Azərbaycan Texniki
Universitetində «Avtomatika və idarəetmənin
müasir problemləri» mövzusunda
respublika konfransı işə başlamışdır
Dekabrın 20-də Azərbaycan Texniki Universitetində (AzTU) "Avtomatika və idarəetmənin müasir problemləri" mövzusunda respublika konfransı işə başlamışdır.
AzərTAc xəbər verir ki, alimlərin və respublikanın ali təhsil müəssisələri nümayəndələrinin iştirak etdikləri tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov konfransın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, müasir dövrdə istehsal proseslərinin avtomatlaşdırılması texniki tərəqqinin əsas istiqamətlərindəndir. Hazırda avtomatlaşdırma bütün istehsalata, yəni məhsulun layihələndirilməsindən onun hazırlanmasına qədər bütün sahələrdə tətbiq edilir. Müasir istehsalat maşın və aqreqatların məhsuldarlığının artırılması, maya dəyərinin aşağı salınması ilə səciyyələnir. Elm və texnikanın qarşısında duran ən mühüm məsələlərdən biri istehsalatın avtomatlaşdırılmasını, texniki səviyyəsinin yüksəldilməsini, avtomatlaşdırılma vasitələrinin sürətli inkişafını təmin etməkdir.
Konfransda İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı, texnika elmləri doktoru, professor Nurəli Yusifbəylinin "Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı şəraitində elektroenergetika sektorunun idarəetmə sisteminin smart-texnologiyalar əsasında təkmilləşdirilməsi konsepsiyası", professor Tofiq Rzayevin "Avtomatika və idarəetmə" və professor Qəzənfər Rüstəmovun "Klassik idarəetmənin problemləri" mövzusunda məruzələri dinlənilmişdir.
Məruzələrdə respublikamızda avtomatlaşdırmanın təsdiq olunduğu sahələr və onların səmərəli fəaliyyəti barədə ətraflı məlumat verilmiş, hazırda həyata keçirilən proqramlardan söhbət açılmışdır.
Tədbirin
bölmə iclaslarında alim və mütəxəssislərin
130-dək məruzəsi dinləniləcək, müzakirələr
aparılacaqdır. Konfrans dekabrın 21-də başa
çatacaqdır.
Azərbaycan.-2012.- 21 dekabr.- S.5.