Ən çox insanın pənah gətirdiyi rayon

 

Abşeronda 32 min nəfər məcburi köçkün yaşayır

 

 

Sosial-mədəni inkişafına görə bu gün bir çox Avropa şəhərlərini geridə qoyan Bakı həm də ətrafındakı yaşayış məntəqələri ilə göz oxşayır. Paytaxtın sığındığı yarımadanın adını daşıyan və bugünkü Bakı ilə "qaynayıb-qarışan" Abşeron rayonunda  zamanla həmahəng növraq da dəyişib. Rayon mərkəzi olan Xırdalan artıq bir neçə ildir ki, şəhərə çevrilib. Bu, sadəcə, şəhər statusu daşımaq deyil, eyni zamanda inkişafı ilə nümunəyə çevrilmək deməkdir. Unutmayaq ki, keçmiş sovetlər dövründə bu yerlərdə də yaşayanların daş üstə daş qoymaq haqqı əllərindən alınıb.

Paytaxtdan çox-çox ucqarlarda olduğu kimi, burada da bütün sahələrdə uzun müddət durğunluq hökm sürüb. İnsanlar çəkdiyi zəhmətin, tökdüyü alın tərinin müqabilində özünə gün-güzəran qura bilməyiblər. Gözlərini "Duzlu göl"ün sərvətinə dikiblər. Oradan çıxardıqları duzu bazara çıxarmaqla dolanıblar. Tariximizi və mədəniyyətimizi özündə qoruyub saxlayan abidə və ziyarətgahlar da "əsrlərin səmum yelinin" və bir də laqeydliyin qurbanına çevrilmişdir (nə yaxşı ki, sonralar həmin abidələrin mühafizəsi dövlət nəzarətinə götürülüb)...

Mənası "şor su" demək olan "Abşeron" oğuz boylarından biri kimi, tədqiqatçıların fikrincə, tarixi avşar və yaxud əfşar tayfasının adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, Bakı şəhəri yaxınlığında, İrandan Dərbəndə gedən karvan yolunun üstündə Əfşəran adlı yaşayış məntəqəsi olub. Orta əsrlərdə Xəzər dənizinin qərb sahilində, Pirallahı adasının qarşısında Əfşəran adlı şəhərin mövcudluğu haqqında da məlumat verilir. Türk-səlcuq tayfa birliyinə daxil olmuş və Azərbaycan xalqının etnogenezində iştirak etmiş əfşarlar Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayıb. Ona görə də Abşeron toponiminin "əfşar yaşayan yer" kimi izah olunması məntiqə daha çox uyğun gəlir.

Abşeron rayonu 1963-cü ilin yanvar ayında təşkil olunub. Rayon ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozların, quşçuluq sənayesi, kənd tikinti və meliorasiya təşkilatları, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarını yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə yaradılıb.

Rayonun maddi mədəniyyət və tarixi abidələrlə zənginliyini qeyd etməklə yanaşı, onu da bildirmək lazımdır ki, dünyada məşhur olan "Yanardağ" məhz bu ərazidədir. Bundan başqa Abşeron ərazisində ziyarətgahlar da az deyil.

Məqsədimiz, əlbəttə, Abşeronun tarixini, bugünkü inkişafını bir daha xatırlatmaq deyil, bu yerlərin zaman-zaman insanların sığınacağına çevrilməsini yada salmaqdır. Ötən əsrin  doxsanıncı illərində isə Ermənistanın təcavüzünün qurbanlarına çevrilmiş qaçqın və məcburi köçkünlərin Abşeron rayonunun, demək olar ki, əksər yaşayış məntəqələrində məskunlaşması heç də təsadüfi deyildi.

