Ölkənin perspektiv inkişaf strategiyasında

 aqrar sektor əsas prioritetlərdəndir

 

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasına birinci dəfə rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) də aqrar sahəni iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirmiş və bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Onun bilavasitə rəhbərlik etdiyi və nəzarəti altında aparılan aqrar siyasət həmin vaxtlar çox qısa bir müddətdə öz müsbət nəticəsini göstərmişdir. Azərbaycan keçmiş İttifaqda geridə qalan primitiv aqrar respublikadan qabaqcıl aqrar-sənaye respublikası kimi ön sıraya çıxmış və daha yüksək inkişafa nail olmaq üçün möhkəm təməl yaratmışdır.

Həmin dövrdə aqrar bölmədə əsas diqqət bitkiçilik və heyvandarlıqda məhsuldarlığın yüksəldilməsinə, təsərrüfatların maddi-texniki bazasının möhkəmləndirilməsinə, emal müəssisələrinin tikintisinə və fəaliyyətinin genişləndirilməsinə, heyvandarlığın sənaye əsasında inkişafına, yeni texnika və texnologiyaların tətbiqinə, yüksək məhsuldar bitki sortları və heyvan cinslərinin yaradılmasına və istifadəsinin təşkilinə, kəndlərin sosial inkişafına və həlli vacib olan digər məsələlərə yönəldildi. Həyata keçirilən bu və ya başqa təşkilati tədbirlər nəticəsində ildən-ilə kənd təsərrüfatında əmək məhsuldarlığı yüksəlməyə başladı, istehsalın həcmi artmaqla respublikamız üzüm istehsalına görə İttifaqda birinci yerə, pambıq istehsalında isə üçüncü yerə yüksəldi.

Təəssüf ki, bu dinamik artım Heydər Əliyevin Azərbaycana rəhbərlikdən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə keçdikdən sonrakı dövrdə təmin edilmədi və hətta tənəzzül baş verdi.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə - 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ölkəyə rəhbərliyə başladıqdan sonra aqrar sahədə ciddi dönüş yaratmağın vacib olduğunu özünəməxsus uzaqgörənliklə müəyyən etdi. Bu məqsədlə ilk növbədə kənd təsərrüfatında mövcud olan tənəzzülün qarşısı alındı və yubanmadan aqrar islahatlara başlamaq qərarı verildi. Aqrar islahatların hüquqi bazasını yaratmaq üçün 1995-ci ildən başlayaraq "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edildi və Azərbaycan Respublikasının Prezidenti 10 yanvar 1997-ci il tarixli "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" fərman imzaladı. Yaradılan bu hüquqi baza əsasında respublikamızda analoqu olmayan aqrar islahat prosesi başladı və digər MDB-yə daxil olan respublikalarla müqayisədə çox qısa bir vaxtda sovxoz və kolxozlar ləğv olunaraq onların torpaqları və əmlakı pulsuz olaraq kəndlilərə paylandı. Ölkəmizdə torpaq islahatının bir üstün cəhəti də ondadır ki, başqa ölkələrdən fərqli olaraq torpaqların əhalinin xüsusi mülkiyyətinə verilməsini təsdiq edən hüquqi sənədlərin rəsmiləşdirilməsi də dövlətin hesabına aparılmış və bu proses də az bir müddətdə başa çatmışdır. Bununla da bazar iqtisadiyyatının əsas atributlarından olan torpaq üzərində xüsusi mülkiyyət hüququ formalaşmışdır.

Torpaqların xüsusi mülkiyyətə verilməsi aqrar siyasətin əsas istiqaməti olsa da, mövcud vəziyyət dərindən təhlil edilmiş və ölkə Prezidenti torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün bir sıra əlavə tədbirlər görmüşdür. Heydər Əliyevin 1999-cu ildə imzaladığı sərəncama əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına neft məhsullarının pərakəndə satışında güzəştlər verilməyə başlandı və 2001-ci ildən istehsalçılar torpaq vergisi istisna olmaqla digər vergilərdən azad oldular. Qeyd etmək lazımdır ki, bu dərəcədə güzəştlər MDB məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında tətbiq olunmuş və hazırda da davam edir.

