Tanınmış jurnalistin yubileyi qeyd olundu

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist, əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı laureatı Məzahir Süleymanzadənin 60 illik yubileyi qeyd olundu. Tədbiri Azərbaycan Mətbuat Şurası təşkil etmişdi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Məzahir Süleymanzadənin keçdiyi həyat və yaradıcılıq yolu barədə danışdı. O qeyd etdi ki, M.Süleymanzadə hələ şagird ikən əlinə qələm almış, Şamaxıda çıxan rayon qəzetində, sonra ordu sıralarında xidmət edərkən hərbi qəzetlərdə müxtəlifhəcmli yazılarla çıxış etmişdi. 1979-cu ildə ADU-nun (indi Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirdikdən sonra "İdman" qəzetində çalışmağa başlamışdı. Az sonra "Kommunist" qəzetində işə qəbul edilmişburada müxbirlikdən baş redaktorun müavini vəzifəsinədək yüksəlmişdir.

Tədbirdə 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı "Kommunist"in nəşrinin mümkünsüzlüyü dönəmində qəzetin əlavəsi olan "Səhər"in işıq üzü görərək informasiya blokadasını yarmasında M.Süleymanzadənin əməyi xatırlandı. Bildirildi ki, sonralar "Səhər" müstəqil qəzetə çevrildi. Xocalı soyqırımı, Qarabağ səmasında düşmən tərəfindən törədilən vertolyot qəzaları və digər hadisələr haqqında məlumatlar operativ olaraq M.Süleymanzadənin redaktorluq etdiyi "Səhər" qəzeti vasitəsilə oxuculara çatdırıldı.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu çıxışında qeyd etdi ki, M.Süleymanzadənin respublikada idmanın, xüsusilə uşaq futbolunun inkişafında böyük zəhməti var.

Tədbirdə "Ədalət" qəzetinin redaktoru İradə Tuncay, Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Emin İbrahimov, M.Süleymanzadənin qardaşı Tahir Süleymanov, eləcə də keçmiş tələbə yoldaşları, uşaqlıq və gənclik dostları, həmkarları, oxucuları çıxış etdilər. Onlar peşəkar jurnalistin qəzetçi, publisistredaktor kimi yaradıcılıq məziyyətlərindən söhbət açdılar.

"Dialoq-Avrasiya Platforması"nın nümayəndəsi Mustafa Saatçı bu cəmiyyətin Azərbaycan Mətbuat Şurası ilə birlikdə təsis etdiyi "Həqiqətə xidmətlərinə görə" mükafatını yubilyara təqdim etdi. M.Süleymanzadəyə digər diplomlar və xatirə hədiyyələri də təqdim olundu.

Sonda Məzahir Süleymanzadə "Ocaq başında" adlı şeirini oxudu, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

 

Azərbaycan.-2012.- 20 dekabr.- S.12.