Milli-mənəvi dəyərlərimizi yaşatmaq keçmişə

 ehtiram, gələcəyimizə zəmanətdir

 

"Masallı 2012-ci ilin folklor paytaxtıdır" festivalı uğurla  başa çatdı

 

 Masallı ölkəmizin qədim yaşayış məskənlərindəndir. Xalqımıza, xüsusilə cənub bölgəsinə məxsus olan, yüz illər, min illər yol keçib gələn adət-ənənələr, folklor nümunələri bu gün də burada yaşamaqdadır. İnsanların ən sevincli və kədərli vaxtlarında: beşik başında, tarlada, inək sağanda, xəmir yoğuranda, nehrə çalxayanda, qız köçürəndə, oğul evləndirəndə və digər mərasimlərdə yaranıb onlar: laylalar, oxşamalar, bayatılar, əfsanələr, rəvayətlər, lətifələr, söyləmələr, alqış və qarğışlar, atalar sözləri, məsəllər, nəğmələr və rəqslər.

Xalqımızın bu əvəzsiz mənəvi dəyərlərini qorumaq, gələcək nəsillərə çatdırmaq çox böyük əhəmiyyət kəsb edir. Çünki ana dili kimi folklor da xalqın mənəvi diriliyi, milli kimliyidir. Elə buna görə də folklorumuzun təbliği ilə bağlı son illər mühüm tədbirlər görülməkdədir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "2010-2012-ci illər üçün xalq yaradıcılıq paytaxtları" Proqramı tərtib etmişdir. Proqrama əsasən, 2012-ci ildə Masallı "Azərbaycanın folklor paytaxtı" elan edilmişdir. Bununla bağlı hələ ilin əvvəlində təşkilat komitəsi yaradılmış, rayonun şəhər, qəsəbə və kəndlərində yaşayan yaşlı nəslin nümayəndələri, ziyalılar və din xadimləri ilə görüşlər keçirilmiş, söhbətlər aparılmışdır. Cari ilin mart ayından indiyə kimi ayrı-ayrı adamların sinəsində, yaddaşında yatıb qalan bir çox folklor nümunələri aşkarlanaraq qələmə alınmışdır. Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyətində "Azərbaycan folkloru mədəni sərvətimizdir" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Folklorşünas alimlərin də iştirtak etdiyi həmin konfransda qeyd olunmuşdur ki, 100-150 il bundan əvvəl yaşamış bir çox xalq qəhrəmanları haqqında rəvayətlər bu gün də adamların yaddaşında qalmaqdadır.

Masallıda ən çox yayılan folklor nümunələrindən biri halaydır. O, əsasən, xınayaxdı gecələrində ifa olunur. Halay dəstəsində ikidən tutmuş ona qədər adam ola bilər. Halay biliciləri onun mərhələlərini belə sıralayırlar: lolo; uca dağlardan səslərəm; yeri ha, yeri; sonalar; yeri kim; yar düymələr şəstin; dəstə eylər; gül eylər; aman, mələk; basma, basma tağları; ha yordu, yordu, yordu; aman, aman. Təsadüfi deyil ki, respublikamızda məşhur olan "Halay"  folklor xalq kollektivi burada - Masallı rayonunun Mahmudavar kəndində yaranmışdır. Onun bünövrəsi 1957-ci ildə həvəskar mədəniyyət işçisi, etno-folklorun, mərasim və əmək nəğmələrinin mahir bilicisi Ümbülbanu Cəbiyeva tərəfindən qoyulub. Qızlardan ibarət dəstənin geniş tamaşaçı kütləsi qarşısında çıxışı isə 1959-cu ildən başlayıb. O vaxta qədər kollektiv kənd toylarında, kiçik şənliklərdə bir növ təlim-məşq hazırlığı keçib. Ötən illər ərzində "Halay" respublikamızda və onun hüdudlarından kənarda Azərbaycanın milli folklor incilərinin, xüsusən də cənub bölgəsinin mərasim-oyun nəğmələrinin, bütövlükdə mənəvi dəyərlərimizin təbliği sahəsində çox işlər görmüşdür. Çəkilən zəhmət hədər getməyib. Həvəskar qızlardan ibarət qrup xalq kollektivi adına layiq görülmüşdür. Ucqar dağətəyi kəndindən başlanan yaradıcılıq yolu "Halay"ı respublikamızın titullu səhnələri ilə yanaşı, Macarıstan, İraq, Türkiyə, Rusiya - ümumilikdə 30-a yaxın ölkədə tamaşaçıların görüşünə aparıb çıxarmışdır. Dəfələrlə respublika festivallarının qalibi sayılan "Halay" folklor kollektivi 2007-ci ildə Türkiyədə uluslararası Novruz şənliklərində Azərbaycanı layiqincə təmsil etmişdir. Tədbirin sonunda qardaş ölkənin Baş naziri R.T.Ərdoğan kollektiv üzvləri ilə görüşmüş, onları təbrik etmiş və Azərbaycanın cənub bölgəsində belə bir yaradıcı dəstənin fəaliyyət göstərməsindən məmnun olduğunu bildirmişdir. "Halay" 2008-ci ildə Dağıstanın Mahaçqala şəhərində keçirilən "Dağlı xalqlarının beynəlxalq folklor festivalı"nda da uğurlu kompozisiyaya görə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin fəxri fərmanını almaqla yanaşı, ən yaxşı və zövqlü milli geyimə görə təsis edilən mükafata da layiq görülmüşdür.

