Azərbaycanın xarici
işlər naziri GUAM-ın baş katibi ilə görüşmüşdür
Dekabrın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın baş katibi Valeri Çeçelaşvili ilə görüşmüşdür.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə GUAM arasında münasibətlərin hazırkı vəziyyəti, regionda və təşkilat çərçivəsində həyata keçirilən layihələr, həmçinin GUAM ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Tərəflər BMT Baş Məclisinin GUAM ilə əməkdaşlıq barədə qəbul etdiyi qərarı və "GUAM ərazisində uzadılmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" adlı qətnamə layihəsinə dair GUAM ilə BMT arasında razılığın əldə olunmasını müsbət qiymətləndirmişlər.
Görüşdə Valeri
Çeçelaşvili məlumat vermişdir ki, rəhbərlik
etdiyi təşkilatın layihəsi çərçivəsində
2013-cü il martın birinci yarısında Bakıda
çirkli pulların yuyulmasına qarşı mübarizə
sahəsində üçgünlük beynəlxalq
seminarın keçirilməsi planlaşdırılır. BMT-nin
Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin
və ABŞ-ın maliyyə dəstəyi ilə keçiriləcək
seminarda GUAM və Avropa
İttifaqı ölkələrinin, ABŞ-ın, eləcə
də Avropol, İnterpol
və digər beynəlxalq və regional təşkilatların
nümayəndəsinin iştirakı nəzərdə tutulmuşdur.
Azərbaycan.-2012.- 21 dekabr.- S.3.