Bu gün də Abşeron həmin qayğılarla baş-başadır:  rayonun ərazilərində yeni salınmış yaşayış məntəqələrinə köçürülmə prosesi başlayıb. Vəziyyətlə yerində tanış olmaq üçün Bakının 5 km-lik məsafəsində yerləşən Abşeron rayonuna üz tutduq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron rayonundakı baş məsləhətçisi Vidadi İsayevlə yolumuzu Masazırdan saldıq. "Abşeron" qəzetinin baş redaktoru, qocaman jurnalist, bu yerlərin daha yaxşı bələdçisi olan Elmxan Mehralıyev qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev  yurd-yuvaları Ermənistan tərəfindən  təcavüzə məruz qalaraq qaçqın və  məcburi köçkünə çevrilən insanlarla hər dəfə görüşəndə xatırlatdığı kimi, dövlətimizin bütün sahələrdə əldə etdiyi uğur və nailiyyətlər imkan verir ki, ölkəmizin və xalqımızın bir nömrəli problemi sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsın: "Lakin məlumdur ki, 1988-ci ildən Ermənistandan, 1992-ci ildən isə Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş daha 7 rayonun ərazisindən təcavüzkar tərəfindən zorla  çıxarılan - didərgin salınan bir milyondan artıq qaçqın və  məcburi köçkünün məskunlaşdırılması, onların, ən azı, minimum həyat şəraiti ilə təmun edilməsi o qədər də asan başa gəlmədi. İlk illərdə beynəlxalq humanitar təşkilatların ayırdığı yardımlardan  istifadə olunsa da, bu, uzun müddət davam etmədi. Təbii ki, problemin  aradan qaldırılması respublikanın iqtisadi inkişafından çox asılı idi. Müstəqilliyin bərpasından  ötən 21 illik tarixi dövrdə  Azərbaycan dövlətinin sürətli iqtisadi inkişafı nəticəsində nəinki ölkənin sosial-mədəni  həyatında, həmçinin qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasında da mühüm dəyişikliklər baş verdi. Əvvəlcə bu kateqoriyaya daxil olan insanların məskunlaşdırılması və işlə təmin olunması dövlət başçısının gündəlik qayğısına çevrildi. Bu məsələnin həlli istiqamətində atılan mühüm addımlardan biri məcburi köçkünlərin vaxtilə məskunlaşmağa məcbur olduğu qeyri-yaşayış yerlərindən, ilk növbədə isə çadır düşərgələrindən çıxarılaraq  salınan yeni qəsəbələrə köçürülməsini təmin etmək idi".

Vidadi İsayev isə  müstəqilliyimizin çox da uzaq olmayan tarixinə ekskursiya edərək problemlə bağlı fikirlərini bizimlə bölüşdü: "Ona görə də hələ 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verdiyi vədə əməl edərək bütünlüklə çadır düşərgələrini ləğv etdirdi və əvəzində bütün infrastruktura malik yeni qəsəbələr salındı. Əsasən Dövlət Neft Fondundan ayrılan vəsaitlə başa gələn qəsəbələrə neçə-neçə məcburi köçkün ailəsi  köçürüldü. Doğma torpağından, ev-eşiyindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin xeyli hissəsi paytaxt Bakıda, əsasən tələbə yataqxanalarında, pansionat və qocalar evində, uşaq bağçaları və internatlarda, həmçinin tikintisi yarımçıq qalan yaşayış binalarında məskunlaşmış məcburi köçkünlərin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət başçısının diqqətində olan problemlərdən biri kimi gündəmdə qalmaqda idi".

Dövlət başçısının tapşırıq və tövsiyələri əsasında bu insanların həyat şəraitinin təmin olunması istiqamətində müəyyən tədbirlər görülür ki, onlardan biri də şəhərətrafı ərazilərdə  yeni qəsəbələrin salınmasıdır. Belə qəsəbələrdən biri də Abşeronun Masazır kəndi yaxınlığında salınır. Tikinti işlərinin gedişi ilə maraqlanarkən şahidi olduğumuz mənzərə bir daha təsdiqlədi ki, dövlət başçısının tapşırıq və tövsiyələri layiqincə yerinə yetirilir.

1992-93-cü üllərdə  Abşeron rayonunda cəmi 7000  qaçqın və məcburu köçkün ailəsi məskunlaşmışdısa, bu gün onların sayı 32 min nəfərdir.

Masazır rayonun ən qədim və tarixi kəndlərindən biridir. Əslində, bu yaşayış məntəqəsi   sosial-mədəni inkişafına, ərazisinə   əhalisinin sayına görə qəsəbəyə çevrilməyə hazırdır. Haqqında sözü gedən yeni yaşayış məntəqəsi də Masazıra bitişik ərazidə salınır.

Daha ətraflı məlumat almaq üçün Məcburu Köçkünlərin Sosial-İnkişaf Fondunun baş texniki nəzarətçisi İmran Süleymanovla   yerində yaradılmış  "operativ qərargah"da görüşdük. Tikintinin çox sürətlə aparıldığını və gələn ilin aprel ayına kimi beşmərtəbəli 13 yaşayış binasının məcburi köçkünlərin ixtiyarına veriləcəyini bildirən həmsöhbətimiz onu da vurğuladı ki, burada bütün lazımi infrastruktur yaradılır: "12 hektar sahədə salınan qəsəbədə 540  yerlik üçmərtəbəli orta məktəb, 280 yerlik (12 qrup üçün) uşaq bağçası, eləcə də Zəngilan Rayon İcra Hakimiyyəti üçün üçmərtəbəli inzibati bina, zəruri kommunikasiya, o cümlədən ATS, tibb məntəqəsi, klub-icma mərkəzinin tikintisi aparılır. Əlbəttə,  qəsəbənin içməli və texniki su ilə təmin olunması da vacib şərtlərdəndir və infrastruktura daxildir. 15 tikinti təşkilatının kollektiv əməyi ilə salınan yeni yaşayış məntəqəsi üçün 2 ədəd (500 kubmetrlk) içməli, 2 ədəd isə (100 kubmetrlik) texniki (yanğın əleyhinə) su anbarı da tikilir".

