Lider əzmi ilə gerçəkləşən
mütərəqqi ideyalar
Hər bir xalqın özünüqoruma instinktinin mükəmməl təzahür forması kimi yüz illər boyu ictimai şüurda sistemli düşüncə tərzinə çevrilən dövlətçilik təfəkkürü tarixi təkamül prosesində mahiyyətini dəyişməmişdir: əsrlər boyu siyasi məzmun yükünü dəyişməyən bu ali həqiqət məhz bundan ibarətdir ki, yalnız milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli tarixin sınaqları qarşısında duruş gətirərək milli inkişafın əsasına çevrilir. Tarixən formalaşaraq cilalanmış belə bir dövlət modeli hər bir xalqın yaradıcılıq potensialının ən yüksək zirvəsi kimi qəbul olunur. Avropanın böyük mütəfəkkirlərindən olmuş Mark Avrelinin söylədiyi kimi, bu potensial yalnız hökmdarlıq və filosofluq məharətini öz şəxsiyyətində bir araya gətirmək iqtidarında olan insanların əməlində açıla bilər.
Milli dövlətçilik
təfəkkürü: etnosdan millətə doğru
Dünyanın ən qədim etnoslarından sayılan azərbaycanlılarda torpaq, Vətən və millət təəssübünün, bütün bunların fövqündə dayanan dövlətçilik təfəkkürünün formalaşması prosesi obyektiv ictimai-siyasi proseslərlə şərtlənmişdir. Xalqımızın coğrafi məkan üzrə bağlı olduğu mədəni, dini və siyasi baxışlar tarixən milli dövlətçilik təfəkkürünə ciddi təsir göstərərək onun kamilliyini, yetkinliyini təmin etmişdir. Zəngin sərvətlərə, əlverişli iqlim şəraitinə, füsunkar təbiətə malik Azərbaycan geosiyasi mövqeyinə görə zaman-zaman yadelli işğalçıların hücumlarına məruz qalmış, lakin hər zaman düşmənə layiqli müqavimət göstərmişdir. Yetkin dövlətçilik təfəkkürümüzün poetik nümunəsi, hikmətli söz xəzinəsi olan "Kitabi-Dədə Qorqud" dastanı azərbaycanlıların etnosdan millətə çevrilmə prosesini özündə bütün çalarları ilə əks etdirir. Dastandakı obrazların mükəmməl milli xarakteri, xüsusən də, oğuz türklərinin ucalıq və qudsallıq bütünə çevrilmiş ulu Dədə Qorqudun dövlətçilik, torpaq, Vətən və yadellilərlə mübarizə ilə bağlı müdrik fikirləri indinin özündə də ictimai şüurda özünə möhkəm yer tapmışdır.
Müəyyən obyektiv səbəblərdən Azərbaycanda XX əsrin ikinci yarısınadək dövlətçilik ideallarını milli irs əsasında reallaşdıraraq xalqın qanı, canı bahasına qazanılan müstəqilliyi qoruyub saxlayan və möhkəm ideoloji-siyasi təməllər, oturuşmuş ənənələr üzərində gələcək nəsillərə ötürən şəxsiyyətlər olmamışdır desək, bir qədər yanılmış olarıq. Azərbaycan xalqının dövlətçilik yaddaşında daim xoş xatirə kimi parlayan, Şah İsmayıl Xətainin müəllifliyi ilə xalqın milli maraqlarının, azərbaycanlı etnosunun yaradıcılıq potensialının ifadəsi kimi ortaya çıxmış Səfəvilər dövləti erkən itirdiyimiz ilk böyük sərvətimiz olmuşdur. Belə bir imkanın itirilməsinə, Səfəvilər dövləti modelində geniş ərazi hüdudlarına malik qüdrətli Azərbaycan dövlətinin gələcəyini təmin edə biləcək vasitələrin hazırlanmamasına, bu gün sadəcə, təəssüflənə bilirik. Fəqət, böyük tarixi şəxsiyyət olan Şah İsmayılın hərbi-siyasi fəaliyyəti nəticəsində mərkəzləşmiş Səfəvi dövlətinin yaranması ilə Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşması prosesi bir qədər də sürətlənmiş və xalqımızın qan yaddaşının əbədi koduna çevrilmişdir. Xalqın ilk dəfə vahid dövlətin tərkibində birləşməsi, vahid iqtisadi-təsərrüfat sisteminin yaranması dövlətçilik təfəkkürünün formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Səfəvilərin hakimiyyəti dövründə - dövlətin birinci şəxsinin poetik yaradıcılığından tutmuş, - Azərbaycan-türk dilinin dövlətin rəsmi dili səviyyəsinə qaldırılmasına qədər, - bütün məsələlər millilik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Şah İsmayıl ali məramlı tarixi şəxsiyyət kimi" monumental əsərində haqlı olaraq yazır: "Şah İsmayıl fenomeninin ən mühüm əlaməti ondan ibarətdir ki, poeziya, yaradıcılıq dövlət başçısı üçün əyləncə, ikinci dərəcəli məşğuliyyət deyildi, əksinə, siyasi ideyaları daha təsirli, inandırıcı şəkildə təbliğ etmək, öz ideallarını, məqsəd və vəzifələrini yaymaq və izah etmək üsulu idi".
