«Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi»

 mövzusunda birinci Beynəlxalq Bakı Forumu başa çatmışdır

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏUİKGF) birgə təşkilatçılığı ilə "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi" mövzusunda birinci  Beynəlxalq Bakı Forumu dekabrın 20-də işini bölmə iclaslarında davam etdirmişdir. 

AzərTAc xəbər verir ki, iclaslarda Türkiyə, Misir, İran, İordaniya, Malayziya, Küveyt kimi müsəlman ölkələri ilə yanaşı, İngiltərə, Fransa, ABŞ və Rusiyadan din siyasəti ilə məşğul olan rəsmi şəxslər, dinşünaslar, ilahiyyatçılar, din xadimləri və mütəxəssislər iştirak etmişlər.

DQİDK sədrinin müavini Gündüz İsmayılovun sədrliyi ilə keçirilmiş  birinci bölmə iclasında "Millidini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli" mövzusu müzakirə olunmuşdur.

Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov,  DƏUİKGF-nin Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov, Kaliforniya Universitetindəki "Hillel" Yəhudi Mərkəzinin direktoru Xaim Saidler Feller  mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.

Azərbaycan Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili  bildirmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra burada  dini icmaların fəaliyyəti üçün geniş imkanlar yaranmışdır. Azərbaycanda udilərin normal yaşayışı üçün hər cür şəraitin olduğunu qeyd edən R.Mobili bunu Prezident Əliyevin ölkə daxilində apardığı məqsədyönlü  siyasətin uğurlu nəticəsi kimi  dəyərləndirmişdir.

"Tolerantlıq və ifadə azadlığı" uğrunda ikinci bölmə iclasına İslam Əmək Təşkilatı baş katibinin müşavirixüsusi nümayəndəsi Ömür Orhun sədrlik etmişdir.

İclasda İordaniya Dünya İslam Elmləri və Təhsil Universitetinin vitse-prezidenti Mahmud Xarbutil, Milli Məclisin deputatı Qənirə Paşayeva, Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru, professor Əbdüləziz  Berqut, Misirin Yaxın Şərq informasiya agentliyi xarici əlaqələr departamentinin rəhbəri Məhəmməd Mustafa Əbdül Raziq Səid çıxış edərək mövzuya münasibətlərini bildirmişlər.

Professor Ə.Berqut bildirmişdir ki, Azərbaycanda formalaşmış tolerantlıq modeli münaqişələrlə dolu müasir dünya üçün əsl nümunədir.

Məhəmməd Mustafa Əbdül Raziq Səid Azərbaycanın bəzi regionlarına səfər etdiyini,  hər yerdə müxtəlif dinlərə mənsub insanlar arasında  tolerantlıq və qarşılıqlı hörmət  gördüyünü,  bütün bunların Prezident İlham Əliyevin uğurlu siyasətinin bəhrəsi olduğunu vurğulamışdır. Azərbaycanı bu sahədə Misirə və digər ölkələrə nümunə hesab etdiyini söyləyən Məhəmməd Mustafa Əbdül Raziq Səid Bakı Forumunun dinlərarası münasibətlərin tənzimlənməsinə töhfə olacağına əminliyini bildirmişdir.

"Universal dialoq axtarışında" mövzusunda keçirilən sonuncu bölmə iclasında Türkiyə Cəfəri İcmasının rəhbəri Səlahəddin Özgündüz, İran İslam Respublikası İslam Məzhəblərinin Yaxınlaşdırılması Cəmiyyəti baş katibinin müavini Höccətülislam Seyid Musa Musəvi, ABŞ-ın Patriarx Afinaqoras Ortodoks İnstitutunun direktoru Mitropolit Nikitas, Oksford Universitetinin professoru Robert Hoyland mövzu ətrafında fikir mübadiləsi aparmışlar.

Forumun bağlanış mərasimində DQİDK-nın sədri Elşad İsgəndərov Azərbaycan ilə yanaşı, müxtəlif ölkələrin din siyasəti ilə məşğul olan rəsmi şəxslərinə, ilahiyyatçılara, dinşünaslara və mütəxəssislərə bölmə iclaslarında fəal iştiraklarına görə minnətdarlığını çatdırmış, Bakı Forumunun dinlərarası dialoqun və tolerantlığın möhkəmlənməsinə töhfəsini verəcəyinə əminliyini  bildirmişdir.

Müzakirələrdən sonra forumun yekun sənədi - "Bakı platforması" qəbul olunmuşdur. Bununla da, "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi" mövzusunda birinci Beynəlxalq Bakı Forumu işini başa çatdırmışdır.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 21 dekabr.- S.5.