Azərbaycan Hərb Tarixi
Muzeyinin yaradılmasının
20 illiyi qeyd edilmişdir
Dekabrın 19-da Azərbaycan Hərb Tarixi Muzeyinin yaradılmasının 20 illiyi münasibətilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun, Müdafiə Nazirliyinin, şəhər muzeylərinin nümayəndələrinin, hərbçilər və veteranların iştirak etdikləri tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin yaranması barədə məlumat verilmişdir.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov bildirmişdir ki, muzey 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası müdafiə naziri tərəfindən 1992-ci il oktyabrın 29-da "Müstəqil Dövlətlər Birliyinin 4-cü Ordu Qarnizonunun "Döyüş Şöhrəti" muzeyinin təhvil verilməsi haqqında" əmr imzalanmışdır. Həmin il dekabrın 10-da "Döyüş Şöhrəti" muzeyi həmin tarixdə yaradılan Azərbaycan Hərb Tarixi Muzeyinə təhvil verilmişdir.
1993-cü ildə Azərbaycan Hərb Tarixi Muzeyinin yerləşdiyi ilk binada təmir-tikinti işləri ilə eyni vaxtda 1-ci zalın bədii tərtibat işlərinə başlanılmışdır. Bu zalda Azərbaycanın ilk milli qəhrəmanlarına həsr edilmiş stend hazırlanmışdır. Stend 10 nəfər Milli Qəhrəmanın boya ilə çəkilmiş portretlərindən və xüsusi materiallardan hazırlanmış "Milli Qəhrəman" ordeninin maketindən ibarət olmuşdur. Muzey eksponatlarının saxlanılması üçün xüsusi tumbalar düzəldilmişdir.
Rəis diqqətə çatdırmışdır ki, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) muzeyə verdiyi 150 ədəd Qarabağ müharibəsi mövzusunda fotoşəkil ekspozisiyanı daha da zənginləşdirmişdir. Muzeyin ekspozisiyasının qurulması üçün mövzu-ekspozisiya planlarının tərtibatı və materialların toplanması ilə bağlı ciddi işlər görülmüşdür. Hazırda müasir ordu quruculuğu ilə bağlı muzey materiallarının toplanması, sistemləşdirilməsi və "muzey dilinə" salınması prosesi gedir.
Ümumiyyətlə, 2006-cı ilədək 2 min 145 muzey əşyası
qəbul olunmuşdur. Buraya "Heydər
Əliyev və ordu quruculuğu",
"Milli Qəhrəmanlar"
mövzularını əks etdirən materiallar,
görkəmli hərbi sərkərdələr - Azərbaycan
generalları S.Mehmandarov və
Ə.Şıxlınskiyə aid, 21 Azər
hərəkatının mübarizəsini əks etdirən materiallar, Böyük Vətən
müharibəsinə aid sənəd
və əşyalar, ayrı-ayrı dövrlərə dair müxtəlif silah
növləri, hərbi geyimlər daxildir.
Muzeyə daxil olan əşyaların
bir qismini isə şəxsi
kolleksiyalar təşkil edir.
Muzeydə
"Heydər Əliyev və ordu quruculuğu", "Qədim
və Orta əsrlər dövrü", "Xanlıqlar
dövrü", "1801-1918-ci illər dövrü",
"1920-1939-cu illər dövrü", "1939-cu 1945-ci illər
dövrü", "Quru qoşunlar", "Hərbi dəniz
qüvvələri", "Hərbi hava qüvvələri"
adlı ekspozisiya zallarının tərtib olunduğu da diqqətə
çatdırılmışdır.
Qeyd olunmuşdur ki, ümumilikdə 1992-ci ildən 2004-cü ilədək Azərbaycan Hərb Tarixi Muzeyinə 1235 eksponat daxil olduğu halda, 2004-cü ildən 2012-ci ilin noyabrınadək eksponatların sayı 10 min 300-ə çatmışdır.
Mərasimdə digər çıxış edənlər də muzeyin kollektivini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışlar. Bildirilmişdir ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Azərbaycan Hərb Tarixi Muzeyinin böyük rolu vardır. Muzey son illər çox böyük inkişaf yolu keçmişdir.
Sonra Azərbaycan Hərb Tarixi Muzeyinin 20 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Muzey əməkdaşlarının bir qrupuna fəxri fərmanlar verilmiş, muzeyə xatirə hədiyyələri təqdim olunmuşdur.
Sonda tədbir
iştirakçıları muzeylə tanış olmuşlar.
Azərbaycan.-2012.- 20 dekabr.- S.9.