Rusiya paytaxtında «Moskva-Bakı» Azərbaycan mədəniyyəti gecəsi

 

Moskvanın "Avropa" Ticarət-Əyləncə Mərkəzinin böyük zalında "Moskva-Bakı" Azərbaycan mədəniyyəti gecəsi keçirilmişdir. Tədbir Moskva hökuməti regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamenti, Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) tərəfindən təşkil olunmuşdur.

Mərkəzin foyesində açılmış sərgidə əsil Bakının mühiti yaradılmış, tanınmış Azərbaycan rəssamlarının əsərləri təqdim edilmişdir.

Gecəni Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açaraq Moskvanın mərkəzində yerləşən bu əzəmətli salona toplaşanları salamlamış, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə təbrik etmişdir. Səfir bildirmişdir ki, hər il dekabrın 31-də qeyd olunan Həmrəylik Günündə dünyanın hər bir guşəsində yaşayan azərbaycanlılar öz vətənlərini böyük məhəbbətlə xatırlayır, hər bir azərbaycanlının ürəyi bir daha Xəzərin qoynunda yerləşən doğma Azərbaycanımızın, füsunkar Bakımızın nəbzi ilə döyünür. P.Bülbüloğlu qeyd etmişdir ki, qarşıdan gələn il Azərbaycanın həyatında daha böyük uğurlar, yeni zirvələr ili olacaqdır. Səfir Rusiya azərbaycanlıları, Rusiyanın Azərbaycan diaspor təşkilatları, bütün azərbaycansevər rusiyalılar adından Azərbaycan Prezidenti İlham Əliyevi qarşıdan gələn doğum günü münasibəti ilə təbrik etmişdir.

Sonra Moskva Hökumətinin regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentinin rəhbəri Yuri Artyux çıxış etmişdir. O, Moskvanın meri Sergey Sobyaninin salamlarını və təbriklərini gecənin iştirakçılarına çatdırmışdır. Y.Artyux demişdir ki, möhkəm dostluğun, əsl sevginin, sədaqətin və mərdliyin nə olduğunu bilən hər kəs Azərbaycanı, Bakını sevir.

Sonra səfir Polad Bülbüloğlu Rusiya ilə Azərbaycan arasında təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə Rusiyada yaşayan azərbaycanlıların bir qrupuna mükafatlar təqdim etmişdir. Onların arasında AzərTAc-ın Rusiya Federasiyasındakı sabiq xüsusi müxbiri Asya Hacızadə də vardır.

Gecədə ÜAK baş katibinin müavini Nemət Nağdəliyev, Moskva Hökuməti regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentinin rəhbəri Yuri Artyux Azərbaycan diasporunun fəal üzvlərinə mükafatlar təqdim etmişlər.

Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir. Tamaşaçılar Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Nigar Camal Eldar Qasımovun ifalarını hərarətlə qarşılamışlar.

Bayram gecəsində Moskva hökumətinin rəhbərləri, Rusiyanın  tanınmış siyasətçiləri ictimai xadimləri, Rusiyanın Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Ümumrusiya Azərbaycan Konqresinin üzvləri iştirak etmişlər.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2012.- 20 dekabr.- S.9.