 

Festivalın yüksək səviyyədə hazırlanıb keçirilməsində "Halay" haqqında çəkilən sənədli film, habelə Masallı folkloru nümunələrinin toplandığı kitabın rolu böyük olmuşdur. Masallının "Folklor paytaxtı" seçilməsində "Halay"ın nailiyyətləri  müstəsna əhəmiyyət kəsb etmişdir. 

"Folklor ili" çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri də "Folklor paytaxtı"nın kubokunun və loqosunun təqdimetmə mərasimi idi. Aprelin 15-də mərasimdə Milli Məclisin deputatları, tanınmış aktyorlar və başqaları iştirak edirdilər. Həmin tədbir dağ çaylarına qüvvət verən yazın gəlişinə bənzəyirdi. Bundan sonra şəhər mərkəzində, qəsəbə və kəndlərdə bir-birindən maraqlı tədbirlər keçirilməyə başlandı. Proqramın məramına uyğun olaraq, keçirilən bu tədbirlər sübut etdi ki, insanların ovqatını yüksəltməkdə, xüsusilə gənc nəslin hərtərəfli inkişafında xalq yaradıcılığı qaynaqlarından istifadə etməyin böyük faydası var.

"Folklor ili" çərçivəsində keçirilən silsilə tədbirlərdən biri muğam festivalı olmuşdur. Respublikanın muğam ustalarından təşkil olunmuş münsiflər heyəti 60-dan çox rayondan gəlmiş həvəskar xanəndələri diqqətlə dinləyərək onlara uğurlar arzulamışlar.

İl boyu "Masallı" rəqs, incəsənət məktəbinin "Sara", yaşlılardan və gənclərdən ibarət "Halay" ansamblları, Şərəfənin "Həcər", Xırmandalının, Öncəqalanın, Sərçuvarın, Gəyəçölün, Qodmanın xalq kollektivləri rəngarəng tədbirlərdə uğurla çıxış edirdilər. Tədbirlər get-gedə daha da kütləviləşirdi. Ulu öndərin anadan olmasının 89-cu ildönümü və Qurtuluş Günü münasibətilə keçirilən tədbirlərdə  rayonun bütün musiqi kollektivləri  iştirak edirdilər.

Sonra yaz festivalı, turizm mövsümünün açılışı, xalq sənəti, el təranələri, xalq yaradıcılıq bayramları da təmtəraqla keçirildi. Bir sözlə, rayonun 118 bədii özfəaliyyət kollektivi, onların 2 min 800 üzvü  tədbirlərdə iştirak etdi.

