GUAM PA-nın Bakıda keçirilən beşinci iclası başa çatmışdır

 

Dekabrın 20-də Milli Məclisdə GUAM Parlament Assambleyasının beşinci iclası öz işini davam etdirmişdir.

AzərTAc xəbər verir ki, GUAM PA-nın sədri, Milli Məclisin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov çıxış edərək iclasın birinci günündə görülmüş işlər, müzakirə olunan məsələlərlə bağlı qəbul olunmuş tövsiyə xarakterli qərarlar barədə məlumat vermişdir. Bildirilmişdir ki, toplantıda aparılan müzakirələr, qaldırılan məsələlər və qəbul edilən qərarlar qurumun gələcək fəaliyyətinin genişlənməsinə, beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Bakı toplantısı GUAM PA ilə yanaşı, bu iclasda təmsil olunmuş beynəlxalq parlament təşkilatları arasında əməkdaşlığın inkişafına layiqli töhfə vermişdir.

Vurğulanmışdır ki, dövlətlərimiz arasındakı əlaqələrin inkişafında xüsusi rolu olan ali qanunverici orqanların bu sahədə fəallığını bir qədər də artırmaq lazımdır. Parlament diplomatiyası amilindən maksimum bəhrələnməklə faydalı parlamentlərarası əməkdaşlıq mexanizmləri səmərəli şəkildə tətbiq olunmalıdır. Bu işdə parlament dostluq qruplarının imkanlarına ciddi əhəmiyyət verilməlidir.

Tədbirdə GUAM PA-nın beşinci iclasının yekunlarına dair yekun sənəd qəbul edilmişdir.

Elton Məmmədov bildirmişdir ki, sənəddə təşkilatın beynəlxalq fəaliyyəti alqışlanır, Baltik Assambleyası və Benilüks Parlament Assambleyası, həmçinin digər Beynəlxalq və regional qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi yüksək dəyərləndirilir.

Sənəddə tərəflər qeyd edirlər ki, GUAM Parlament Assambleyası demokratiyanın möhkəmləndirilməsində, qanunun aliliyinə, insan haqlarına və azadlıqlara əməl edilməsində, dövlətlərin iqtisadi inkişafında, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində vacib rol oynayır.

Sənəddə regiondakı münaqişələrin həlli ilə bağlı irəliləyişin olmamasından narahatlıq ifadə olunur. Bildirilir ki, bu münaqişələr hazırkı vəziyyətdə təkcə GUAM-a üzv olan ölkələr üçün deyil, bütün Avropa üçün təhlükə yaradır.

GUAM PA Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki töhfələrini yüksək qiymətləndirmiş və quruma üzv dövlətlər ilə həyata keçirilən enerji layihələrinə öz dəstəyini ifadə etmişdir.

Son olaraq sənəddə GUAM PA-nın altıncı iclasının gələn ilin payızında Gürcüstanda keçiriləcəyi bildirilir.

Sonra GUAM PA-dakı Gürcüstan parlament nümayəndə heyətinin rəhbəri Zurab Abaşidze çıxış etmişdir. O, Bakı toplantısının ən yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirmişdir. İki gün ərzində qurum üzvlərinin çox məhsuldar işlədiyini, gündəlikdəki bütün məsələlərin müzakirə olunduğunu, iclasa qatılmış Beynəlxalq təşkilatların nümayəndələri ilə olduqca səmərəli fikir mübadiləsi aparıldığını, ümumiyyətlə, GUAM-ın fəaliyyətində beynəlxalq dəstəyin vacibliyini vurğulamışdır.

Z.Abaşidze demişdir ki, 2013-cü ildə təşkilata Gürcüstan sədrlik edəcəkdir. O, həmin dövrdə görəcəkləri işlərdən danışmış, Beynəlxalq və regional qurumlarla daha sıx siyasi əməkdaşlıq etmək, həmçinin təşkilat daxilində daha çox əlaqələndirilmiş fəaliyyət göstərmək niyyətində olduqlarını bildirmişdir. Ölkələrimiz arasında nəqliyyat dəhlizinin və azad iqtisadi zonanın daha da genişləndirilməsini, tərəfdaş dövlətlərlə əlaqələrdə müsbət dinamikanın gücləndirilməsini, model qanunların hazırlanıb qəbul olunmasını, yeni layihələr üzrə təşəbbüskarlığın artırılmasını diqqətdə saxlayacaqlarını bəyan etmişdir.

Bununla da GUAM Parlament Assambleyasının beşinci iclası başa çatmışdır.

 

*   *   *

Sonra GUAM Parlament Assambleyasının beşinci iclasının yekunlarına dair mətbuat konfransı keçirilmişdir.

Tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və GUAM-ın Baş katibi jurnalistləri maraqlandıran suallara ətraflı cavab vermişlər.

Vurğulanmışdır ki, GUAM genişlənmə üçün açıq təşkilatdır və beynəlxalq əlaqələrinin inkişafında maraqlıdır.

 

Azərbaycan.-2012.- 21 dekabr.- S.3.