Azərbaycan Milli
Qeyri-Hökumət Təşkilatları
Forumunun VIII qurultayı keçirilmişdir
Dekabrın 19-da "Kempinski Badamdar" hotelində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) VIII qurultayı keçirilmişdir.
AzərTAc xəbər verir ki, dövlət himninin səsləndirilməsindən sonra qurultayın rəhbər orqanlarının - sədarətin, say, mandat və redaksiya komissiyalarının, katibliyin tərkibi seçilmiş, gündəlik təsdiq edilmişdir.
Sonra MQF-nin prezidenti Rauf Zeyninin hesabat məruzəsi dinlənilmişdir.
Təşkilatın ötən müddətdə
fəaliyyətindən danışan
R.Zeyni 1999-cu ildə yaradılan qurumun fəaliyyətinin uğurlu
olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, hazırda sıralarında
601 üzvü birləşdirən
forumun 66 rayonda əlaqələndirmə, 5 rayonda
isə resurs və təlim mərkəzləri fəaliyyət
göstərir. MQF QHT-lərin fəaliyyətinin
əlaqələndirilməsi və əməkdaşlıq
baxımından əhəmiyyətli
rol oynadığını
dəfələrlə nümayiş
etdirmiş, dövlət
orqanlarının, beynəlxalq
təşkilatların və
bələdiyyələrin etibarlı tərəfdaşına
çevrilmişdir. Beynəlxalq arenada
da fəaliyyətini genişləndirən MQF bir
çox nüfuzlu təşkilatlarda uğurla
təmsil olunur.
Ölkəmizdə vətəndaş cəmiyyətinin
inkişafı üçün
əlverişli mühitin
yaradıldığını vurğulayan R.Zeyni Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının
İnkişafına Dövlət
Dəstəyi Şurasının
yaradılmasını dövlətin
bu sahəyə olan diqqət və qayğısının
təzahürü kimi
qiymətləndirmişdir. Hazırda Azərbaycanda vətəndaş
cəmiyyəti qurumları
ölkəmizin inkişafına
mühüm töhfə
verirlər. MQF Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi nəticəsində
torpaqlarımızın 20 faizinin
hələ də işğal altında qalmasına göz yuman beynəlxalq
təşkilatlara dəfələrlə
kəskin etiraz etmişdir. Forum müstəqil,
qüdrətli, demokratik
Azərbaycan uğrunda
fəaliyyətini bundan
sonra da uğurla davam etdirəcəkdir.
Sonra qurumun idarə heyətinin sədri Aydın Kərimovun və nəzarət-təftiş komissiyasının
sədri Ceyhun Hacıbəyovun hesabatları
dinlənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarının İnkişafına Dövlət
Dəstəyi Şurasının
sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxışında
qurumun respublikamızın
ictimai-siyasi həyatında
və ölkəmizdə
vətəndaş cəmiyyətinin
inkişafında özünəməxsus
rol oynadığını
vurğulamışdır. Bildirilmişdir ki, QHT-lərlə
hökumət arasında
körpü rolunu oynayan forum QHT-lərin fəaliyyətinin əlaqələndirilməsində
mühüm vəzifəni
yerinə yetirir.
Bildirilmişdir ki, vətəndaş
cəmiyyətinin inkişafına
xüsusi diqqət yetirən Azərbaycan hökuməti həyata keçirilən bütün
layihələrə QHT-lərin
də cəlb edilməsinə çalışır.
Prezident
Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin
müdir müavini Tahir Süleymanov qurultay iştirakçılarına
təbriklərini çatdırmış,
Azərbaycanın müstəqilliyinin
bərpasından ötən
21 il ərzində
ölkəmizdə vətəndaş
cəmiyyətinin inkişaf
etdiyini vurğulamışdır.
Bu gün Azərbaycanda
vətəndaş cəmiyyətinin
bütün təsisatlarının
mövcud olduğunu bildirən T.Süleymanov respublikamızda onlarla siyasi partiyanın, yüzlərlə QHT-nin və KİV-lərin fəaliyyət göstərdiyini
bildirmişdir.
Qeyd olunmuşdur
ki, Azərbaycan dövləti ölkəmizdə
vətəndaş cəmiyyətinin
inkişafına xüsusi
diqqət göstərir. Belə
ki, 2007-ci ildə Qeyri-Hökumət Təşkilatlarının
İnkişafına Dövlət
Dəstəyi Konsepsiyasının
qəbul olunması, həmin ilin sonunda Qeyri-Hökumət Təşkilatlarının İnkişafına
Dövlət Dəstəyi
Şurasının, 2008-ci ildə
isə Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması, bu il "Siyasi partiyalar haqqında" Qanunun qəbul olunması ölkəmizdə
bu sahəyə dövlət tərəfindən
göstərilən diqqətin
təzahürüdür.