"Folklor ili" çərçivəsində ən böyük tədbir isə Masallıda keçirilən Beynəlxalq Folklor  Festivalı idi. Həmin gün - sentyabrın 7-si Masallı xüsusilə təmtəraqlı görünürdü. Küçə və meydanlar şəhərdən, rayonun ayrı-ayrı kənd və qəsəbələrindən  gələnlərlə dolu idi. Masallı Beynəlxalq Folklor  Festivalına gələnləri salamlayırdı. Festival başlamazdan əvvəl Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin üzvləri, digər dövlət rəsmiləri ulu öndər Heydər Əliyevin  abidəsi önünə gül-çiçək dəstələri qoydular. Şəhərin Nizami parkında zurnaçılar, nağaraçılar meydanı qızışdırdılar. Folklor kollektivləri, tamaşaçılar qol-qola girib rəqs etdilər. Sonra tədbir iştirakçıları Bayraq meydanından ötüb arasıkəsilməyən dəstələrlə Heydər Əliyev parkının önündən keçdilər. Folklor kollektivləri  təmsil etdikləri ölkələrin bayraqlarını dalğalandırdılar. İlk olaraq meydanda Azərbaycan Bayrağı dalğalandı. "Halay" folklor kollektivi, "Masallı" rəqs qrupu, Naxçıvanın rəqs ansamblı, Rusiya Federasiyası Dağıstan Respublikasının, Kabarda-Balkarın, Türkiyənin, İranın, Latviyanın folklor kollektivləri üç gün rayonda, Boradigah qəsəbəsi və Şərəfə kəndində, istirahət obyektlərində zəngin proqramlarla çıxış etdilər. Konsertlər zamanı Masallının tələbkar tamaşaçıları da mahnılara nəqarət tutur, rəqslərə ahəng verirdilər.

Tədbirlə bağlı açıq səma altında yaradılan muzey də qonaqların marağına səbəb oldu. El sənətkarlarının hazırladıqları bir-birindən dəyərli, gözəl, cəlbedici suvenirləri onlar xüsusi maraqla qarşılayırdılar. Musiqimizə, rəqs və nəğmələrimizə olan sayğılar xalqımızın ululuğunu, qədimliyini əks etdirən məişət əşyalarımıza yönəlirdi.

Ərkivanlı duluzçu Cəsarət Nuriyevin nümayiş etdirdiyi gil və qumdan hazırlanmış onlarca məişət əşyaları barədə sual-cavab, təəccüb, heyrət insanların marağının göstəricisi idi. Qonaqlar sandıqçı Şərafət Əzizovu da dövrələmişdilər. 10 növdən çox sandıq nümayiş etdirən Şərafətdən ünvan alır, ona sandıq sifariş verir, sənətini tərifləyirdilər. Boradigahlı sənətkar Taleh Avdiyevin düzəltdiyi qılınclar, müxtəlif döymələr, samovarlar, Yaqub Məmmədovun tikdiyi papaqlar da festival iştirakçılarının diqqətini çəkirdi. Sərgidə Musaküçə həsirçiləri dədə-baba sənətlərini, Təhmasib Məcidov çəkdiyi rəsm əsərlərini, Əntiqə Tağıyeva Masallı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarını nümayiş etdirdilər. Mədəniyyət evinin rəssamı Tofiqin hazırladığı, üzərində "Azərbaycanın folklor paytaxtı - Masallı-2012" yazılmış suvenir sandığı 10-dan artıq qonağa bağışlandı.

Festivalda iştirak edən latviyalı müğənni An Mari Azərbaycan tamaşaçılarına "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçısı kimi yaxşı tanışdır. O, "Sarı gəlin" Azərbaycan xalq mahnısını öz repertuarına daxil edəndən sonra ölkəmizdə daha da məşhurlaşmışdır. An Mari Masallı haqqında təəssüratlarını belə ifadə etdi:

- Masallını təbiətin, insanların yaratdığı möcüzə kimi gördüm. Gözəl rayonunuz, möcüzəli yerləriniz, qibtəediləsi təbiətiniz var. Burada insanlar da oxuyur, meşələr, dağlar, bulaqlar, şəlalələr də. Mən də sizin üçün oxuyacağam. Latış mahnılarını və "Sarı gəli"ni Azərbaycan dilində.

