Qusar rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkənin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası, "Qusar-1" kiçik su elektrik stansiyası, turizm obyektləri və sosialyönümlü digər obyektlər istifadəyə verilmiş, ucqar kəndləri birləşdirən yollar yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Rayon ərazisində "Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Qusar rayonu üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Qusar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 dekabr 2012-ci il
Azərbaycan.-2012.- 22 dekabr.- S.1.