Aqrar islahatın vaxtında həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışının bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən qurulması bu sahədə əsaslı dönüş yaratmış və Azərbaycan Respublikası MDB məkanında kənd təsərrüfatının ümumu məhsul istehsalının həcminə görə 1990-cı ilin səviyyəsini ötən ilk ölkə olmuşdur.

Əsası ümummilli lider Heydər Əliyevin irəli sürdüyü prinsiplərə uyğun qoyulan aqrar siyasət seçicilərin böyük əksəriyyətinin səsini qazanmaqla 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev tərəfindən müasir dövrün tələbləri nəzərə alınmaqla uğurla davam etdirilir. Prezidentliyinin ilk illərindən başlayaraq dövlətimizin rəhbəri aqrar sahəni ölkəmizin milli təhlükəsizliyinin tərkib hissəsi kimi qiymətləndirərək bu bölmənin davamlı inkişafına dair sistemli tədbirləri əhatə edən qərarlar qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin formalaşdırdığı aqrar siyasətin mahiyyətini rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etməklə daxili bazarı qorumaq və ekoloji təmiz məhsullarla xarici bazarlara çıxmaq, kənd təsərrüfatı ilə kənd yerlərinin tarazlı inkişafına nail olmaq təşkil edir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyini artırmaq, iri təsərrüfatların yaradılması, yeni texnika və texnologiyaların tətbiqi, toxumçuluğu və damazlıq heyvandarlığı inkişaf etdirmək, kooperasiya və inteqrasiya əlaqələrini genişləndirmək, kəndin sosial infrastrukturunun inkişafını təmin etmək və digər məsələlər prioritet istiqamətlər kimi müəyyən olunmuşdur.

Bazar iqtisadiyyatına keçidin aqrar sahənin bütün problemlərinin həllinə və ölkənin ərzaq təhlükəsizliyinə tam təminat vermədiyini nəzərə alaraq ölkə başçısı bu sahədə münasibətləri tənzimləmək üçün dövlətin müdaxiləsinin vacibliyini önə çıxarmışdır. Prezidentin imzaladığı qanun və sərəncamlarla kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi müddəti 2014-cü ilə kimi uzadılmışdır. 2007-ci ildən başlayaraq isə əkin sahəsinin hər hektarına 40 manat (buğda və çəltik sahələrinə isə əlavə olaraq 40 manat) subsidiya verilir, aqrolizinq yolu ilə mineral gübrələr və damazlıq heyvanlar güzəştli qiymətlərlə satılır, toxumçuluq təsərrüfatlarına dövlət büdcəsindən əlavə vəsait ödənilir, digər birbaşa və dolayı subsidiyalar və güzəştlər həyata keçirilir. Bütün bunların nəticəsidir ki, 1996-cı ildən indiyə kimi hər il kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmində dinamik artım təmin edilir və 2011-ci ildə ölkəmizdə 4,5 milyard manatlıq və ya 1995-ci ilə nisbətən 6,2 dəfə çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Son illər ölkə əhalisinin istehlak etdiyi heyvandarlıq və bitkiçilik məhsullarında yerli istehsalın payı xeyli artmış və adambaşına bu məhsulların istehlakı çoxalmışdır.

Bununla yanaşı hazırda kənd təsərrüfatının inkişafını kənd ərazilərinin sosial inkişafından kənar düşünmək qeyri-mümkündür. Hazırda ölkə əhalisinin 47,1 faizi və ya 4,3 milyonu kənddə yaşayır və məşğul əhalinin 37,9 faizi (1,6 milyon nəfər) kənd təsərrüfatında çalışır. Bu onu göstərir ki, ölkəmiz kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir və bundan səmərəli istifadə etmək lazımdır. Göstərilənləri nəzərə alaraq ölkə Prezidentinin sərəncamları ilə son illər regionların inkişafına dair iki dövlət proqramı qəbul edilmiş, müxtəlif dövlət və qeyri-dövlət maliyyə mənbələri hesabına kənd yerlərində təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sosial obyektlər tikilmiş və bu işlər davam etdirilir. Ölkə ərazisindəki bütün kəndlər elektrik enerjisi ilə tam təmin edilmiş və kəndlərin qazlaşdırılması yaxın illərdə başa çatdırılacaqdır. Kəndlərə asfalt yolların çəkilməsi sürətlə davam edir, rayon mərkəzləri, kəndlər su və kanalizasiya xətləri ilə təmin olunur.

