Azərbaycan-Rusiya mədəni əlaqələri uğurla inkişaf edir

 

"Bakı və Həştərxan dostluğu" abidəsinin təməlinin

 qoyulması bunun ən böyük nümunəsidir

 

 Dünən Bakının Nərimanov rayonunda "Bakı və Həştərxan dostluğu" abidəsinin təməlqoyma mərasimi keçirilmişdir. Tədbirdə  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev  və digər rəsmi şəxslər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dedi ki, Həştərxan Rusiyanın qabaqcıl regionlarındandır və bu region Azərbaycanla sıx iqtisadi əməkdaşlıq edir. Nərimanov rayonu ilə Həştərxan vilayəti arasında iqtisadi-siyasi və mədəni sahədə dostluq əlaqələri var. Bu münasibətlərin bariz nümunəsi kimi, Həştərxan vilayətinin mərkəzində yerləşən parkda nümunəvi abadlıq işləri aparılaraq ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmışdır. Bütün görülən işlər ilk növbədə, Azərbaycanla Rusiya arasındakı dostluğu möhkəmləndirir, iki xalqı daha da yaxınlaşdırır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə bildirmişdir ki, Azərbaycan ilə Rusiya arasında  əsrlərdir ki, mehriban qonşuluq əlaqələri mövcuddur.  Hər iki dövlət son illər münasibətlərini daha da yaxşılaşdırmışdır. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 2001-ci ildə ölkəmizə rəsmi səfəri zamanı ulu öndər Heydər Əliyevlə apardığı danışıqların nəticəsində iki xalq arasındakı münasibətlərin gələcək inkişafının əsası qoyulmuşdur. 2010-cu ildə Həştərxanda ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmış, şəhərin Bakinski küçəsində 11 saylı ümumtəhsil məktəbinin binası yenidən bərpa olunmuş, piyadalar üçün keçid körpüsü tikilib istifadəyə verilmişdir. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz rolu olmuşdur. Bu gün Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan tədbirlərə ev sahibliyi edir, 2015-ci ildə isə ilk dəfə olaraq Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsi isə ölkəmizin etibarlı tərəfdaş olduğunu göstərir.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin isə bildirmişdir ki, Sovet İttifaqı dövründə Bakıya tez-tez gələrək buradakı dostları ilə görüşürmüş: "Həmişə azərbaycanlıların qonaqpərvərliyinin şahidi olmuşam. Qeyd etmək istərdim ki, Azərbaycanla Həştərxan vilayəti arasındakı iqtisadi əlaqələrin əsası XIX əsrin əvvəllərində qoyulmuşdur. Həmin dövrdən başlayaraq bu proses dostluqmehriban qonşuluq əlaqələrinə çevrilmişdir. Bu gün biz bu münasibətləri daha da yaxınlaşdırmalıyıq. Ölkənizlə vilayətimiz  arasındakı qarşılıqlı ticarət dövriyyəsi ötən ilə nisbətən 35 faiz artmışdır ki, bu da iqtisadi münasibətlərimizdəki irəliləyişin göstəricisidir".

A.Jilkov onu da vurğulamışdır ki, Həştərxan vilayətində azərbaycanlıların çoxsaylı diasporu vardır. Onlar  həmişə öz intellektual səviyyələri, vətəndaş mövqeləri ilə seçilmişlər. Bakıdakı möhtəşəm parkda dostluq abidəsinin ucaldılması isə paytaxtınız ilə Həştərxan arasında  münasibətlərin növbəti inkişaf mərhələsinə qədəm qoymasını söyləməyə əsas verir.

Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin xatirə müraciətini imzalamışlar. Müraciət gilizə yerləşdirilərək "Bakı və Həştərxan dostluğu" abidəsinin təməlinə atılmışdır.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2012.- 20 dekabr.- S.4.