Azərbaycan Dövlət Pedaqoji Universitetində professor

Əbdül Əlizadənin 80 illik yubileyi qeyd edilmişdir

 

Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali təhsil ocağının kafedra müdiri, əməkdar elm xadimi, professor Əbdül Əlizadənin 80 illik yubileyi qeyd edilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclis deputatlarının, ziyalıların, elm xadimlərinin iştirak etdikləri tədbirdə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov alimin həyat və fəaliyyətindən, Azərbaycanda psixologiya elminin inkişafına verdiyi töhfələrdən danışmışdır.

Bildirmişdir ki, Ə.Əlizadə 1932-ci ildə Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ölkəmizdə yenicə təşəkkül tapan psixologiya elminə maraq onu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin məntiqi-psixologiya şöbəsinə gətirmişdir. O, 1955-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində psixologiyapedaqogika müəllimi kimi fəaliyyətə başlamışdır. "Azərbaycan məktəbi" jurnalında çalışdığı illər onun həyatında xüsusi bir mərhələni təşkil edir. Ə.Əlizadə aktual mövzularda müxtəlif elmi məqalələr dərc etdirmişdir. Bu dövrdəki müəllimlik fəaliyyəti, jurnalistlik təcrübəsi, psixologiya elmini daha dərindən öyrənmək, tədqiq etmək marağı onu Azərbaycan Pedaqoji İnstitutunun (APİ) aspirantura şöbəsinə gətirmişdir. Bu illərdə Ə.Əlizadə akademik M.Mehdizadə və digər görkəmli alimlərin qayğısı ilə yaradıcılıq axtarışlarına başlamışdır.

1962-ildə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analizsintez proseslərinin xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, elə həmin ildən APİ-nin Ümumi psixologiya kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. 1976-cı ildən bu günədək Əbdül Əlizadə fasiləsiz olaraq həmin kafedranın müdiri vəzifəsində çalışır.

Elmi yaradıcılığı və müəllimlik fəaliyyəti ilə yanaşı, psixoloqların dünya miqyasında keçirdiyi beynəlxalq tədbirlərdə Azərbaycan psixologiya elmini ləyaqətlə təmsil və təbliğ etməsi Ə.Əlizadəni nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda da tanıtmışdır. 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş alim  70-dən çox kitabın müəllifidir. Ə.Əlizadə və professor H.Əlizadənin birgə müəllifliyi ilə çap olunan "Pedaqoji psixologiya" dərsliyi müasir Azərbaycan psixologiyasına ən böyük töhfədir. Alim 30-dan çox aspirantdissertant yetişdirmiş, onun elmi məsləhətçiliyi ilə 2 elmlər doktoru hazırlanmışdır.

Tədbirdə psixologiya elmləri doktoru, professor Ramiz Əliyevin "Əbdül Əlizadənin həyat və yaradıcılığı" mövzusunda məruzəsi dinlənilmişdir.

Sonra Ə.Əlizadəyə universitetin fəxri fərmanı və mükafat təqdim olunmuşdur.

Təhsil naziri Misir Mərdanov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev və başqaları yubilyarı təbrik etmiş, ona elmi fəaliyyətində uğurlar arzulamışlar.  Ə.Əlizadənin elmi fəaliyyətində həmişə zirvələri fəth edən, gələcək nəslə örnək olan, hamının böyük hörmət və məhəbbət bəslədiyi, yüksək mənəvi keyfiyyətlərə malik  ziyalılarımızdan  olduğu vurğulanmışdır.

Sonda Ə.Əlizadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.-2012.- 20 dekabr.- S.9.