Aqrar sektorda məhsul
da, məhsuldarlıq da
artıb
Dövlət ölkə iqtisadiyyatının qeyri-neft sektorunu inkişaf etdirməyi qarşıya prioritet vəzifə kimi qoyub. Bunun nəticəsidir ki, digər sahələr kimi, aqrar sektor da son bir neçə ildə xeyli inkişaf edib. Bu işdə dövlətin aqrar sektorda çalışan sahibkarları torpaq vergisi istisna olmaqla, digər bütün vergi növlərindən azad etməsi mühüm rol oynayır. Bununla yanaşı, dövlət tərəfindən aqrar sektorda çalışanlara yanacaq, sürtkü yağları, gübrə, toxum, damazlıq heyvan və quşların fermerlərə güzəştli şərtlərlə verilməsi də öz müsbət təsirini göstərib.
Aqrar sektorda qazanılan bu uğurlar barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Kənd təsərrüfatı 6,3 faiz artmışdır. Bu da çox gözəl göstəricidir. Bu barədə mən hələ fikirlərimi bildirəcəyəm. Ancaq bəri başdan demək istəyirəm ki, bu sahə həmişəki kimi, prioritet sahə olaraq qalır və gələcəkdə bu sahəyə daha çox diqqət göstərilməlidir. Mən çox şadam ki, bir müddət əvvəl verdiyim tapşırıqlar yerinə yetirilir. Kənd təsərrüfatının inkişafı bizə imkan verəcəkdir ki, idxaldan daha az asılı vəziyyətdə olaq. Eyni zamanda, iş yerlərinin açılması, bölgələrdə sənaye müəssisələrinin fəaliyyətə başlaması birbaşa kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Ona görə hesab edirəm ki, 6,3 faiz artım çox yaxşıdır. Çalışmalıyıq ki, gələcəkdə də bu yüksək templəri saxlayaq".
Aqrar bölmədə əksər əkinçilik məhsullarının yığımı əsasən başa çatmışdır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, dekabrın 1-i vəziyyətinə 995,1 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin sahəsi (qarğıdalısız) biçilib döyülərək hər hektardan orta hesabla 26,3 sentner olmaqla 2620,3 min ton məhsul götürülmüşdür. Bundan başqa, hesabat dövründə 181,9 min ton qarğıdalı dəni yığılmışdır. Cari ildə dənli bitkilərin məhsuldarlığı da artmışdır. Belə ki, hesabat dövründə hər hektarın orta məhsuldarlığı taxılçılıqda 25,4, qarğıdalıda isə 27,2 sentner olmuşdur.
Cari ildə bostan və tərəvəz məhsullarının yığılmasında da artım müşahidə edilmişdir. İl ərzində sahələrdən 968,5 min ton kartof, 1190,4 min ton tərəvəz, 427,8 min ton bostan məhsulları toplanmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 3,2, tərəvəz istehsalı 0,1 faiz artmışdır, bostan məhsullarının həcmi isə 10,5 faiz azalmışdır. Bununla belə, cari ildə hər hektarın orta məhsuldarlığı bütün bostan və tərəvəz məhsulları üzrə artmışdır.
Keçən ilə nisbətən pambığın əkin sahəsinin azalmasına baxmayaraq, məhsuldarlıq xeyli yüksək olmuşdur. Emal müəssisələrinə 54,6 min ton pambıq satılmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz çox xam pambığın yığılması deməkdir.
Dövlət tərəfindən fermer təsərrüfatlarına göstərilən yardımlar sahibkarları əkin sahələrini genişləndirməyə sövq edir. Bunun nəticəsidir ki, cari ildə tütünün əkin sahəsinin həcmi 6,3 faiz artmış və istehsal 19,7 faiz çoxalaraq 4,3 min tona çatmışdır.