Festivalın rəsmi açılışında çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qədimliyimizdən, onun təməli üzərində yüksələn, ondan qaynaqlanan mədəniyyətimizdən, bu mədəniyyətə aid olan Azıx mağarasının canlı tarixindən, Qobustan qaya rəsmlərinin unikallığından söz açmış, ana laylaları, ata öyüdlərindən süzülüb gələn folklorumuzun Masallıda da qorunub saxlandığını, inkişaf etdirildiyini vurğulamış, bu böyük xəzinənin tanıdılmasında Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidmətləri olduğunu qeyd etmişdir. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva isə festivalı dünya mədəniyyətlərinin yaxınlaşması üçün vasitə kimi dəyərləndirmişdir.

Dekabrın 15-  Masallı yenidən izdihamlı idi. Buraya dövlət rəsimləri, Mədəniyyət Nazirliyinin və kütləvi informasiya vasitələrinin nümayəndələri gəlmişdilər. Bu, bir növ "Folklor paytaxtı"nın keçirdiyi çoxsaylı tədbirlərə yekun vurmaq və qiymət vermək məqsədi daşıyırdı. Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini, təşkilat komitəsinin sədri Nəsir Muxtarlı açdı. O, "Folklor ili"ndə keçirilən tədbirlər barədə ətraflı danışaraq bildirdi ki, bu sahədə görülən işlər bütün rayonu əhatə edib. Xalq folklorunu öyrənməkdə, bu qiymətli incilərin araşdırılıb tapılmasında, toplanmasında Masallı camaatı tədqiqatçı olub. Ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən folklor tədbirlərində minlərlə insan iştirak edib, yeni kollektiv və ifaçılar meydana çıxıb.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət və siyasət şöbəsinin müdiri Fikrət Babayev "Folklor ili"ndə Masallıda bir-birindən zəngin, maraqlı, çoxsaylı tədbirlərin keçirildiyi barədə danışdı. O qeyd etdi ki, Masallıda keçirilən Beynəlxalq Folklor Festivalında  iştirakçıların yüksək qonaqpərvərliklə qarşılanması barədə  nazirliyə və rayona təşəkkür məktubları gəlməkdədir. Masallı rayon rəhbərliyinin festivalla bağlı işini, eləcə də "Folklor ili" çərçivəsində keçirdiyi tədbirləri təqdir edərək bildirdi ki, Masallı hər cür beynəlxalq tədbirlərə  ev sahibliyi edə bilər.

Respublika Folklor İnstitutunun direktoru Muxtar İmanov rayonun zəngin folkloru olduğunu qeyd etdi. O bu folklorun toplanılıb çap etdirilməsi barədə iş görüldüyünü bildirdi.

Yenə səhnə incəsənət ustalarına verildi. Masallı Olimpiya İdman Kompleksində keçirilən yekun konsertində folklor ansamblları, ayrı-ayrı ifaçılar, rəqs kollektivlərinin çıxışları bir-birini əvəz etdi. "Halay", Naxçıvanın "Şərur" ansamblları, Türkiyə, İran, Latviya, Dağıstan və Kabarda-Balkar folklor qruplarının ifaları xoş təsir bağışladı.

Festivalda Masallıda nəfis şəkildə hazırlanan saxsı qablar, müxtəlif suvenirlər, köynəklər, qələmlər, döş nişanları iştirakçılar üçün maraqlı idi və başqa ölkələrdən gələn qonaqlar öz ölkələrinə bu qiymətli hədiyyələri məmnuniyyətlə apardılar. Festival müddətində hazırlanan fotoalbomlar, disklər və s. əşyalar da maraqla qarşılandı.

Tədbirdə "Folklor ili"ndə fərqlənən kollektivlərə və ayrı-ayrı ifaçılara diplomlar, fəxri fərmanlar, mükafatlar təqdim edildi. Sonda jurnalistlər üçün mətbuat konfransı keçirildi.

 

 Seyran CAVADOV,

Azərbaycan.-2012.- 21 dekabr.- S.7.