Mənalı ömür
sahibi
Anadan olmasının 100 illiyi tamamlanan görkəmli alim, elm xadimi Şamil Əliyev cəmi 57 il ömür sürüb. Amma bu uzun olmayan ömrünün bütün illəri, günləri alimin çoxcəhətli yaradıcılıq uğurları ilə elə zəngindir ki, açığı, heyrətlənməyə bilmirsən. Bir insan bu qədər məsuliyyətin, çətin işlərin öhdəsindən ağır və qarışıq dövrdə necə gələ bilirdi? O, sanki zamanın fövqündə dayanaraq günəş kimi ətrafa nur saçırdı. Bu işığın selindəcə hər şey apaydın görünürdü.
Həyatını elmə bağlayan gündən xalqının maariflənməsi, tərəqqisi yolunda, milli kadrların yetişməsində əzab-əziyyətlərə sinə gərən Şamil Əliyev, əslində, çox keşməkeşli həyat yaşayıb. Quruluşun hər cür sifətini, repressiya və müharibələrin acısını dadıb. Bir tərəfdə millətinin sevgisini duyub, xalqının rəğbətini qazanıb, digər tərəfdə də haqsızlıqla, ədalətsizliklə üzləşib. Bu təzadlı dünyada onu yaşadan, mübarizələrə ruhlandıran, ağlagəlməz çəkişmələrdən qalib çıxardan isə məramı, məqsədi, saf və təmiz niyyəti olub. Şahin Əliyev əsl ziyalı və dərin təfəkkürə malik alim idi.
O, 1912-ci ilin dekabrında Şuşada anadan olub. Əvvəlcə Şuşa şəhərindəki
birinci dərəcəli
məktəbdə oxuyub,
sonra təhsilini Müəllimlər Seminariyasında
davam etdirib. Ali təhsil almaq
məqsədilə Bakıya
gələn Şamil Əliyev 1928-1931-ci illərdə
Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun tarix və eyni
vaxtda şərqşünaslıq
fakültələrində oxuyub. O zaman respublikamızda ali
təhsilli mütəxəssislərə
həddən artıq
ehtiyac var idi. İnstitutu bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumuna müəllim kimi göndərilən Şamil Əliyev bir neçə il burada
fəaliyyət göstərib.
Elmə olan marağı onu yenidən paytaxta gətirib. Aspiranturada təhsil alan Şamil
Əliyev 1936-cı ildə
İpəkçilik üzrə
namizədlik dissertasiyası
müdafiə edərək
alimlik dərəcəsi
alıb. Akademik Fuad Qasımzadə yazırdı: "Şamil
Əliyev respublikamızda
namizədlik dərəcəsi
almış ilk alimlərimizdən
idi. Özü də 24 yaşında".
1939-cu ildə Azərbaycan
hökumətinin qərarı
ilə Şamil Əliyev Moskvaya partiya məktəbində
oxumağa göndərilib. 1941-ci ildə həmin məktəbi bitirən gənc bir müddət
Ümumittifaq Radio Komitəsində
Yaxın və Orta Şərq ölkələri üçün
verilişlər şöbəsinə
başçılıq edib.
Hərtərəfli və geniş
biliyə malik Şamil Əliyevin əsas tədqiqat sahəsi siyasi iqtisad olsa da,
onun başqa elmlərə də marağı var idi. Təkcə fəlsəfəyə həsr etdiyi əsərlərinin sayı
50-ni ötmüşdü. Digər tərəfdən, tərcümə
ilə də məşğul olurdu.
İkinci Dünya müharibəsinin
qəflətən başlaması
ilə əlaqədar
Şamil Əliyev Vətənə dönməli
olub. Maraqlıdır ki, elə həmin ilin payızında 29 yaşlı
gənc alim Azərbaycan Dövlət Universitetinin rektoru təyin edilib. Azərbaycan Pedaqoji, Xalq Təsərrüfatı,
Xarici Dillər, həmçinin Qiyabi Pedaqoji, Bədən Tərbiyəsi və İdman institutları ADU-da birləşdirildi. Həmin dövrdə peşəkar
müəllim kadrlarının
çoxu müharibəyə
getmişdi. Dövlət
ali təhsilə
elə də lazımi qayğı göstərə bilmirdi. Həm hökm sürən maddi çətinlik, həm də kadr çatışmazlığı
mövcud idi. Belə ağır bir şəraitdə gənc,
lakin enerjili və bacarıqlı Şamil Əliyevin təşkilatçılıq qabiliyyəti Azərbaycan Dövlət Universitetinin üzərinə düşən
məsuliyyətli işin
öhdəsindən şərəflə
gəlməsinə imkan
yaratdı. O vaxt
universitetdə digər
beş ali
məktəb də birləşmişdi və
bu, çoxşaxəli,
mürəkkəb bir
tədris-elm qurumu idi. Belə bir kollektivə
rəhbərlik istedadlı
alim, yorulmaz təşkilatçı Şamil
Əliyevə etibar edilməsi təsadüfi deyildi. O, həqiqətən
də ali
məktəblərin işinin
yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin
öhdəsindən bacarıqla
gəlirdi. Həmkarları
rəğbətlə söyləyirlər
ki, Şamil Əliyev o zaman, əslində, altı ali məktəbə
rəhbərlik edirdi.