Dövrün təlatümləri, geniş xalq kütlələrinin savadsızlığı Azərbaycan Xalq Cumhuriyyəti formasında tarixin bizə bəxş etdiyi ikinci imkanın da sonadək reallaşmasına imkan verməmişdir. Əlbəttə, danılmaz reallıqdır ki, ötən əsrin əvvəllərində yaranmış AXC müsəlman Şərqində ilk demokratik respublika kimi 23 aylıq mövcudluğu ilə bugünkü müstəqil Azərbaycan dövlətinin sələfinə çevrilərək gələcək müstəqilliyimizin zəruri ideoloji əsaslarını təmin etmişdir. Lakin obyektiv səbəblərdən ölkəmizin nəinki tarixi coğrafiyasına, hətta Şimalına belə tam nəzarət etmək, müxtəlif etnosları vahid ideologiya ətrafında birləşdirib superetnos yaratmaq gücündə olmayan Azərbaycan Xalq Cümhuriyyətini milli dövlətçilik təfəkkürümüzün daha çox metaforik təzahürü kimi nəzərdən keçirənlər, bu mənada, kifayət qədər haqlı görünürlər.
Heydər
Əliyevin şah əsəri -
Müstəqil Azərbaycan
Milli dövlət quruculuğu prosesinin həlledici dövrünə gəlincə, bu mərhələ Azərbaycan Xalq Cümhuriyyətinin hərbi təcavüz nəticəsində süqutundan sonra meydana çıxmış Azərbaycan Sovet Sosialist Respublikasının rəhbərliyinə ötən əsrin 70-ci illərində böyük strateq Heydər Əliyevin gəlişi ilə başlanmışdır. SSRİ kimi nəhəng imperiyanın süqutuna, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran keşməkeşli və uzun mübarizə tarixinin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlaması da ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə bağlıdır. Məhz Neydər Əliyev dühası cümhuriyyətin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla, əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Ulu öndər zəngin təcrübə, dövlətçilik təfəkkürü və fədakarlıqlar hesabına qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Şübhəsiz, milli müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. 1991-ci ildən 1993-cü ilin iyununadək bütövlükdə yeni müstəqil dövlətin taleyi ciddi sual altında idi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan cəmi 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi. 1993-cü ilin iyununda xalqın təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı.
Məhz bu mərhələdən davamlı siyasi sabitliyin, iqtisadi intibahın, qanunçuluğun və hüquq qaydalarının təmini istiqamətində qətiyyətli addımların atılması ölkədə yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək imkanı yaratmışdır. Dövlət müstəqilliyinin Azərbaycan üçün ən böyük töhfələrindən biri sovet dövründə basqılara, təzyiqlərə məruz qalan milli-mənəvi irsin tam bərpa edilməsi, dövrün tələblərinə uyğun yeni nəslə təqdimatıdır. Çağdaş tariximizə möhürünü vurmuş Heydər Əliyev dühası müstəqil respublikamıza rəhbərliyi dövründə azərbaycançılığın ayrı-ayrı komponentlərini vahid sistem halına gətirərək milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaratmışdır.
Yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər müasir dövrdə hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual problemlərindən birinə çevirmişdir. Heydər Əliyev dühasının Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genefondunu qorumuşdur. Ulu öndər Heydər Əliyev düşüncələrində böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu ansamblını yarada bilmişdir. Ümummilli lider öz davranışları ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə göstərmişdir. Heydər Əliyevin mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorunmuş, milli adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün bütün zəruri addımlar atılmışdır.
