Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi

 

Dekabrın 20-də Bakıdakı "Park İNN" mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan kitabxana-informasiya müəssisələrinin, habelə tabeçiliyində kitabxanalar olan nazirliklərin, komitələrin, idarə və təşkilatların nümayəndələri, o cümlədən bir sıra hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak etmişlər.

Müşavirə iştirakçıları əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin 2010-2012-ci illərdə nəşr edilmiş kitablarından ibarət sərgi və müxtəlif kitabxanaların fəaliyyətini əks etdirən fotostendlərlə tanış olmuşlar.

Tədbir Azərbaycan kitabxanaları haqqında videoçarxın nümayişi ilə başlanılmışdır.

Müşavirədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev respublikada mövcud kitabxanaların fəaliyyəti, son dövrlər kitabxana sahəsində görülmüş işlər haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda informasiya və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların mühüm rolu vardır. Hazırda respublikamızda 11 mindən çox kitabxana fəaliyyət göstərir. Kitabxanaların uğurlu fəaliyyəti hər bir kitabxanaçının fərdi qabiliyyəti, təhsil səviyyəsi və fədakar əməyinin nəticəsindən asılıdır.

Vurğulanmışdır ki, Azərbaycanda bu sahə ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində daha da uğurla inkişaf etməyə başlamışdır. Son vaxtlar kitabxana sahəsinin inkişafına dövlətimizin  diqqət və qayğısı artmışdır.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi" haqqında 2008-ci il 6 oktyabr tarixli sərəncamı bu sahənin inkişafına zəmin yaratmışdır.

Qeyd edilmişdir ki, respublikanın şəhər və rayonlarında kitabxanaların avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri ilə təchiz olunması istiqamətində mühüm işlər görülmüş, kütləvi kitabxanaların bir çoxunda elektron kataloqun yaradılması işinə başlanılmışdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif sahələrdə 250 kitab nəşr edilmişdir. Kitabxanaların fondunu zənginləşdirmək məqsədilə bu kitablar ölkənin bir sıra kitabxanalarına təqdim edilmişdir. Ölkənin müxtəlif strukturlarında fəaliyyət göstərən kitabxanaların fondlarında 35 milyondan çox kitab, jurnals. informasiya daşıyıcıları oxucuların ixtiyarına verilmişdir.

V. Əliyev bildirmişdir ki, hazırda qarşımızda duran vacib məsələlər oxucuların kitabxanalara həvəs və maraqlarının artırılması istiqamətində xidmətlərin yüksəldilməsi, latın qrafikasında kitabların nəşrinin artırılması, kəndlərdə və bir sıra rayonlarda kitabxanaların internetə çıxışını təmin etməkdir.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov "Azərbaycan respublikasında kitabxana qanunvericiliyi", Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin "Müasir gənclərin yaradıcı düşüncəsi. Müasir epoxa kitabxanalarının kitabları" mövzularında məruzələri dinlənilmişdir.

Müşavirədə təhsil nazirinin müavini Qulu Novruzov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və başqaları  çıxış edərək gənclərin bu sahəyə maraq və həvəslərinin artırılması istiqamətində görülmüş işlər,  kitabxanaların elektronlaşdırılması, mövcud problemlər, perspektivlər və s. haqqında söhbət açmışlar. Bildirilmişdir ki, müasir kitabxanalarda informasiyaların toplanması, saxlanılması və paylaşdırılması vasitələrinin və metodlarının təkmilləşdirilməsi ilə yanaşı, informasiya axtarışı və onun işlənilməsi vasitələri də modernləşdirilməlidir.

Gəncə, Şəki mərkəzi kitabxana sistemlərinin direktorlarının "Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi", "Gəncə şəhər MKS-nin innovasiya sahəsində əldə etdiyi nailiyyətlər" mövzularında məruzələri dinlənilmişdir.

Daha sonra müşavirə işini Bakının müxtəlif kitabxanalarında davam etdirmişdir.

 

Azərbaycan.-2012.- 21 dekabr.- S.5.