Öz əli ilə yazdığı xatirələrin birində
oxuyuruq: "Müharibənin
ilk günlərindən dövrün
tələblərinə uyğun
universitetin elmi və tədris işlərinin yenidən qurulması üçün
təcili tədbirlər
həyata keçirdik.
Müharibə başlanandan
yaranmış ağır
şərait: ali məktəb müəllimlərinin çox
hissəsinin cəbhəyə
getməsi, maddi və maliyyə imkanlarının məhdudlaşması
və s. respublikanın
bir sıra ali məktəblərini müvəqqəti olaraq universitetin tərkibinə
birləşdirmək zəruriyyətini
yaratmışdır. Biz bütün fəaliyyətimiz
boyu müdafiə və bədən tərbiyəsi işinə
xüsusi diqqət yetirirdik. Bu illərdə
tam qüvvə ilə
işləmək üçün
xüsusi dərnək
və aksiyalar təşkil edirdik: snayper, atıcılıq,
pulemyotların təmiri,
süngü döyüşü,
qranat atıcılığı
üzrə və yanğınsöndürmə, özünümüdafiə qurumlarının
işi təşkil olunurdu. Müharibə şəraitində işimiz də onun tələblərinə
uyğun getməli idi. Mühazirə planlarında da
müharibə ilə
əlaqədar mövzuların
sayı artırılmışdı.
Müharibə şəraiti üçün
işlənmiş planda
21, hərbi müdafiə
əhəmiyyətli 14 mövzu
müəyyənləşdirdik ki, bunlar da
kompleks xarakter daşıyırdı. Uzun müddət
nəzərdə tutulmuş
müdafiə və elmi təsərrüfat əhəmiyyətli mövzular
yenidən qurulurdu.
Tələbələrdə vətənpərvərlik, beynəlmiləlçilik
hisslərini daha da gücləndirmək üçün pedaqoji, tarix və ədəbiyyat
fakültələri öz
iş planlarına müvafiq mövzular daxil etmişdilər".
Şamil
Əliyevin idarəetmə
və təşkilatçılıq
qabiliyyəti sayəsində
universitet qələbə
əzmi ilə, qələbə ruhunda müharibəyə hazır
vəziyyətdə fəaliyyət
göstərirdi. Həm milli
kadrlar hazırlanırdı,
həm də döyüşçülər yetişirdi.
Tükənməyən enerjiyə, yüksək intellektual səviyyəyə malik və eyni zamanda,
bir neçə istiqamətdə çalışmağı,
təşkilatçılıq fəaliyyətini elmi-pedaqoji
işlə üzvi surətdə birləşdirməyi
bacaran Şamil Əliyevin sorağı müxtəlif ali
məktəblərdən də
gəlirdi. Məsələn, müharibə illərində
Şamil Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda siyasi iqtisad fənnindən dərs deyib. Professor Hidayət
Cəfərov yazırdı:
"Müharibənin ağır
illərində beş müxtəlif
istiqamətli ali məktəbi öz tərkibində birləşdirmiş
Azərbaycan Dövlət
Universitetinə rəhbərlik
etmək asan iş deyildi. Nəzərə almaq lazımdır
ki, Şamil Əliyev həmin dövrdə çox gənc idi. Belə məsul vəzifəni aparmaq ondan son dərəcə ciddi məsuliyyət, bilik və bacarıq tələb edirdi. Lakin hadisələrin sonrakı
gedişi göstərdi
ki, Şamil Əliyev rektor vəzifəsinə təsadüfən
seçilməyib. Müxtəlif istiqamətlər üzrə
yüksək ixtisaslı
kadrlar hazırlanması
ilə yanaşı, həmin illərdə universitetin laboratoriyalarında
döyüşən ordunun
tələblərinə uyğun
elmi-tədqiqat işləri
aparılır, dəyərli
elmi-praktik nailiyyətlər
əldə edilirdi".
O,
1944-cü ilin sonuna qədər bu ali təhsil
müəssisəsinin rektoru
vəzifəsində şərəflə
çalışdı. 1943-cü
ildən 1953-cü ilə
qədər də Azərbaycan Sənaye İnstitutunda Siyasi iqtisad kafedrasına başçılıq edərək
həmin sahə üzrə kadrların hazırlanmasında fədakarlıq
göstərdi. 1945-1947-ci illərdə AK(b)P Bakı Komitəsində təbliğat və təşviqat şöbəsinin
müdir müavini və müdiri vəzifələrində çalışan
Şamil Əliyev, eyni zamanda, "Təbliğatçı" jurnalının
baş redaktoru idi.