İnkişaf
salnaməsinin yeni müəllifi
Ümummilli lider Heydər Əliyev bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünmüş, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışmışdır. Dahi öndər Azərbaycanı daim inkişaf edən, müasir görmək istədiyindən xalqın gələcək taleyinə biganə qalmamış, müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək praqmatik düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirmişdir. Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda, 90-cı illərdə xoas və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdirsə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir.
Prezident
İlham Əliyevin son 9 ildə ölkəyə rəhbərliyinin
ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan,
sözün əsl mənasında, tam müstəqil siyasət
yürüdən ölkədir. Bu gün
müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti,
dövlətçilik siması, inkişaf yolu var. Ölkə
iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi
inkişaf və demokratikləşdirmə, hüquqi dövlət
quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl
və məqsədyönlü fəaliyyəti də məhz
milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini
təmin etmişdir. Möhtərəm Prezident
İlham Əliyev ötən 9 ildə böyük siyasi məharətlə
dövlətə rəhbərlik fəaliyyətinin
bütün məqamları arasında qırılmaz
bağlılığa, məntiqi ardıcıllığa
nail olmuş, Azərbaycanda dövlət idarəçiliyinin
özünəməxsus mükəmməl sistemini
formalaşdırmış, bu sistemin xalqın mənafeyinə
uyğun intensiv fəaliyyətini təmin etmişdir. Dövrün tələblərinə uyğun
formalaşdırılmış bu sistem respublikamızın
sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə,
vətəndaş sülhünə, insanların maddi rifah
halının yaxşılaşmasına, ölkəmizdə
demokratiyanın inkişafına yönəlmiş
mühüm qərarlara, habelə bu qərarların
icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.
Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. 2009-cu ildə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
Gələcək inkişafın
mükəmməl hədəfləri
Son illərdə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Əlbəttə, gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından - qərarların qəbulu sənətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır, bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə, regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir.
Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.
2012-ci ildə Avropanın bir sıra ölkələrində maliyyə böhranın doğurduğu çətinliklər özünü qabarıq göstərmiş, büdcə xərcləri azaldılmış, vergilər artırılmış, dövlət və özəl sektorda iş yerlərinin ixtisara salınması geniş vüsət almış, ümumi daxili məhsulun kəskin azalması müşahidə edilmişdir. Bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Azərbaycan iqtisadiyyatı isə mənfi təzahürləri hələ də qabarıq sezilən qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Uğurla həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin yaratmışdır. Bu ilin 9 ayında qeyri-neft sektorunun 10,3 faiz artması, bu sahənin son 4 ildə ÜDM-də payının 5 faizdən çox yüksəlməsi, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının 14 faiz artması dinamik inkişafın göstəricisidir. Bu fakt Azərbaycan iqtisadiyyatının sadəcə neft amili üzərində qurulmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu bir daha təsdiqləyir.
Milli Məclisin deputatı olaraq deyə bilərəm ki, Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı fərmanla qüvvəyə minmiş "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun da Azərbaycanın dinamik inkişaf yolunda olduğunun əyani təsdiqidir. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin layihəsi sosial məsələlərin hökumət üçün prioritet olduğunu bir daha təsdiqləyir. Gələn ilin dövlət büdcəsi gəlirlərinin 19,2 milyard, xərclərinin isə 19,8 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır - bu, cari illə müqayisədə 2,14 milyard manat çoxdur. Ali maliyyə sənədinə əsasən, sosial müdafiə və təminat xərcləri üçün gələn il 1 milyard 813,6 milyon manat vəsait ayrılmışdır. Dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm, elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat, kənd təsərrüfatı, hüquq-mühafizə orqanlarında çalışan dövlət qulluqçularının aylıq əməkhaqları, habelə pensiyaların artırılması gözlənilir.
Müstəqil
sözü, imzası olan dövlət
Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan Qərbdə yalnız zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. Respublikamızın milli inkişaf və tərəqqi baxımından demokratikləşmə xəttinə səmimi şəkildə bağlılığı indi Qərb dövlətlərində də qətiyyən şübhə və tərəddüd doğurmur. Demokratik islahatlar yolunda olan, iqtisadi inkişaf potensialı yüksək dəyərləndirilən, dünya enerji təhlükəsizliyi sistemindəki rolu və çəkisi durmadan artan Azərbaycan Avropa üçün kifayət qədər cəlbedici görünür.
