Adada oba

 

Keçən ay Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Pirallahı qəsəbəsinin sosial-iqtisadi inkişafına dair tədbirlər haqqında sərəncam imzalayıb. Bu, adada - sahilə damba vasitəsilə birləşdirilmiş bir qəsəbədə yaşayan insanların həyatının rahatlığına, sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş mühüm bir addımdır.

günlərdə isə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Bakının Pirallahı rayonunun yaradılması ilə bağlı məsələ müzakirə edilib. Bu rayona əfsanəvi dəniz şəhəri - Neft daşlarının və daha bir ada qəsəbəsi - Çilovun daxil edilməsi nəzərdə tutulur.

Pirallahı adasının dünənini xatırlamadan bu günü barədə söhbət açmaq mümkün deyil. Pirallahı qədim neftqaz məskənidir. Ada ilə adaş olan yataq Abşeron yarımadasından şərqə doğru, arxipelaqın şimal-qərb hissəsində, Bakı şəhərindən 60 kilometrlik məsafədə yerləşir. Bu adada hələ 151 il bundan öncə Azərbaycanda ilk dəfə olaraq əcnəbi əczaçı Vitte kiçik neftayırma zavodu tikmiş, orada kerosinşam istehsal edilməyə başlanmışdı. Zavodun xammalı adada olan qır və neft idi.

Ümumiyyətlə, Pirallahı adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı da 1861-ci ildə akademik Q.Abix verib. O sübut edib ki, adada zəngin neftqaz ehtiyatları var. Deyilənlərə görə, Pirallahıda hələ 1870-ci ildə istismar quyusu olub, 132 metr dərinlikdən neft çıxarılıb.

1902-ci ilin sonunda isə 44 nömərli quyunun sınağı zamanı neft alındı və həmin vaxtdan Qirməkialtı və Qirməki lay dəstələri horizontlarında axtarış-kəşfiyyat işləri aparıldı. 1928-1929-cu illərdə müəyyən edildi ki, neft yataqlarının əsas hissəsi adanın şimal sərhədlərində, Xəzərin sularının altında yerləşir. Bu zaman adada 10-cu mədənin bazasında Bibiheybət mədənlər qrupu sistemində Pirallahı mədəni yaradıldı.

Neft tapılandan sonra Pirallahı adasında əsaslı dəyişikliklər baş verdi. Daşdan yaşayış evləri və sənaye obyektləri, 50 min kubmetr həcmində anbar, 1420 kv gücündə istilik elektrik stansiyası, mexaniki emalatxanalars. inşa edildi.

1935-ci ildə neft hasilatı dünya təcrübəsində ilk dəfə olaraq adadan dənizə addımladı. Pirallahıdan şimala doğru böyük bir sahədə qazma işlərinə başlandı. Həmin il sahildən 520 metr aralı, polad dirəklər üstündən qazılmış 157 nömrəli quyu hələ də işləyir.

1940-cı ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirən keçidin - dambanın qurulması adanın iqtisadiyyatının inkişafında mühüm rol oynadı.

Bu gün Pirallahı 16 min nəfər sakini olan böyük, abad, gözəl bir qəsəbədir. Əhalinin xeyli hissəsi bağ-bağçalı həyəti olan fərdi evlərdə yaşayır. Burada çoxlu hündürmərtəbəli yaşayış binaları da var. Pirallahıda məktəblər, mağazalar, tibb müəssisələri, onlarca sənaye və sosialyönümlü obyektlər fəaliyyət göstərir. Bununla belə, üçüncü əsrdir ki, ada sakinlərinin sərvəti neft, yeri mədənlərdir.

"Pirallahı"nı və Xəzərdəki "Gürgan-dəniz", "Darvin bankası", "Abşeron bankası", "Qərbi Abşeron" kimi yataqları "Abşeronneft" Neft və Qazçıxarma İdarəsi istismar edir. Neftçilər həm quruda, həm də dənizdəki estakada və özüllərdə çalışırlar. Başqa sözlə, Pirallahı mədənləri 1600-dən çox insanın çörək təknəsidir. Bunlar həm qəsəbənin özünün, həm də qonşuluqdakı Türkan, Zirə və digər kəndlərin sakinləridir. Pirallahıya hər gün paytaxtın mərkəzindən də neçə-neçə insan gəlir. Bunların arasında isə həm dəniz neftçiləri, qəsəbənin digər sənaye və xidmət obyektlərində işləyənlər, həm də buraya qohum-əqrəbasına, dost-tanışına baş çəkməyə gələnlər var.

Pirallahıdan da hər gün Bakıya çoxlu sayda insanlar yola düşür. Axı, yaşayış yeri adada olanlardan şəhərdəki müəssisə və təşkilatlarda işləyənlər, ali məktəblərdə oxuyanlar da az deyil. Odur ki, Pirallahı-Bakı marşrutu ilə və əksinə hər gün yüzlərlə avtobusminik maşını hərəkət edir. Həmin yollarla müxtəliftəyinatlı yüklər də daşınır. Bu isə yolların rəvan olmasını tələb edir ki, insanlar rahat, vaxt itirmədən mənzilbaşına çatsınlar, texnika tez sıradan çıxmasın, yüklər gecikdirilməsin.

Bu baxımdan ölkə başçısının imzaladığı sərəncam böyük əhəmiyyət kəsb edir. Belə ki, həmin sərəncamda Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması nəzərdə tutulub. Sərəncama əsasən, yolətrafı zonalarda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün avtomobil körpüsü tikiləcək və yol boyunca sahilbərkitmə işləri aparılacaq. Bütün bu tədbirlərin həyata keçirilməsinə Prezidentin Ehtiyat Fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 5 milyon manat pul ayrılacaq.

Xatırladaq ki, bu, Pirallahının inkişafına yönəldilən ilk tədbir deyil. Son illərdə qəsəbədə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə  bir sıra tədbirlər həyata keçirilib. Məsələn, dəniz suyunu saflaşdıran "ƏKS-OSMOS" qurğuları adada həyatı xeyli canlandırıb. Saflaşdırılmış su həm "Abşeronneft"in istehsalat sahələrinə, həm də əhaliyə verilir. "ƏKS-OSMOS" suyu "gələn"dən bəri qəsəbədə yaşıllıqlar xeyli çoxalıb. Bu su içmək üçüntam yararlıdır.

Suyu bol, yolları rahat, sakinləri işli-güclü olan oba həmişə abad olar. Pirallahı ada obası kimi!

 

 

Flora SADIQLI,

Azərbaycan.-2012.- 20 dekabr.- S.8.