Oxşar cəhətləri olan Azərbaycan ilə İndoneziya
arasında
əməkdaşlığın
inkişafı üçün geniş imkanlar vardır
Azərbaycanda səfərdə olan İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 20-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.
Milli Məclisin Sədri Oqtay Əsədov demişdir ki, qarşılıqlı səfərlər və aparılan səmərəli danışıqlar nəticəsində Azərbaycan-İndoneziya əlaqələri siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 900 milyon ABŞ dolları olduğu halda bu ilin doqquz ayında bu rəqəm 1 milyard 400 milyon dolları ötmüşdür. İqtisadi sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza hazırlanır. Bu günə qədər iki ölkə arasında cəmi 5 sənəd imzalanmışdır. Daha iki sənəd imzalanma mərhələsindədir. Azərbaycan tərəfi 5, İndoneziya isə 11 sənəd üzərində işləyir. İnanırıq ki, bu sənədlər imzalandıqdan sonra iqtisadi-ticarət sahəsində münasibətlərin inkişafında əsaslı dönüş yaradacaqdır.
O.Əsədov ölkələrimiz arasında hökumətlərarası komissiyanın yaradılmasının, biznes-forumların keçirilməsinin əhəmiyyətini vurğulamış, parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının fəaliyyətini xüsusi qeyd etmişdir.
Milli Məclisin Sədri İndoneziyanın beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir.
İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İ.Qusman Bakıda keçirdiyi görüşlərdən məmnunluqla danışmışdır. Bildirmişdir ki, oxşar cəhətləri olan Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar vardır. Bu imkanlardan istifadə etmək üçün birgə forumların, investorların görüşünün təşkili hər iki tərəf üçün səmərəli olacaqdır. Azərbaycanın sürətli inkişafını, əldə etdiyi uğurları xüsusi vurğulayan İ.Qusman bu səfərin əməkdaşlığın genişləndirilməsində faydalı olacağına ümidvar olduğunu bildirmişdir.
AzərTAc
Azərbaycan.-2012.- 21 dekabr.- S.3.