Ötən il respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu möhtəşəm hadisə, ilk növbədə, rəsmi Bakının son dərəcədə sabit və uğurlu, eyni zamanda, sivil birgəyaşayış normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər.
Son
illər bir sıra mühüm beynəlxalq tədbirlərin
keçirilməsi məkanı kimi Bakı şəhərinin
seçilməsi respublikamızın beynəlxalq nüfuzunu
daha da yüksəldir. Aşkar
görünür ki, Azərbaycan sülh və əməkdaşlıq
paytaxtı kimi tanınmağa başlayır və belə bir
müsbət imicin formalaşmasında son illər respublikada
keçirilən beynəlxalq toplantıların əhəmiyyətini
xüsusi vurğulamaq lazımdır. Respublikada
müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə
paralel şəkildə demokratik-hüquqi islahatların da
dönmədən davam etdirilməsi, bu iki təmayülün
ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən
keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli
tədbirlərin mərkəzinə çevirmişdir.
Bunun əsas səbəblərindən biri də xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf etməsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Ölkə başçısı ilk gündən azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı respublikamızda bütün milli və dini azlıqların birgə yaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir.
Tolerantlıq
ünvanı
İki ay öncə paytaxtımızda təşkil olunan İkinci Bakı Beynəlxalq Humanitar Forumu da Azərbaycanda yüksək tolerantlığın bariz təsəssümü kimi tarixiləşmişdir. Belə bir forumun Bakıda keçirilməsi, ilk növbədə, respublikamızın sivilizasiyalararsı dialoq prosesində fəal mövqe tutduğunu, zəngin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını göstərir. Humanitar əməkdaşlıqla bağlı qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün nüfuzlu platforma kimi nəzərdə tutulmuş bu humanitar forumun məqsədi XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən etmək olmuşdur. Forumun hər il keçirilməsi ilə əlaqədar Bakı tədricən bəşəriyyətin qlobal məsələlərinin müzakirə edildiyi beynəlxalq platformaya, belə demək olarsa, dünyanın "Humanitar Davos"una çevriləcəkdir.
Ölkə başçısı Bakı Humanitar Forumundakı çıxışında demişdir: "Başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə olan hörmətdən başlamalıdır. Eyni zamanda, Vətənə bağlı olmayan, vətənpərvərlik hisslərindən kənar olan insanlar başqa mədəniyyətlərin nümayəndələrini də lazımi səviyyədə qəbul edə bilməzlər. Onlar, eyni zamanda, bəzi hallarda başqa mədəniyyətlərə qarşı olan hörmətsizliyi də, əslində, öz mədəniyyətinə olan hörmətsizlik əsasında qururlar. Ona görə də qloballaşan dünyada bu məsələlərə xüsusi diqqət göstərilməlidir".
Hər bir insan hansısa millətə, xalqa,
etnosa mənsubluq hissi daşıyır. Bu, özünəməxsusluq
hissi ilə səciyyələnən, milli kimliyi ifadə edən
mənəvi dəyər xalqın toxunulmaz sərvətidir. Bu reallıqdan çıxış edən dövlət
başçısı İlham Əliyev vurğulayır ki,
demokratik prinsiplərlə yaşamaq, bu yönümdə
inkişaf etmək arzusunda olan hər bir dövlət ölkəsində
cəmiyyətdaxili tolerantlığın bərqərar
olmasını təmin etməlidir. Bu, regionda, sonda isə
bütün dünyada tolerant durumun formalaşmasına olan
xidmətdir. Tolerantlıq düşüncə tərzi, cəmiyyətin
tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyət
və lokal insan birliklərinin birgə yaşayışı
nəticəsində əldə olunmuş tarixi nailiyyətidir.
Bu, demokratik cəmiyyətin, mədəniyyətlərarası
münasibətlərin təməl prinsiplərindəndir.
Tolerantlıq ayrıca
götürülmüş bir dövlətin deyil, hazırda
bütün dünyanın qlobal, sosial-mədəni problemi
statusunu kəsb etmişdir.