Həyata keçirilən bu tədbirlər kəndlərdə yaşamaq və işləmək üçün geniş imkanlar yaratmaqla kənd ərazilərinin və kənd təsərrüfatının inkişafına böyük stimul və təkan verir.

Ölkəmizdə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindən biri də ölkə əhalisinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına maksimum dərəcədə ödənilməsidir. Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin yekun nitqində qeyd olunmuşdur ki, əsas ərzaq məhsullarının istehlakı 100 faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin olunmalı və başqa ölkələrdən ən çox asılı olduğumuz taxıl istehsalını maksimum dörd-beş il müddətində özümüzü tam təmin edəcək səviyyəyə çatdırmalıyıq. Bu məqsədlə hələ bir neçə il bundan əvvəl taxıl istehsalı ilə məşğul olacaq iri fermer təsərrüfatlarının yaradılması barədə Prezident müvafiq dövlət qurumlarına tapşırıqlar vermişdir. Artıq bu vəzifələr yerinə yetirilir. Ağcabədi və Beyləqan rayonlarında ümumi sahəsi beş min hektar olan iki iri fermer təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda buğdanın məhsuldarlığının ən azı 40-50 sentner olması nəzərdə tutulur. Yaxın üç-dörd ilə 40-50 belə təsərrüfat yaradılacadır ki, bu da taxıl istehsalında ölkəmizin müstəqilliyini tam təmin edəcəkdir. Yeni iri təsərrüfatların yaradılması, suvarma-meliorasiya layihələrinin icrası torpaqlardan səmərəli istifadə etməklə yanaşı yeni iş yerlərinin açılması, yerli istehsalın artımı, kənd təsərrüfatında yaranan əlavə dəyərin çoxalması, iqtisadiyyatın canlanmasını da təmin edəcəkdir.

İri təsərrüfatların yaradılmasında həyata keçirilməsi vacib olan tədbirlərdən biri də kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılmasıdır. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının uzun müddət bərqərar olduğu və inkişaf etdiyi Almaniya, İsveç, İtaliya, Fransa, Danimarka və digər ölkələrdə kənd təsərrüfatı məhsulları istehsalı və satışının 60-100 faizi kooperativlərin payına düşür. Kənd təsərrüfatı istehsal və istehlak kooperativlərinin yaradılmasının bir çox üstün cəhətləri - XXI əsrin tələblərinə uyğun yeni texnika və texnologiyaların tətbiqi üçün əlverişli şərait yaranması, istehsal edilən məhsulun itkisiz yığılması, son istehlak malına kimi emalının təşkili, kənd təsərrüfatı məhsullarının istehlakçılara vaxtında və yüksək keyfiyyətlə çatdırılması, yeni iş yerlərinin açılması, kənd təsərrüfatı mütəxəssislərinin ixtisasına uyğun işlə təmin edilməsi, kənd ərazilərində sosial infrastrukturun yaradılması və ekoloji tarazlığın bərpası və s. nəzərə alınaraq respublikamızda da bu məsələyə diqqət artırılmalıdır. Bunun üçün kooperativlərin təşkili və kooperasiya əlaqələrinin qurulmasında dövlətin dəstəyinə böyük ehtiyac vardır.

Ərzaq təhlükəsizliyi problemini həll etmək, kənd təsərrüfatı istehsalı ilə əlaqəli fəaliyyət göstərən təşkilatların (emal, maddi-texniki təchizat, aqroservis, kredit, sığorta, məhsulun tədarükü və satışı və s.) inhisarının qarşısını almaq, kənd ərazilərinin inkişafına təkan vermək, inflyasiyaya yol verməmək və rəqabətə davamlı məhsul istehsalı ilə qloballaşan dünya iqtisadiyyatına inteqrasiya olunmaq üçün kənd təsərrüfatı istehsalçılarının birgə fəaliyyətinə əsaslanan könüllü kooperasiya əlaqələrinin qurulması dövrümüzün mühüm tələblərindəndir. Müasir dünya praktikası sübut edir ki, kənd təsərrüfatının gələcək inkişafı əsasən kooperasiyanın üstünlüklərindən istifadə etməklə müəyyən ediləcək, ailə (kəndli) təsərrüfatları və kiçik kənd təsərrüfatı müəssisələrinə xidmət məsələləri isə kənd təsərrüfatı kooperativlərinin yaradılması və köməyi ilə həll olunacaqdır. Bunu nəzərə alaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı istehsal və istehlak kooperativlərinin yaranması və onlara dövlət dəstəyinin göstərilməsinə xüsusi önəm verilir.

