«İlham Əliyev- 8 il hakimiyyətdə» kitabının təqdimatı keçirilmişdir

 

Dekabrın 19-da Sumqayıt Tarix Muzeyində "İlham Əliyev - 8 il hakimiyyətdə" kitabının ingilis dili variantının təqdimatı keçirildi. Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri A.İmaməliyev tədbiri açaraq bildirdi ki, ötən ilin sonlarında keçirilən "İlham Əliyev - 8 il hakimiyyətdə" adlı elmi-praktik konfransın materialları kitab halında çap edilib. İndi həmin kitab ingilis dilində nəşr edilib.

 "Neftqazavtomat" Elm İstehsalat Birliyinin direktoru Ə.Əmirov kitabın ingilis dilində nəşrinin mühüm əhəmiyyət kəsb etdiyini dedi.  Milli Məclisin deputatı Elmira Axundova kitabın ingilis dilində nəşrinin təqdirəlayiq hal olduğunu qeyd etdi. Əmin olduğunu bildirdi ki, bu kitab dünya kitabxanalarında ən çox oxunan vəsaitlərdən biri olacaq. Milli Məclisin deputatı Musa Qasımlı isə ölkəmizin uğurlarından söz açdı. Qeyd etdi Azərbaycanın mötəbər siyasi, iqtisadi, humanitar, mədəniyyət və idman tədbirlərinə ev sahibliyi etməsi ölkəmizin yüksəlişinin təsdiqidir. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının professoru Musa Quluzadənin sözlərinə görə, 5 min il tarixi olan Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrini ümummilli lider Heydər Əliyev və onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev yazmışlar. Müstəqillik dövrünü şərəflə yaşayan ölkəmizdə əldə edilən nailiyyətlərin fövqündə hər iki siyasətçinin zəkası dayanır.

Ölkəmizin inkişafından söz açan Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərin xronologiyası mühüm siyasi, sosial-iqtisadi uğurlarla çox zəngindir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, TANAP layihəsinin həyata keçirilməsinə başlanması təkcə bu ilin möhtəşəm uğurlarıdır.

Bəxtiyar Sadıqovun sözlərinə görə, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində bütün respublikamız sürətlə inkişaf edir. Bu barədə kitablar yazılmalı, xarici dillərə tərcümə edilməlidir. Bu gün təqdimatına toplaşdığımız kitab da dünyanın Azərbaycanı daha yaxından tanıması baxımından olduqca dəyərli vəsaitdir.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, Prezident İlham Əliyevin fəaliyyətinin hər günü ölkə həyatında mühüm hadisədir. Cənab İlham Əliyevin respublikaya rəhbərlik illəri tam mənada bütöv bir epoxadır. Dövlət başçısı ölkəmizin dünya birliyinə inteqrasiyasını genişləndirərək qətiyyətli və ardıcıl siyasət yürüdür. Bu gün Azərbaycan dünyada sayılıb-seçilən qüdrətli, öz sözünü deyən sabit dövlət kimi tanınır. Bütün bunlar ölkə başçısının yürütdüyü siyasətin nəticəsidir.

Son illər ölkəmizin sürətli inkişafı Sumqayıtın da timsalında açıq-aydın görünməkdədir.  Aparılan yenidənqurma və abadlıq işləri Sumqayıta yeni həyat gətirib. Abadlıq işləri nəticəsində Sumqayıtın siması dəyişib. Bakı standartlarına yaxınlaşan Sumqayıt, sözün həqiqi mənasında, xarüqələr diyarına, inkişaf beşiyinə çevrilib. Sakinlərin sosial rifah halı kökündən dəyişib.

Eldar Əzizov qeyd etdi ki, Azərbaycanın tərəqqisi ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş respublikamızın inkişaf strategiyasının təntənəsidir. Yüksək dinamizmə əsaslanan bu tərəqqinin diqqəti çəkən əsas tərəfi Azərbaycanının yeni və möhtəşəm nailiyyətləri sayəsində getdikcə daha qüdrətli dövlətə çevrilməsidir. Bunun nəticəsidir ki, beynəlxalq hüququn daha güclü müstəqil subyekti qismində çıxış edən dövlətimizin mövqe və maraqları regional xarakterli proseslərin inkişaf axarında mütləq nəzərə alınır və Azərbaycanla razılaşdırılır. Bu gün Cənubi Qafqazda həyata keçrilən və gələcəkdə keçrilməsi nəzərdə tutulan istənilən transmilli layihə ölkəmizin iştirak və razılığı  olmadan reallaşdırıla bilməz.

Yaşanan sürətli tərəqqi hər bir ölkə vətəndaşının həyatında özünü bariz formada əks etdirir, insanların maddi rifah halı yüksələn xətt üzrə inkişaf edir. Özünəməxsus uğurlu inkişaf modelinin yaradıldığı Azərbaycanda yaşanan  tərəqqinin dinamik və davamlı xarakter daşıması bu inkişafın kifayət qədər möhkəm özüllər üzərində qurulmasından xəbər verir. Ölkəmizin dinamik tərəqqisi Prezident İlham Əliyev tərəfindən zənginləşdirilən və Azərbaycanı liderlər cərgəsinə yüksəldən inkişaf strategiyasının nə dərəcədə doğru olduğunu, kifayət qədər uzaqgörənliklə müəyyənləşdirildiyini əyani olaraq sübuta yetirir.

"Şərq-Qərb" nəşriyyatında Sumqayıt İcra Hakimiyyətinin və YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə ingilis dilində çapdan çıxmış  "İlham Əliyev- 8 il hakimiyyətdə" kitabı toplantı iştirakçılarına paylandı.

 

 

Akif ƏLİYEV

Azərbaycan.-2012.- 20 dekabr.- S.5.