«Koordinasion birləşmələr
kimyası» mövzusunda
V respublika elmi konfransı işə
başlamışdır
Dekabrın 19-da Bakı Dövlət Universitetində (BDU) "Koordinasion birləşmələr kimyası" mövzusunda V respublika elmi konfransı işə başlamışdır.
AzərTAc xəbər verir ki, konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov tədbirin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, ölkəmizdə kimya elminin inkişafında BDU-nun kimya fakültəsinin rolu böyükdür. Azərbaycanda kimya sahəsi milli elmi istiqamətlər içərisində ən qədimidir. Hazırda ölkəmizdə kimya elmi çox dinamik və sürətlə inkişaf edir. Bugünkü konfransın keçirilməsi də həmin sahəyə göstərilən diqqət və qayğının nəticəsidir.
Diqqətə çatdırılmışdır ki, kimya sahəsinin inkişafında universitetdə də mühüm addımlar atılmışdır. Son dövrlər fakültənin elmi-texniki bazası möhkəmləndirilmiş, laboratoriyalar müasir avadanlıqla təchiz olunmuşdur. Gənc alim və mütəxəssislərin elmi araşdırmalarının aparılması üçün fakültənin müxtəlif kafedralarında hər cür şərait yaradılmışdır. 2011-2012-ci tədris ilində BDU-nun kimya fakültəsi əməkdaşlarının 145 elmi məqaləsi çap edilmişdir ki, onlardan 83-ü xarici mətbuatda, 65-i isə indeksli jurnallarda dərc edilmişdir. Rektor bunu universitetin kimya fakültəsində yeni istiqamətlərdə aparılan elmi araşdırmaların nəticəsi kimi qiymətləndirmişdir.
Hazırda BDU-da istifadə olunan yeni və müasir avadanlıq, gənc mütəxəssislərin bu sahəyə maraqları fakültədə analitik və üzvü kimyanın müxtəlif sahələrinin yeni düşüncə ilə inkişafına zəmin yaratmışdır. Hazırda professor Rəfiqə Əliyevanın rəhbərliyi və qayğısı ilə BDU-nun kimya fakültəsində respublika əhəmiyyətli elmi tədqiqat işləri uğurla davam etdirilir.
Qeyd edilmişdir ki, konfrans çərçivəsində tanınmış elm xadimlərinin və gənc alimlərin 50-dən çox məruzəsi dinləniləcək, fikir mübadiləsi aparılacaqdır. Məruzələr kimyanın aktual problemlərinə xüsusilə koordinasion kimya sahəsində aparılmış elmi-tədqiqat işlərinin nəticələrinə həsr edilmişdir.
Konfransda Analitik kimya kafedrasının müdiri, professor Famil Çıraqovun "Respublikada koordinasion birləşmələr kimyasının inkişafında BDU-nun Analitik kimya kafedrasının rolu" mövzusunda məruzəsi dinlənilmişdir. Slaydlar vasitəsilə nümayiş etdirilən materiallarda bu ali təhsil müəssisəsinin kimya fakültəsində son dövrdə əldə olunmuş elmi nailiyyətlər, araşdırmalar, fakültənin müxtəlif elmi əlaqələri, bu sahədə nəşr olunmuş kitablar, dərsliklər və s. haqqında ətraflı məlumatlar verilmişdir.
Tədbirdə BDU-nun prorektoru, professor Aydın Kazımzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Ələkbər Qurbanov və digərləri çıxış edərək son illər ölkəmizdə kimya sahəsində həyata keçirilmiş işləri yüksək qiymətləndirərək bu sahədə BDU-nun kimya fakültəsinin rolunu xüsusi qeyd etmişlər.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.
Elmi konfrans
dekabrın 20-də başa
çatacaqdır
Azərbaycan.-2012.- 20 dekabr.- S.9.