Son illər Bakıda Bibiheybət, Təzəpir və
digər məscidlər əsaslı təmir olunmuş,
onların təchizatına lazımi diqqət
ayrılmışdır. Bundan başqa, cənab
İlham Əliyevin göstərişi ilə paytaxtın ən
gözəl guşələrinin birində katolik kilsəsi
inşa edilmiş, habelə pravoslav kilsəsi təmir və bərpa
olunmuşdur. Əhalinin yüksək
faizinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda
gürcü pravoslav kilsəsi, rus pravoslav kilsəsinin yepiskopu
müstəqil fəaliyyət göstərir. Ölkədə
rəsmi şəkildə 500-dən çox islam,
34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə,
6 sinaqoq fəaliyyət göstərir.
Nisbətən yeni anlayış olmasına baxmayaraq,
multikulturalizm əsrlər boyu xalqımıza xas
anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin,
millətlərin nümayəndələri Azərbaycanda bir
ailə kimi yaşamışlar. Azərbaycanda
dini, yaxud da ki, milli zəmində qarşıdurma,
anlaşılmazlıq olmamışdır. Uzağa getməyək,
elə bu ilin may ayında "Eurovision" mahnı
yarışmasının Bakıda yüksək səviyyədə
keçirilməsi də ölkəmizin yüksək tolerant
ölkə olduğunu təsdiqləmişdir. Müsabiqənin
keçirilməsi üzrə təşkilat komitəsinə
rəhbərlik edən Azərbaycanın birinci
xanımının yüksək təşkilatçılığı
sayəsində respublikamız nəinki bu məsuliyyətli
işin öhdəsindən uğurla gəlmiş, eyni zamanda,
milli mədəniyyətinin zənginliyini və özünəməxsusluğunu
da təsdiqləmək imkanı qazanmışdır.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
"Eurovision" mahnı müsabiqəsi ilə bağlı
Bakıya gəlmiş əcnəbilərə müraciətində
demişdir: "Ölkəmizdə tarixən tolerantlıq ənənələri,
mədəniyyət və sivilizasiyaların dialoqu mövcud
olmuşdur. Burada müxtəlif xalqların və
dinlərin nümayəndələri əsrlər boyu sülh
və əmin-amanlıq şəraitində yaşamış
və yaşamağa davam edirlər. "Eurovision"
mahnı müsabiqəsi keçirilən günlərdə də
ifaçıları, qonaqları və
tamaşaçıları, milliyyətindən, dinindən və
siyasi baxışlarından asılı olmayaraq Bakıya
toplaşan bütün insanları musiqi birləşdirəcək".
"Eurovision"la başlanan
uğurlu debüt
"Eurovision-2012"
musiqi müsabiqəsindən sonra Azərbaycan böyük
uğur kimi dəyərləndiriləcək daha bir qərarın
qəbuluna nail olmuşdur. Söhbət Avropa
Olimpiya Komitəsinin Avropa Oyunlarının 2015-ci ildə ilk dəfə
Bakıda keçirilməsi ilə bağlı tarixi qərarından
gedir. Qurumun Baş Assambleyasının dekabrın 10-da qəbul
etdiyi həmin qərara əsasən, Azərbaycan 2015-ci ildə
öz paytaxtında daha bir möhtəşəm idman tədbirinə
ev sahibliyi edəcəkdir. Şübhəsiz,
belə bir qərarın qəbuluna Azərbaycanın son illər
ərzində sürətlə inkişaf etməsi,
Avropanın enerji təhlükəsizliyində aparıcı
dövlətə çevrilməsi, demokratikləşmə
yolunda inamlı addımlar atması, tolerantlığı və
digər amillər mühüm təsir göstərmişdir.