Prezident
Administrasiyasının rəsmisi
bildirmişdir ki, Azərbaycan hökuməti
ilə BMT İnkişaf
Proqramının müştərək
fəaliyyəti nəticəsində
yaranmış MQF ölkəmizin
ən böyük QHT
alyansı olaraq, respublikamızda vətəndaş
cəmiyyəti quruculuğuna,
ictimai sektorun inkişafına layiqli töhfələrini verməkdə
davam edir. Bu gün ölkəmizin
bütün rayonlarında
uğurla təmsil olunan forum yarandığı
gündən həm özəl sektor, həm də dövlətlə güclü
tərəfdaşlıq əlaqələri
yarada bilmişdir.
Hər zaman dövlətçilik
mövqeyindən çıxış
etməsi forumun ən təqdirəlayiq xüsusiyyətlərindən biridir.
T.Süleymanov belə koalisiyaların yaranmasını QHT sahəsində
sağlam rəqabətin
formalaşmasına, daha
güclü əməkdaşlıq
ruhunun təmin olunmasına kömək etdiyini vurğulamışdır.
Milli Məclisin
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli hazırda ölkəmizdə
üç mindən çox QHT-nin fəaliyyət göstərdiyini
vurğulamışdır. H.Rəcəbli "Sosial xidmət haqqında" Qanunda QHT-lərə sosial xidmət sahəsində iştirak etmək hüququnun verilməsini əlamətdar hadisə kimi qiymətləndirmişdir.
Qeyd edilmişdir ki, bu gün parlamentdə,
digər dövlət
qurumlarında QHT-lərin
nümayəndələrinin təmsil olunmasına xüsusi diqqət yetirilir.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
son illərdə QHT sektorunda
böyük işlərin
görüldüyünü diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, "Azərbaycan - 2020: Gələcəyə
baxış" İnkişaf
Konsepsiyasında qeyd olunmuş müxtəlif istiqamətlərdə QHT-lər
öz fəaliyyətlərini
gücləndirməli, geniş
iş aparmalı, ölkəmizin sürətli
inkişafının elmi
əsaslarının tədqiq
olunmasında yaxından
iştirak etməlidirlər.
Dövlət başçısının QHT-lərlə əməkdaşlığın
gücləndirilməsinin daim
diqqət mərkəzində
saxlanılmasının vacibliyini
dəfələrlə vurğuladığını
bildirən Z.Səmədzadə
QHT-lər ölkəmizin
gələcəyi ilə
bağlı konsepsiyaların,
proqramların hazırlanmasında
və həyata keçirilməsində fəal
olmalıdırlar. Bu gün Azərbaycan cəmiyyətində güclü
konsensus vardır və bu sabitliyi
heç bir qüvvə poza bilməz. İnkişafımızın əsas istiqamətləri
düzgün müəyyən
olunmuşdur və onun həyata keçirilməsində dövlət
qurumları ilə yanaşı, QHT-lər də mühüm rol oynamalıdır.
MQF-nin və ölkəmizdə
vətəndaş cəmiyyətinin
formalaşmasında və
inkişafında xidmətlərinə
görə Azay Quliyev, Baş nazirin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov plaketlərlə
təltif olunmuşlar.
Ölkəmizdə QHT-lərin inkişafında xidmətləri olan bir sıra şəxslərə,
qeyri-hökumət təşkilatlarına
fəxri fərmanlar təqdim olunmuşdur.
Sonra təşkilati
məsələyə baxılmış,
hesabatlar dinlənilmiş,
müzakirələr aparılmış,
MQF-nin rəhbər orqanlarına seçkilər
keçirilmişdir. Rauf Zeyni növbəti 4 illik müddətə forumun prezidenti, eləcə də 27 nəfərdən ibarət
idarə heyəti və 7 nəfərdən
ibarət nəzarət-təftiş
komissiyası seçilmişdir.
Sonda MQF-nin
VIII qurultayının iştirakçıları
adından Azərbaycan
Prezidenti İlham Əliyevə müraciət
qəbul edilmişdir.
Qurultayda
dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, QHT-lərin,
KİV-lərin rəhbərləri,
Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun təmsilçiləri
və s. iştirak etmişlər.
AzərTAc
Azərbaycan.-2012.- 20 dekabr.- S.5-6.