Azərbaycan UNESCO-nun
silahlı münaqişələr zamanı mədəni
mülkiyyətin qorunması üzrə
Komitəsinin
vitse-prezidenti seçilmişdir
Azərbaycan UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin vitse-prezidenti seçilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, dekabrın 20-də UNESCO-nun Parisdəki baş qərargahında təşkilatın silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin yeddinci sessiyası keçirilmişdir. Sessiyada Komitə sədri, üç vitse-prezident və məruzəçi, eləcə də Komitə bürosuna yeni üzvlər seçilmişdir.
Komitənin sədri vəzifəsinə Belçika, vitse-prezidentlər isə Azərbaycan, Xorvatiya və Salvador seçilmişlər. Xorvatiya, eyni zamanda, məruzəçi də seçilmişdir. Azərbaycanın UNESCO-nun bu vacib Komitəsinə vitse-prezident seçilməsi silahlı münaqişələr zamanı, eləcə də işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələlərində ölkəmizin göstərdiyi səylərin nəticəsidir.
AzərTAc
Azərbaycan.-2012.- 21 dekabr.- S.5.