Şərti olaraq "Masazır" adlandırılan yeni yaşayış məntəqəsinin elektrikləşdirilməsi üçün 2 ədəd yarımstansiyanın artıq  texniki-quraşdırma işləri aparılır. İşlərin əsasən "Aqrartikinti", "Akkord", "Hidromaşservis", "NUR" MMC tikinti şirkətləri tərəfindən görülür və onlar keyfiyyətə zəmanət verir.

Öyrəndik ki, 758 ailə üçün nəzərdə tutulmiş beşmərtəbəli binalardakı mənzillərdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10 ədədi isə dördotaqlıdır. Bu ilin aprelində tikintisinə başlanan qəsəbə gələn  ilin birinci  rübündə hazır olacaq və köçürülməyə başlanılacaq. Hələliksə, burada bütün obyektlərdə son tamamlama işləri aparılır. Daxili və xarici kommunikasiya xətləri çəkilir, yaşıllıq zolağı (park) salınması üçün tədarük görülür. "Nurtikinti " MMC-nin baş iş icraçısı Rafiq İbrahimov və texniki nəzarətçi Tariyel Məmmədov da həmkarlarının fikirlərinə şərik çıxaraq, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinin vaxtında, həm də keyfiyyətli yerinə yetirmək üçün imkanlardan səmərəli istifadə olunduğunu bildirdilər.

Rayonun abad və həm də tarixi qədim yaşayış məntəqələrindən biri də Mehdiabad qəsəbəsidir. Qəsəbəyə yaxın ərazidə yeni salınan yaşayıs sahəsinə köçürülmə prosesi artıq başlayıb. Şəhərdən bura marşrut  xətti də açılıb. 1200 ailənin məskunlaşdığı yeni qəsəbədə bütün infrastrukturun fəaliyyət göstərəcəyini bildirdilər. Doğrudur, artıq Kəlbəcər və Ağdam rayonunun müvafiq orta məktəbləri burada fəaliyyətini davam etdirir. Lakin  məskunlaşma tamamilə başa çatmayıb. İctimai-iaşə və digər xidmət sahələrinin bərpası üçün hazırlıq  işləri gedir. Əsasən Bakı şəhəri Nərimanov rayonu ərazisindəki  tələbə yataqxanasından və digər qeyri-yaşayış yerlərindən bura köçürülən məcburi köçkünlərin bir istəklərini də əlaqədar təşkilatların diqqətinə çatdırmaq istərdik. Belə ki, qəsəbə Xırdalan şəhərindən xeyli aralıda yerləşdiyindən, sakinlər adi bir arayış almaq üçün uzun yol qət etməli olurlar. Burada hansısa bir formada mənzil-istismar sahəsi, yaxud digər müvafiq qurum fəaliyyət göstərərsə, həm  problem kökündən öz həllini tapar, həm də Abşeron RİH-nin əlaqədar şöbəsində növbəlilik məsələsinə son qoyulardı. İnsanlarin istər vaxtının səmərəsiz yerə itirilməsinin qarşısının alınmasında, istərsə də rahatlığının təmin olunmasında  bu, olduqca vacib məsələdir.

Bunlardan əlavə onu da qeyd edək ki, Abşeron rayonu ərazisində məcburi köçkünlərin məskunlaşması üçün  Qobu kəndi ərazisində də yeni yaşayış massivinin salınması məqsədilə 380 hektar torpaq sahəsi ayrılıb. Texniki layihə sənədlərinin hazırlanma prosesi başa çatan yeni yaşayış məntəqəsi beşmərtəbəli binalardan ibarət olacaq. Qəsəbə 68 min nəfər  məcburi köçkünün  məskunlaşması üçün nəzərdə tutulub. "Abşeron gənclər şəhərciyi"  120 məcburi köçkün ailəsinin köçürüləcəyinin nəzərdə tutulduğunu da əlavə etsək, rayonda sözügedən problemin həllinə xüsusi diqqət göstərildiyinin şahidi olarıq.

Yeni salınan qəsəbələrdə həyat öz axarında davam etsə də, əsas narahatlıq təcavüzkar Ermənistanın  beynəlxalq birlik tərəfindən nə tənbeh, nə də təklənməməsidir. İnsanların ümid işığının  sönməməsinə səbəb, təbii ki, dövlətimizin istər iqtisadi, istər  hərbi-siyasi, istərsə də regionda və dünyada  qazandığı mövqedir. Təcavüzkarın cilovlanması isə məhz bu amillərdən çox asılıdır. Yolumuz irəliyədir, işığa doğru, inşallah Qarabağa da dönərik, qələbə və doğma yurdların ziyarəti, bərpası üçün!

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2012.- 20 dekabr.- S.10.