Onu da qeyd etmək lazımdır ki, istehsal kooperativləri o halda daha yüksək səmərə verir ki, onlarla yanaşı istehlak kooperativləri də yaranır. Lakin indiyə kimi respublikamızda kənd təsərrüfatı istehlak kooperativləri (emal, tədarük və satış, xidmət, təchizat, kredit və sığorta və s.) yaradılmamışdır və bu da məhsul istehsalçılarının fəaliyyətinə mənfi təsir göstərir. Ona görə də fermerlər istehlak kooperativlərinin onlara ucuz, vaxtında və heç bir problem yaratmadan göstərə biləcəyi xidmətdən məhrumdurlar və bu işləri yerinə yetirən azsaylı qurumların inhisarı ilə üzləşirlər. Bu da məhsulun maya dəyərinin baha başa gəlməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Bildirirəm ki, Rusiyada kənd təsərrüfatı istehsal və istehlak kooperativlərinin sayı ildən-ilə artır və 2011-ci ilin əvvəlinə təkcə kredit istehlak kooperativlərinin sayı 1772-yə çatmışdır. Özü də bu kredit kooperativlərinin bir çoxu "Rosselxozbank" ASC-nin birbaşa iştirakı və vəsaiti ilə yaradılır. Respublikamızda isə kənd təsərrüfatı kooperativlərinin sayı nəinki artmır, əksinə azalmaqda davam edir və bu ilin əvvəlinə cəmi 69 istehsal kooperativi mövcud olmuşdur ki, onlar da səmərəli fəaliyyət göstərə bilmirlər. Hesab edirik ki, "Kənd təsərrüfatı kooperasiyası haqqında" hazırlanmış qanun layihəsinin müzakirəsi və qəbul olunmasının tezləşdirilməsi kənd təsərrüfatı istehsal və istehlak kooperativlərinin yaradılması və onlara dövlət dəstəyinin göstərilməsinin hüquqi bazasını təkmilləşdirər və qanunvericilikdə hazırda mövcud olan boşluğu aradan qaldırar. Bu danılmaz bir reallıq olmaqla günümüzün tələbidir, əsrlər boyu çox çətin sınaqlardan uğurla çıxmış istehsal və bazar münasibətləri sistemidir. Ona görə də bu qanunun qəbul edilməsinin yubadılması ölkəmizin aqrar bölməsinə hər gün öz mənfi təsirini göstərir.