Fəqət,
ölkəmizin idman sahəsində son illər əldə
etdiyi böyük nailiyyətləri də ciddi səbəb
sırasında xüsusi qeyd etmək lazımdır. Avropa ilə
Asiyanın qovuşduğu məkanda yerləşən Azərbaycan
əvvəlki illərdə olduğu kimi, bu il
də dünya ictimaiyyətinin diqqət mərkəzində
olmuşdur. Prezident İlham Əliyevin sərəncamı
ilə 2012-ci ilin ölkədə "İdman ili" elan
edilməsi Azərbaycan idmanının tarixində yeni mərhələnin
başlanğıcı olmuşdur. Azərbaycan
olimpiyaçıları bu il London
Olimpiadasında rekord sayda - 2 qızıl, 2 gümüş və
6 bürünc medal qazanmışlar. Xatırladaq
ki, Atlanta Olimpiadasında gənc Azərbaycan
Respublikasının yığma komandası cəmi 1 medal,
Sidney Olimpiadasında 3 medal qazandığı halda, Afina və
Pekin olimpiadalarında idmançılarımızın
qazandığı medalların sayı, müvafiq surətdə
5 və 7 olmuşdur. Hər növbəti olimpiadada
idmançılarımızın qazandığı
medalların miqdarı və Azərbaycan Olimpiya
yığmasının üzvlərinin sayı ilə
yanaşı, Azərbaycan idmançılarının bu
oyunlarda ən güclü rəqib adına
iddia etdikləri idman növlərinin sayı da artır. 2012-ci ildə London Olimpiadasında Azərbaycan
idmançıları bizim üçün ənənəvi
sayılan təknövçülük yarışları ilə
yanaşı, ilk dəfə olaraq velosiped idmanı, avarçəkmə
və idman gimnastikası yarışlarında da iştirak
etmişlər. Azərbaycan bu
yarışlarda qeyri-rəsmi komanda hesabında 30-cu yeri
tutmuşdur. Qazanılmış medalların
sayına görə respublikamız dünyada 24-cü, Avropa
ölkələri arasında 15-ci, müsəlman ölkələri
arasında 3-cü yeri tutmuşdur. Azərbaycan
paralimpiyaçıları da Londonda həqiqətən, heyrətamiz
nəticələr göstərdilər. Pekin
paralimpiadasında nisbətən kiçik uğur - cəmi 2
qızıl medal qazanmış
paralimpiyaçılarımız Britaniya paytaxtından Vətənə
12 medal ilə, o cümlədən 4 qızıl medal ilə
qayıtmışlar.
2012-ci ilə qədər ölkəmizdə futboldan
başqa, bir sıra idman növləri üzrə dünya
çempionatları və qitə birincilikləri keçirilmişdir. Cari il isə
17 yaşa qədər qızlar arasında futbol üzrə
dünya çempionatının Azərbaycanda təşkil
edilməsi ilə əlamətdar olmuşdur. İdman ilində
həmçinin güləş, boks,
avarçəkmə, cüdo və digər ənənəvi
idman növləri üzrə çoxsaylı beynəlxalq
turnirlər keçirilmişdir. Azərbaycan
Velosiped İdmanı Federasiyası bu ilin yayında Azərbaycan
idmanı tarixində ilk dəfə ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq
velotur keçirilməsi təşəbbüsü ilə
çıxış etmişdir. Azərbaycanın
ən gözəl guşələrində 17 ölkənin
idmançılarının iştirakı ilə
keçirilmiş ilk veloyürüş regionlarda sağlam həyat
tərzinin, habelə ölkəmizin cəlbedici turizm
imkanlarının təbliği baxımından təsirli
vasitə olmuşdur.
2015-ci ildə Bakıda Şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə isə Şahmat Olimpiadası keçiriləcəkdir. Amma 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları respublikamızın beynəlxalq aləmdə necə böyük nüfuza malik olduğunu bir daha təsdiqləyir. Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Xikkeyin dediyi kimi, dinamik inkişaf edən Azərbaycanın belə bir nüfuzlu idman tədbirini keçirmək üçün hər cür imkanı vardır. Bu əminlik bir daha təsdiqləyir ki, müstəqilliyin 20 ili ərzində Azərbaycan etibarlı tərəfdaş kimi, siyasi stabilliyin yüksək səviyyədə olduğu və çox böyük iqtisadi potensiala malik bir dövlət kimi nüfuz qazanmışdır.
Prezident İlham Əliyev bu hadisə ilə bağlı xalqı təbrik edərək demişdir: "Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik".
Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev müstəqil dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və bu kursu yeni dövrün tələblərinə uyğun zənginləşdirir. Milləti Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bizi, xəyallarda yaşatdığımız demokratik, qüdrətli, modern Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında mühüm vəzifələr gözləyir. Əminik ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu hədəflərə çox qısa zamanda qovuşacaqdır.
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı, yazıçı-publisist
Azərbaycan.-2012.- 21 dekabr.- S.4.