Kosmik Məsələlər üzrə Şuranın növbəti toplantısı keçirilmişdir

 

Dekabrın 19-da Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti - üçüncü iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda şuranın sədri, akademik Arif Paşayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və digər qurumların nümayəndələri, Azərbaycanın Kosmik Proqramının məsləhətçisi, akademik Roald Saqdeyev  iştirak etmişlər.

Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev iştirakçıları salamlayaraq kosmik sənayenin yaradılmasının və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının respublika üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmiş, bu istiqamətdə aparılan işlərə dair öz fikirlərini bildirmişdir.

"Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icra vəziyyəti, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması, orbital mövqelərin qeydiyyatı və koordinasiyası üzrə aparılan işlər barədə geniş məlumat vermiş, kommunikasiya peykinin artıq orbitə çıxarılması üçün tam hazır vəziyyətə gətirildiyini qeyd etmiş və aşağı orbitli peyk sistemlərinin yaradılması ilə bağlı hesabat vermişdir.

Azərbaycan Diplomatik Akademiyasının məzunu Taleh Ziyadov "Azərbaycan Avrasiyada nəqliyyat və loqistika mərkəzi kimi" mövzusunda çıxış edərək, ölkənin qeyri-neft sektorunun, o cümlədən nəqliyyat və informasiya texnologiyalarının inkişafını vurğulamış, gələcəkdə Azərbaycanın regionalqlobal nəqliyyat mərkəzinə çevrilə biləcəyi ilə bağlı araşdırmanı təqdim etmişdir.

Çıxış və müzakirələrdən sonra şuranın sədri, akademik Arif Paşayev növbəti iclasda müzakirə olunacaq məsələlərlə bağlı fikir və tövsiyələrini bildirmişdir.

Sonda toplantı iştirakçıları anadan olmasının 80 illiyi və Azərbaycanın beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə respublika Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunması münasibətilə akademik Roald Saqdeyevi təbrik etmişlər.

 

Azərbaycan.-2012.- 20 dekabr.- S.5.