Məlumdur ki, respublikamızda gələcəkdə ümumi daxili məhsul əsasən qeyri-neft sektorunun hesabına formalaşacaqdır. Bunu nəzərə alaraq hökumət dövlət büdcəsindən bu bölməyə, xüsusilə də onun prioritet istiqaməti olan aqrar sahəyə ildən-ilə daha çox büdcə vəsaiti yönəldir. Hazırda kənd rayonlarının əksəriyyətində kənd təsərrüfatı məhsullarını saxlamaq üçün anbarlar və emal müəssisələri tikilib istifadəyə verilir. Lakin təcrübə göstərir ki, bu obyektlər qiymət məsələlərində diktə edən tərəf kimi çıxış edir və kənd təsərrüfatı məhsul istehsalçılarını narazı salmaqla həmin obyektlərdən səmərəli istifadəyə imkan vermir. Bu da bəzi hallarda məhsul istehsalının azalmasına səbəb olur. Belə hal uzun müddət davam edərsə, gələcəkdə bir çox məhsulların istehsalında problemlər yarana bilər. Bununla əlaqədar aqrar sahənin klaster əsasında (klaster - sıx birləşmiş qrup, yəni kənd təsərrüfatının hər hansı bir sahəsi (məsələn, xam pambıq istehsalı) + bu sahənin fəaliyyətini təmin edən sahələr (təchizat, aqroservis, kadr hazırlığı və s.) + bu sahənin məhsullarından istifadə edərək öz fəaliyyətini həyata keçirən sahələr (pambıq emalı, yüngül və yeyinti sahəsi və s.) deməkdir) inkişaf etdirilməsini və bu prosesdə kənd təsərrüfatı istehsal və istehlak kooperativlərinin əsas qurum kimi çıxış etməsini məqsədəuyğun hesab edirik. Digər tərəfdən respublikamızın iqtisadiyyatı imkan verir ki, bir çox kənd təsərrüfatı sahələrinin klaster əsasında inkişaf etdirilməsinə nail olaq. Yəni istehsal edilən xammalı son istehlak malına kimi emal etmək üçün tələb olunan müəssisələr tikib onları kooperativlərin icarəsinə və ya uzun müddətli kredit əsasında istifadəsinə verməklə hazır istehlak malları ilə daxili və xarici bazara çıxmaq olar. Bu aqrar bölmədə yaranan əlavə dəyəri xeyli artırmaqla ölkəmizin ümumi daxili məhsulunun artımına da davamlı təsir edə bilər. Kənd təsərrüfatının inkişaf etdiyi bir çox ölkələr də məhz bu yolla gedərək çox böyük uğurlar əldə edirlər. Azərbaycan alıcılarına yaxşı tanış olan "Valio" kərə yağlarının istehsalçısı eyniadlı kənd təsərrüfatı kooperatividir və həmin kooperativ Finlandiyada istehsal olunan südün 60-65 faizindən çoxunu emal edir. Hazırda Avropa İttifaqına daxil olan ölkələrdə illik dövriyyəsi 5-10 milyard avro olan 25-dən çox iri kənd təsərrüfatı kooperativi mövcuddur. Çin, Türkiyə və digər ölkələrdə bir çox kənd təsərrüfatı sahələri klaster əsasında - xammalın son istehlak məhsulu istehsalına kimi emalını ölkə daxilində həyata keçirməklə iqtisadi artımın bünövrəsini qoymuş və uzun müddət dinamik artıma nail olmuşlar. Ölkəmizdə bu sistemin tətbiqi üçün mövcud əlverişli şəraitdən yararlanmaqla iqtisadiyyatın möhkəmlənməsinə təsir etmək olar.

Onu da qeyd etmək lazımdır ki, ölkəəhalisinin sayının durmadan artması (hər il 110-124 min nəfər və ya 1,3-1,4 faiz), yeni iş yerlərinin açılması, aylıq əməkhaqlarının və vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi ərzaq məhsullarına olan tələbatı da daim artırır. Eyni zamanda dünya iqtisadiyyatına inteqrasiya olunmağın zəruriliyi xarici bazarlara çıxış imkanlarının olmasını tələb edir. Bu mənada Azərbaycan Respublikası Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün 15 ildən çoxdur ki, müraciət edib və bir çox ölkələrlə danışıqlar aparır. Son illər bu təşkilata üzv olan Ukrayna və Rusiyanın təcrübəsi göstərir ki, ÜTT-yə üzv olduqdan sonra müəyyən çətinliklərlə üzləşməmək üçün müvafiq qabaqlayıcı tədbirlər görülməlidir. Bu barədə Prezident İlham Əliyev Fransada səfərdə olarkən Azərbaycan Respublikasının ÜTT-yə nə vaxt üzv olması ilə bağlı sualı cavablandırarkən qeyd etmişdir ki, biz hələ müəyyən müddət müvafiq tədbirlər görməliyik ki, ÜTT-yə üzvlük bizim kənd təsərrüfatını çətinliyə salmasın. Hesab edirik ki, bu qabaqlayıcı tədbirlər sırasında kənd təsərrüfatı kooperativlərinin yaradılması və onların səmərəli fəaliyyət göstərməsini təmin edən amillərin həyata keçirilməsi də yer almalıdır.