İmişlidə nəhəng şəkər zavodunun fəaliyyətə başlaması ölkəmizdə şəkər çuğundurunun əkilməsinə böyük təkan vermişdir. Buna səbəb fermerlərin məhsul satması üçün əvvəlcədən bazarın olmasıdır. Yəni, fermerlər bilirlər ki, istehsal etdikləri şəkər çuğundurunu neçəyə və harada satacaqlar. Bu, həm də iri emal müəssisəsi olan İmişli Şəkər Çuğunduru Zavoduna da sərf edir. Müəssisədə əvvəlcədən hesablaya bilirlər ki, xammal kimi şəkər çuğundurunu nə qədər qəbul edəcək və ondan hazır məhsul hazırlayaraq satışa yığılacaqdır. Hər iki tərəf üçün faydalı olan bu əməkdaşlıq son nəticədə şəkər çuğundurunun daha çox əkilməsinə təkan vermişdir. Cari ilin məhsulu üçün 3612 hektar sahədə şəkər çuğunduru əkilmiş, 3582 hektar sahənin (99,2 faizi) çuğunduru çıxarılmış və orta hesabla hər hektardan 317 sentner olmaqla 120,7 min ton məhsul götürülmüşdür. Hazırda sahələrdən şəkər çuğundurunun yığılması başa çatmaq üzrədir.
Hesabat dövrü ərzində ötən illə müqayisədə daha çox meyvə və giləmeyvə, eləcə də üzüm toplanmışdır. Yaşıl çay yarpağı yığımı 7,1 faiz artaraq 550,3 tona çatmışdır.
Aqrar sektorda ən çox inkişaf edən heyvandarlıqdır. Bunun nəticəsidir ki, ötən on bir ay ərzində ət istehsalı 4,1, süd 5,7, yumurta 20,1 və yun 1,7 faiz artmışdır.
Yanvar-noyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4609,3 milyon manat olmuş, onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 5,8, heyvandarlıq məhsulları üzrə isə 5,1 faiz artmışdır.
Aqrar sektorun inkişafı bu sahədə çalışanların sosial vəziyyətlərinin yaxşılaşmasına da imkan yaradıb. 9 ayın nəticələrinə görə, kənd təsərrüfatı müəssisə və təşkilatlarında çalışan işçilərin orta aylıq əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 195,1 manata çatmışdır.
Hazırda aqrar sektorda gələn il bol məhsul götürmək üçün işlərin qızğın çağıdır. Ölkənin regionlarında payızlıq taxıl bitkilərinin səpini davam edir. Dövlət Statistika Komitəsinin dekabr ayının 1-nə olan məlumatına görə, 900,1 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 890 min hektarda dən üçün payızlıq bitkilər səpilmişdir. Bunun 619,3 min hektarı buğda, 270,7 min hektarı isə arpa əkini sahələridir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə payızlıq bitkilərin əkini sahəsi 7,1, o cümlədən buğda əkini 3,4, arpa əkini isə 16,5 faiz artmışdır.
Hazırda dövlətin qarşısında duran əsas vəzifələrdən biri də aqrar sektoru inkişaf etdirməklə ölkənin ərzaq təhlükəsizliyinə nail olmaqdır. Bu istiqamətdə görülən işlər çox yaxşı səmərə verib. Lakin dövlət bununla kifayətlənmir. Qarşıya daha böyük məqsədlər qoyulur. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Bu məsələ ilə bağlı da biz daim fikir mübadiləsi aparırıq. Müvafiq göstərişlər verilmişdir və hesab edirəm ki, gələn il bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir. Əsas ərzaq məhsullarının istehlakı yüz faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin edilməlidir. Biz buna yaxınıq, bəzi mövqelər üzrə bunu əldə etmişik, bəzi istiqamətlər üzrə artıq hədəfə yaxınlaşırıq. Bölgələrdə yaradılan yeni müəssisələr, emal müəssisələri, südçülük fabrikləri, heyvandarlıq fermaları, çörək zavodları, quşçuluq fabrikləri bizə imkan verir ki, yaxın illərdə hər bir mövqe üzrə daxili tələbatı yüz faiz öz gücümüzə arxalanaraq təmin edək. Bu, həm sosial məsələdir, həm ərzaq təhlükəsizliyi məsələsidir, həm də iqtisadi məsələdir, iş yerlərinin yaradılmasına gətirib çıxarır. Yəni, biz burada bir neçə hədəfi nəzərə alırıq və bütövlükdə bu istiqamətdə aparılan işlər məni qane edir".
Rüstəm KAMAL,
Azərbaycan.-2012.- 20 dekabr.- S.8.