1955-ci ildə Şamil Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna direktor təyin olunub. Bununla bərabər, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin Siyasi iqtisad kafedrasının dosenti kimi pedaqoji fəaliyyətini davam etdirib. Müxtəlif məsul vəzifələrdə işləməklə yanaşı, elmi-tədqiqat işlərini də unutmayan Şamil müəllim siyasi iqtisad elminin nəzəri problemlərinin tədqiqi ilə bağlı maraqlı araşdırmalar aparıb. Quruluşun tələbinə görə bir sıra siyasi xadimlərin əsərlərinin Azərbaycan dilinə tərcüməçisi olub. Azərbaycanda siyasi iqtisad fənninin formalaşmasında, eyni zamanda, onun bir elm sahəsi kimi təşəkkül tapması və inkişafında Şamil Əliyevin böyük xidmətləri var. Keçmiş ittifaq miqyasında seçilən və əməyi yüksək qiymətləndirilən mütəxəssislərdən sayılan Şamil Əliyev müharibədən sonrakı illərdə bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, müxtəlif orden və medallarla təltif olunmuşdur.
Şamil Əliyev həyatını elə bir dövrdə elmə bağlamışdı ki, ölkəmizdə repressiyaların tüğyan etdiyi zamanlar idi. Hətta danışırlar ki, bəlkə də İkinci Dünya müharibəsi başlamasaydı, Şamil Əliyev Moskvadan Vətənə qayıda bilməzdi. Çünki həmin illər Azərbaycan xalqının ziyalı oğulları bir-bir ac qurdun - repressiyanın güdazına gedirdi. İkinci Dünya savaşının qəfil başlaması repressiyalara xitam verdi. Bu müvəqqəti durğunluğa baxmayaraq, Şamil Əliyev yan-yörəsindəki müəllimlərinin, Şuşadakı qohumlarının, Bakıdakı dostlarının Sibirin çöllərinə sürgün edildiyindən xəbərdar idi. Təzadlı duyğuların, haqsız təqiblərin ağrıları onu içindən sarsıdırdı. Amma bütün bununla belə baş verən xoşagəlməz olayların anlaşılmaz bir səbəbdən yarandığını güman edirdi. Çünki o, sidq-ürəklə Kommunist Partiyasına, Lenin ideyalarına inanırdı. İnandığı üçün də Karl Marksın "Kapital"ını, Leninin əsərlərini tərcümə və nəşr etməkdən zövq alırdı. Amma müharibədən sonra da baş verən müəyyən haqsızlıqlar ona bu quruluşun azadlığımıza, sərbəstliyimizə, müstəqilliyimizə qənim kəsildiyini anlatmışdı. Bəlkə də elə bu ağrı və sarsıntının nəticəsi idi ki, bu cür istedadlı, enerjili, zəkalı bir insan cəmi 57 il yaşadı. Halbuki doktorluq dissertasiyası hazır idi. Böyük elmi-tədqiqatları var idi. Elmimizə gərəkli neçə-neçə araşdırma müəllifi də olacaqdı. 1969-cu ildə dünyasını dəyişən Şamil Əliyevi tanıyanlar onu xalqımızın mənəvi sərvəti kimi dəyərləndirirlər. Həqiqətən də bioqrafiyasını nəzərdən keçirəndə, elmlə bağlı fədakarlığından xəbər tutanda, gənc yaşında altı ali məktəbə rektor vəzifəsinin öhdəsindən bacarıqla gəldiyindən məlumat alanda onun daxili gücünə heyrət etməyə bilmirsən. Yaxşı ki, Azərbaycan xalqının belə unudulmaz, möhkəm əqidəli, yüksək məramlı, xalqa bağlı ziyalıları olub. Şamil Əliyev kimi şəxsiyyətlər bütün zamanlar üçün nəsillərə nümunədir. Ondan öyrənmək, irsindən faydalanmaq isə həmişə gərəklidir. Mənalı, məramlı ömrün alimlik şərəfi Şamil Əliyevə əbədi yaşamaq xoşbəxtliyi bəxş etdi. Bu səadəti qazananları xatırlamaq, yad etmək, onların şərəfli ömürlərindən ləçəklər çəkərək ötənlərə boylanmaq bizim vətəndaşlıq və övladlıq borcumuzdur. Bizdən öndə gedənlərə ehtiram göstərmək bizdən sonra gələnlərə yolun düzünü göstərməkdir.
Flora XƏLİLZADƏ,
Azərbaycan.-2012.- 21 dekabr.- S.6.