Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Ümumrusiya

 Azərbaycan Konqresi Moskvada yetim və valideyn himayəsindən

 məhrum uşaqlar üçün Yeni il şənliyi təşkil etmişlər

 

Dekabrın 19-da Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya paytaxtındakı "Bakı" kinoteatrında Moskvanın uşaq evlərində tərbiyə alan uşaqlar üçün Yeni il şənliyi təşkil etmişdir.

"Bakı" kinoteatrının foyesində uşaqlar üçün al-əlvan yolkalar bəzədilmiş, müxtəlif əyləncələr təşkil olunmuşdur.

Moskvanın S.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları balacaları əyləndirmək üçün şən oyunlar təqdim etmişlər.

Foyedə yaradılmış şokolad fəvvarəsi, nəhəng sabun köpükləri, əl işləri dərnəyi, akvarellə bəzəklər çəkilməsi guşələrində uşaqlar aktyorların ətrafına toplanmışdılar. Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları yolkanın kənarında maraqlı oyunlarviktorinalar keçirmişlər.

Bayramın ikinci hissəsi kinoteatrın tamaşa zalında davam etdirilmişdir. S.Obraztsov adına Kukla Teatrının aktyorlarının ifasında "Qar qızın məktəbi" tamaşası göstərilmişdir. Uşaqlar səhnədə ayı balalarının maraqlı sərgüzəştlərinə həvəslə tamaşa etmişlər.

Tədbirin sonunda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və ÜAK-ın əməkdaşları bayramın balaca iştirakçılarına Yeni il hədiyyələri paylamışlar.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2012.- 20 dekabr.- S.12.