AzərTAc «Yaxşıların
yaxşısı – 2012» mükafatına layiq
görülmüşdür
Dekabrın 20-də "Excelsior" mehmanxanasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) cari ilin yekunlarına dair təsis etdiyi "Yaxşıların yaxşısı - 2012" mükafatının təqdim olunması mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, mərasimin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış və idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, 2012-ci il ölkə idmanı üçün çox uğurlu keçmişdir. İdmançılarımız London Olimpiadasında 10 medal qazanaraq 204 ölkə arasında 30-cu olmuşlar.
Ölkəmizdə uğurlu idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran İ.İsmayılov hazırda bu xəttin layiqincə davam etdirildiyini demişdir. Vurğulamışdır ki, idman infrastrukturu təkcə paytaxtda deyil, bölgələrdə də təkmilləşdirilir və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda ölkə idmanında kütləvilik gündən-günə artmaqdadır. Cari ildə ölkəmizdə 40-dan artıq beynəlxalq turnir təşkil olunmuş, idmançılarımız xarici ölkələrdə keçirilən yarışlarda 235 medal qazanmışlar.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova cari ilin BŞGİBİ üçün uğurlu olduğunu demişdir. Bildirmişdir ki, başa çatmaqda olan ildə Azərbaycanda gənclər və idman sahəsində böyük uğurlar əldə olunmuşdur. "Yaxşıların yaxşısı" mükafatının təsis olunmasını yüksək qiymətləndirən F.Hüseynova bacarıqlı ölkə gənclərinin mükafatlandırılmasının əhəmiyyətindən danışmışdır.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə cari ildə Azərbaycan olimpiyaçılarının qazandıqları nailiyyətlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, bu il ölkə idmanının tarixində mühüm hadisələrlə yadda qalacaqdır. 2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda təşkil olunması ilə bağlı qərar qəbul olunmuşdur. Bundan əlavə, 2016-cı ildə Dünya Şahmat Olimpiadasının da Bakıda keçirilməsi ilə bağlı mühüm müqavilələr imzalanmışdır.
BŞGİBİ-nin rəisi Raqif Abbasov rəhbərlik etdiyi qurumun cari ildə həyata keçirdiyi tədbirlər barədə məlumat vermiş, ölkəmizdə gənclər və idman siyasətinin inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən göstərilən qayğıdan danışmış, gələcək layihələr haqqında söhbət açmışdır.
Sonra il ərzində gənclər və idman sahəsində fərqlənmiş bir qrup fəal gənc, idmançılar, qeyri-hökumət təşkilatları, tələbə gənclər təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, rayon gənclər və idman idarələri, federasiyalar "Yaxşıların yaxşısı - 2012" mükafatı ilə təltif olunmuşlar.
Kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən tədbirlərin işıqlandırılmasına yaxından dəstək göstərdiyinə görə Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) "Yaxşıların yaxşısı - 2012" mükafatı təqdim olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etmişdir.
AzərTAc
Azərbaycan.-2012.- 21 dekabr.- S.5.