Milliliklə yeniliyin vəhdətinə çalışırıq

 

Rayonumuzda gedən abadlıq-quruculuq işləri mədəniyyət sahəsində də öz müsbət təsirini göstərir. 2012-ci il Göyçayda "Kitabxana ili" elan olunmuşdur. Bununla əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq, may ayında rayondakı Heydər Əliyev Mərkəzinin qarşısında möhtəşəm "Kitab bayramı" keçirilmişdir. Onu da qeyd edim ki, rayon mərkəzi kitabxanasında iki yeni şöbə  - kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya resurs söbələri yaradılmışdır.

Heydər Əliyev Mərkəzi indi rayon əhalisinin ən çox üz tutduğu məkandır. Burada fəaliyyət göstərən şahmat, rəsm, fotostudiya, tarix, ədəbiyyat və xarici dil dərnəklərində gənclər həvəslə məşğul olurlar.

Rayonumuzdakı Tarix-diyarşünaslıq muzeyi ötən əsrin əvvəllərində tikilmiş və 285 kvadratmetr sahəsi olan uyğunlaşdırılmış binada yerləşirdi. Bu il muzey yeni tikilmiş 570 kvadratmetrlik müasir binaya köçürüldü. Hazırda muzeylə maraqlananlar üçün daha gözəl şərait yaradılıb.

Xalq şairi Rəsul Rzanın ev-muzeyinə də gənclər və ədəbiyyat həvəskarları maraqla baş çəkirlər. Rayonumuzdakı Uşaq musiqi məktəbi 6 ixtisas üzrə şagirdlərə xidmət göstərir. Bu məktəbin şagirdləri Göyçayın mədəni həyatında fəal iştirak etməklə yanaşı, respublika səviyyəli tədbirlərə və müsabiqələrə də uğurla qatılırlar.

Rayonumuzda bədii özfəaliyyət kollektivləri müntəzəm şəkildə baxış-müsabiqələrə dəvət olunur və fərqlənənlər daha böyük tədbirlərdə iştirak edirlər. Şübhəsiz, məqsəd rayonun mədəni həyatını daha maraqlı etməklə yanaşı, milli folklor nümunələrini, ənənəvi xalq oyunlarını, adət-ənənələrini yaşatmaq və təbliğ etməkdir.

Mədəniyyət və turizm şöbəsinin əməkdaşları olaraq çalışırıq ki, yeni texnologiyalar dövründə rayon gənclərinin dünyagörüşlərinin genişləndirilməsi, bilik və bacarıqlarının inkişafı, həmçinin  milli soy-kökə bağlılıqlarının artırılması üçün üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələk.

 

 

Sahib ŞÜKÜROV,

Göyçay Rayon Mədəniyyət və

Turizm Şöbəsinin müdiri

Azərbaycan.-2012.- 20 dekabr.- S.11.