Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın Regional

 Nümayəndələr Şurasının sədrinin başçılıq etdiyi nümayəndə

 heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin uğurla inkişafından məmnunluğunu ifadə etdi.  Prezident İlham Əliyev ölkələrimizin bir-birinə bütün beynəlxalq təşkilatlarda dəstək vermələrinin önəmini qeyd etdi. Dövlət başçısı  BMT-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə ölkəmizin ədalətli mövqeyinə və Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçilərkən verdiyi dəstəyə görə İndoneziya hökumətinə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi və bu səfərin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusman ölkəsinin Azərbaycan ilə əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiyini dedi. O, İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. İrman Qusman ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, ticarət, mədəni və digər sahələrdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı. Qonaq ölkələrimizin ayrı-ayrı şirkətləri arasında birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd etdi.

 

Azərbaycan.-2012.- 21 dekabr.- S.2.