Unutmaq olmaz ki, ayrı-ayrılıqda fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçıları və emalçılarının əldə edə bilmədiyi istehsalın təmərküzləşməsini və əlavə sinerji səmərəsini onların arasında kooperasiya və inteqrasiya əlaqələri qurmaqla təmin etmək mümkündür. Digər tərəfdən kooperasiya və inteqrasiya özəl, kollektiv və dövlət maraqlarını optimal qaydada uyğunlaşdırır, yerli istehsalı müdafiə etməklə xarici bazara çıxmağa imkan yaradır, fərdi, xırda və orta təsərrüfatçılıq formalarını saxlamaqla iri istehsalın üstünlüyünü təmin edir. Eyni zamanda kooperasiya və inteqrasiya bazarın tələbinə uyğun məhsul təqdim edir, ixtisasın artırılmasını, yeni peşəyə yiyələnməyi, vəziyyəti təhlil etmək və kənar təsirləri nəzərə almaq bacarığı aşılayır.

Azərbaycan Respublikasının müasir aqrar siyasətinin əsas istiqamətlərindən biri istehsalın intensiv yollarla inkişaf etdirilməsidir. Bu məqsədlə mövcud potensialdan daha səmərəli və geniş istifadə etmək lazımdır. Onu da qeyd etmək lazımdır ki, bu istiqamətdə ölkəmizdə müəyyən tədbirlər həyata keçirilir. Belə ki, toxum istehsalçılarının və damazlıq heyvandarlıqla məşğul olanların stimullaşdırılması həyata keçirilir, heyvandarlıqda süni mayalama ildən-ilə genişlənir, cins heyvanların sayı artırılır. Buna baxmayaraq istər bitkiçilikdə və istərsə də heyvandarlıqda məhsuldarlığın başqa ölkələrlə müqayisədə dəfələrlə az olması bu sahədə böyük potensialın mövcudluğunu göstərir. Ona görə də toxumçuluq və damazlıq işinə diqqət artırılmalı, kənd təsərrüfatının gələcəyini müəyyən edən bu məsələlərə dövlət nəzarəti gücləndirilməli, toxumçuluq və damazlıq təsərrüfatlarına çox yüksək və ciddi tələblər qoyulmalıdır.

Bir məsələyə də diqqət yetirilməsini vacib sayıram. Məlumdur ki, aqrar islahatlar nəticəsində torpaqların kənd əhalisinə paylanması kənd təsərrüfatı məhsul istehsalçılarının sayını artırmışdır. Əvvəllər bir rayonda 30-50 kolxoz və sovxoz kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olurdusa, hazırda istehsalçıların sayı on minlərlə ölçülür. Müxtəlif peşə sahibləri olan bu insanların kənd təsərrüfatı istehsalını idarə etmək, istehsal fəaliyyətinin sirlərinə yiyələnmək, istehsal vasitələri almaq və məhsul satışını təşkil etmək, yeni texnika və texnologiyaları tətbiq etmək və digər məsələləri həll etmək bacarığı olmalıdır. Qloballaşan dünya iqtisadiyyatına inteqrasiya olunmaq, istehsal prosesinin bütün mərhələlərinin modernləşdirilməsini həyata keçirmək və səmərəli fəaliyyət göstərmək üçün aqrar sektorda çalışanlar geniş informasiyaya malik olmalıdır. Təəssüf ki, bu məsələdə çox az iş görülür. Onu da bildirirəm ki, MDB məkanında Avropa ölkələrinə nisbətən kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasının bir səbəbi də informasiya qıtlığındandır. Belə ki, Avropa ölkələrində fermerlərin 85-95 faizi aqrar məsələlərə dair hərtərəfli informasiyaya malik olduğu halda MDB ölkələrində bu rəqəm 20-25 faiz təşkil edir. Ona görə də müasir aqrar siyasətin ölkəmizdə uğurla həyata keçirilməsi üçün respublikamızın bütün ərazisini əhatə edən kənd təsərrüfatı informasiya-məsləhət xidməti şəbəkəsi yaradılmalıdır. Bu məqsədlə kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında qanunun hazırlanmasına və qəbul edilməsinə böyük ehtiyac vardır.

Hesab edirik ki, Azərbaycan Respublikasının müasir aqrar siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı sayəsində uğurla davam etdiriləcək, ölkəmizin aqrar sahəsi dünya iqtisadiyyatına daha geniş inteqrasiya olunmaqla respublika əhalisinin yüksək keyfiyyətli ərzağa olan tələbatını yerli istehsal hesabına təmin edəcəkdir.

 

 Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət

 komitəsinin sədri, professor

Azərbaycan.-2012.- 20 dekabr.- S.7.