Dubayda Azərbaycan Respublikası
hökuməti və Birləşmiş Ərəb
Əmirlikləri hökuməti
arasında iqtisadi, ticarət və texniki
əməkdaşlıq üzrə
Birgə Hökumətlərarası Komissiyanın
4-cü iclası
keçirilmişdir
Dubayda Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilmişdir.
Tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Birləşmiş Ərəb Əmirlikləri tərəfdən iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mansurinin rəhbərlik etdiyi komissiyada bu ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunmuşdur.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda çıxış edən Sultan Bin Səid Əl-Mansuri ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulamış və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, son illər BƏƏ Azərbaycanın əsas iqtisadi tərəfdaşına çevrilmişdir. İki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə də turizm, nəqliyyat, təhsil, səhiyyə, tikinti və kənd təsərrüfatı sahələrində fəal əməkdaşlıq müşahidə edilir. Sultan Bin Səid Əl-Mansuri BƏƏ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsində özəl sektorun da əhəmiyyətli rol oynadığını vurğulamışdır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını vurğulamışdır. Beynəlxalq məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri bir-birinin mövqeyini daim dəstəkləyir. Azərbaycanlı nazir qeyd etmişdir ki, ötən ay Bakıda açılmış Dubay Ticarət və Sənaye Palatasının nümayəndəliyi qurumun xaricdə ilk nümayəndəliyi olmaqla, bütün MDB məkanını əhatə edəcəkdir. Palatanın ilk ofisinin məhz Azərbaycanda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən əhəmiyyətin daha bir göstəricisidir.
Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın 3-cü iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən nazir Ş.Mustafayev bildirmişdir ki, sənaye, maliyyə əməkdaşlığı, sərnişin və yük daşımaları, turizm və s. sahələrdə əməkdaşlıq uğurla davam etdirilmiş, bu sahələrdə bir sıra işlər görülmüşdür.
Nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat vermişdir. Qeyd edilmişdir ki, 20 il ərzində Azərbaycanda bütün sahələrdə böyük keyfiyyət dəyişiklikləri baş vermiş, ölkəmiz iqtisadi sahədə yüksək nəticələrə nail olmuşdur. 2004-2011-ci illərdə ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, sənaye istehsalı 2,7 dəfə, dövlət büdcəsinin gəlirləri 13 dəfə artmışdır. Hazırda ölkənin strateji valyuta ehtiyatları 44 milyard ABŞ dollarını ötərək xarici dövlət borcunu təxminən 10 dəfə üstələmişdir. Son 8 ildə ölkədə işsizlik səviyyəsi 1,8 dəfə, yoxsulluq səviyyəsi isə 5,9 dəfə azalmışdır. Müstəqillik illəri ərzində Azərbaycan iqtisadiyyatına 135 milyard ABŞ dollarından artıq investisiya qoyulmuşdur ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Xarici investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdən birini tutur.
İclasda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət-iqtisadi, investisiya, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, bankçılıq, mədəniyyət və turizm, təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.
İclas çərçivəsində, həmçinin "Azərbaycan-BƏƏ Biznes Şurasının yaradılması haqqında" Anlaşma Memorandumu imzalanmışdır.
İclasın
sonunda Azərbaycan Respublikası hökuməti və Birləşmiş
Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi,
ticarət və texniki əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyasının 4-cü
iclasının yekunlarına dair Protokol
imzalanmışdır. Sənədi Hökumətlərarası
Komissiyanın həmsədrləri - Azərbaycan
Respublikasının iqtisadi inkişaf naziri Ş.Mustafayev və Birləşmiş Ərəb
Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin
Səid Əl-Mansuri imzalamışlar. Sənəddə
hüquq-müqavilə bazasının genişləndirilməsi
istiqamətində müvafiq tədbirlərin
davam etdirilməsi, investisiya
əməkdaşlığı, o
cümlədən üçüncü
ölkələrə birgə investisiya
yatırmaq imkanlarının nəzərdən keçirilməsi,
iş adamları arasında əlaqələrin
inkişafı, texnoparkların, o
cümlədən yüksək texnologiyalar
parklarının fəaliyyəti üzrə əməkdaşlıq,
ali və texniki
peşə təhsili sahəsində əlaqələrin
genişləndirilməsi və s. məsələlər
nəzərdə tutulur.
Azərbaycan.-2012.- 20 dekabr.- S.6.