştirak edir. İki gün davam edəcək forum əsasən məsləhətləşmə və müzakirə xarakteri daşıyacaqdır.
Azərbaycanın belə bir mötəbər tədbirin keçirilməsi üçün ideal məkan olduğunu diqqətə çatdıran E.İsgəndərov demişdir ki, ölkəmizdə əsrlər boyu davam edən tolerantlıq, dinlərarası qarşılıqlı anlaşma buna əsas yaradır. Azərbaycan yeganə ölkədir ki, burada tarixən bütün dinlər üçün münbit şərait yaradılmışdır. Hazırda Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olması Prezident İlham Əliyevin həmin sahəyə xüsusi diqqət və qayğısının nəticəsidir. E.İsgəndərov müasir dünyada gedən proseslərin fonunda bu cür qarşılıqlı anlaşma və tolerantlıq mühitinin formalaşdırılmasının böyük əhəmiyyətini vurğulamışdır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda tolerantlıq imkanlarının dəyərləndirilməsi baxımından forumun əhəmiyyətini qeyd etmişdir. Hazırda ölkəmizdə bütün dinlərin nümayəndələrinin dini ayinlərini azad şəkildə icra etdiklərini diqqətə çatdıran A.Paşazadə bunun nümunəvi tolerantlıq modeli olduğunu vurğulamışdır. Son illər ölkəmizdə sürətli iqtisadi-siyasi inkişafla yanaşı, dini yerlərin, məscidlərin bərpası və tikintisi də genişlənmişdir.
Azərbaycanda tolerantlığın əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çarpdıran A.Paşazadə bildirmişdir ki, hazırda Prezident İlham Əliyev ulu öndərin bu müdrik və uzaqgörən siyasətini uğurla davam etdirir. Tolerantlıq və qarşılıqlı ehtiram bizim gündəlik həyat tərzimizdir. Azərbaycanda tolerantlıq ənənələrinin davam etdirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmuşdur. Forumun öz məqsədlərinə nail olacağına əminliyini söyləyən A.Paşazadə onun işinə uğurlar arzulamışdır.
Tədbirdə Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri Mehmet Görməz qloballaşan və dəyişən dünyada tolerantlığın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, bəşəriyyət hazırda tarixən heç vaxt üzləşmədiyi çətin sınaqlar dövrünü yaşayır. Teologiyanın və sosial siyasətin önəmli məsələlərindən biri dini tolerantlıqdır. Mehriban münasibətlərin və tolerantlığın bərqərar olması üçün insanlar arasında yeni düşüncənin formalaşdırılmasının vacibliyini vurğulayan M.Görməz qeyd etmişdir ki, dini tolerantlığın hökm sürdüyü yerlərdə həyat bütün insanlar üçün rahat və firavan olacaqdır.
İran İslam Respublikası Prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Mohəmməd Baqir Xürrəmşad din və dövlət arasında əlaqələrdən, tolerantlığın əhəmiyyətindən danışmışdır. Ədalətlilik, xeyirxahlıq, bir-birini başa düşmək prinsiplərinin bəşəriyyət tərəfindən daha çox qəbul edilən anlayışlar olduğunu vurğulayan M.Xürrəmşad bildirmişdir ki, hazırda birgəyaşayışın ən yaxşı üsulu dinləri qəbul edərək tolerant yaşamaqdır. Müasir dövrdə insanların artan ehtiyacları, eyni zamanda, texnologiyanın yüksək səviyyədə inkişafı insanları bir-birləri ilə əlaqə yaratmağa, tolerantlığa sövq edən səbəblərdəndir.
Küveytin vəqflər və islam işləri nazirinin müavini Adel Abdullah əl-Fələh bildirmişdir ki, islam dini insanları mehribanlığa və bir-birləri ilə sülh şəraitində yaşamağa dəvət edir. Dinlər arasında ixtilafların danışıqlar yolu ilə həll olunması və xoş münasibətlərlə əvəz edilməsi islam dininin bizə tövsiyəsidir. Azərbaycan həmişə bütün dini problemlərdən, dini ixtilaflardan uzaq olmuşdur. Burada bütün dinlərin nümayəndələrinin daim mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşaması üçün əlverişli mühit yaradılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dini tolerantlıq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Biz buna görə Azərbaycan xalqına və dövlətinə minnətdarıq.
Adel Abdullah əl-Fələh vurğulamışdır ki, dinlərarası münasibətlərin tənzimlənməsində və mehriban birgəyaşayışın təmin edilməsində, qlobal problemlərin həllində Azərbaycan hər zaman öndə getmiş, bir çox ölkələrə nümunə olmuşdur.
Misir Ərəb Respublikası vəqflər nazirinin müavini Camal Abdul Səttar Məhəmməd islam dininin gözəlliklərindən, insanlara azadlıq, sülh və mehribanlıq şəraitində yaşamaq kimi üstünlüklər bəxş etməsindən danışmışdır. İnsanların rahat yaşaması üçün dialoqun vacibliyini vurğulayan misirli qonaq demişdir ki, dialoq insanlar arasında mehriban münasibətlərin parlaq təzahürü, birgə dinc yanaşı yaşayışı təmin edən amillərdəndir.
Dağıstan Respublikasının milli siyasət, din və xarici əlaqələr naziri Bekmurza Bekmurzayev bütün dünya dindarlarının bir araya toplanmasında Bakı Forumunun əhəmiyyətini qeyd etmişdir. İnsan azadlığı və hüquqlarının bütün ölkə ərazisində bərabər təmin olunmasının vacibliyindən danışan B.Bekmurzayev bu sahədə Dağıstanda həyata keçirilən proqramlardan söz açmışdır.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek bildirmişdir ki, müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunmuş forum dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsi istiqamətində atılmış mühüm addımlardandır.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatının və İSESCO-nun baş katiblərinin Forum iştirakçılarına təbrik məktubları oxunmuşdur.
Sonra DİQDK ilə Türkiyənin Diyanət İşləri İdarəsi və BMT arasında əməkdaşlığa dair müqavilələr imzalanmışdır.
Sənədləri E.İsgəndərov, M.Görməz və A.Broek imzalamışlar.
Daha sonra forum işini bölmə iclaslarında davam etdirmişdir.
Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru professor Əbdüləziz Berqutun sədrliyi ilə "Tolerantlıq: konsepsiya və ictimai baxış", İSESCO-nun mədəniyyət və kommunikasiya üzrə direktoru Mustafa Əhməd Əlinin sədrliyi ilə "Dövlət-din münasibətlərində müasir meyillər" mövzusunda iclaslarda Azərbaycan ilə yanaşı, müxtəlif ölkələrin din siyasəti ilə məşğul olan rəsmi şəxsləri, ilahiyyatçılar, dinşünaslar və mütəxəssislər məruzələrlə çıxış etmişlər.
Birinci Beynəlxalq Bakı Forumu işini dekabrın 20-də "Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli", "Tolerantlıq və ifadə azadlığı", "Universal dialoq axtarışında" mövzusunda bölmə iclasları ilə davam etdirəcəkdir.
Forumun
bağlanış mərasimində "Bakı
platforması"nın qəbul olunacağı gözlənilir.
AzərTAc
Azərbaycan.-2012.- 20 dekabr.- S.4.