Bir sıra qanun layihələrinə dəyişikliklər
edildi
Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda bir sıra qanun layihələri, qanunlara əlavə və dəyişikliklər və Azərbaycan Respublikasının xarici dövlətlərlə imzaladığı beynəlxalq sazişlər təsdiqləndi.
Gündəlik təsdiqləndikdən sonra cari məsələlərin müzakirəsi üçün vaxt ayrıldı.
Çıxış
edən deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa
Gürcüstanda yaşayan soydaşlarımızın
mövcud durumundan danışdılar.
Avropa Şurası Azərbaycana daim
ikili standartlarla yanaşır
Deputat Zahid Oruc bildirdi ki, yanvar ayının
25-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu
üzv kimi qəbulunun 11 ili tamam olur. Ancaq bu
müddət ərzində adıçəkilən qurum Azərbaycan
üçün bir məhkəmə rolunu oynayıb. Avropa Şurası Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini
kənara qoyub, daha çox tövsiyələrinin yerinə
yetirilməsini tələb edib. Onun fikrincə,
bütün bu amillər nəzərə alınmaqla Azərbaycan
bu qurumla münasibətlərinə yenidən
baxmalıdır.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki,
Avropa Şurası Azərbaycana daim ikili standartlarla
yanaşıb.
Azərbaycanın üzərinə müxtəlif öhdəliklər
qoyulub və onların hamısı yerinə yetirilib: "Azərbaycan
Avropa Şurasının öhdəliklərini yerinə yetirməsinə
baxmayaraq, yenə də ölkəmizə qarşı
münasibət dəyişməyib. Ona görə
də Azərbaycan yeni öhdəlikləri qəbul etməməlidir.
Dəfələrlə şahidi olmuşuq ki,
Gürcüstan və Ermənistana Azərbaycandan fərqli
yanaşılır. Biz bütün öhdəlikləri
yerinə yetirmişik. Niyə təzə
öhdəliklər götürməliyik? Avropa Şurası ilə Azərbaycanın münasibətlərinə
yenidən baxmağa ehtiyac yoxdur. Əsas
odur ki, məsələ qaldırıb monitorinqdən
çıxmalıyıq".
İclasda
çıxış edən deputat Əli Məsimli
dekabırn 19-20-də Milli Məclisdə keçirilən GUAM
Parlament Assambleyasının beşinci iclası,
görüşlər, toplantılar və qəbul olunan qərarlar
barədə məlumat verdi. Azərbaycan
nümayəndə heyətnin üzvü bildirdi ki, GUAM
Parlament Assambleyası beynəlxalq münasibətlər
sistemində öz mövqeyini möhkəmləndirməkdədir.
Assambleyadakı milli parlament nümayəndə
heyətləri son illərdə çox fəal şəkildə
təşkilatı təmsil etmiş, bir sıra regional
parlament qurumları ilə sıx əlaqələrin
qurulmasında səylərini əsirgəməmişlər.
Azərbaycanın GUAM-a
sədrliyi dönəmində
təkcə üzv ölkələrlə deyil, bir sıra digər
dövlətlərlə də əlaqələri xeyli
genişlənib və möhkəmlənib. Avropanın
5 aparıcı təşkilatı artıq GUAM-la əməkdaşlıq
edir.
Sonra gündəlikdə duran məsələlərin
müzakirəsi başlandı. Öncə Ali Məhkəmə,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Sumqayıt Apelyasiya Məhkəməsi
hakimlərinin təyin edildiməsi təsdiqləndi (Qərar
qəzetin bugünkü nömrəsində dərc edilib).
"Mədəniyyət
haqqında" qanun layihəsi üçüncü
oxunuşda qəbul edildi
Gündəlikdə olan "Mədəniyyət
haqqında" qanun layihəsi (3-cü oxunuş) barədə
Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov
bildirdi ki, bu qanun Azərbaycanda mədəniyyət və incəsənət
sərvətlərinin yaradılması, qorunması, dirçəlişi,
inkişafı və yayılması sahəsində münasibətləri
tənzimləyir, mədəniyyət sahəsində insan
hüquq və azadlıqlarını təmin edir, bu sahədə
hüquqi, təşkilati, iqtisadi və sosial təminatları,
eləcə də dövlət siyasətinin məqsədini,
prinsiplərini müəyyən edir. Komitə sədrinin
sözlərinə görə, qüvvədə olan "Mədəniyyət
haqqında" qanunun qəbul olunmasından 15 il
ötür. Azərbaycan mədəniyyətində
baş verən yeniliklər, qazanılan uğurlar isə yeni
bir qanunun işlənib hazırlanması zərurətini
yaradıb. Yeni qanun layihəsini Mədəniyyət
və Turizm Nazirliyi ilə Milli Məclisin müvafiq komitəsi
hazırlayıb. Nizami Cəfərov onu da
diqqətə çatdırdı ki, artıq Ədliyyə və
Maliyyə nazirlikləri, Milli Elimlər Akademiyası və
Aşıqlar Birliyi öz təkliflərini təqdim ediblər.
Məqsəd yeni sənədin işlək
qanuna çevrilməsidir. Qanun layihəsində
yeni anlayışlar var. Yeni anlayışlar beynəlxalq
konvensiyaların tələb və prinsiplərinə
uyğunlaşdırılıb. Layihədə
yaradıcı şəxslərə aid hissə geniş
işlənilib. Sənədə, eyni
zamanda beynəlxalq konvensiyalara uyğun olaraq dövlət
reyestri məsələsi də daxil edilib. Həmçinin qanun layihəsində mədəniyyət
sahəsində dövlət monitorinqinin aparılması
öz əksini tapıb. Monitorinqlər mədəniyyət
sahəsində dövlət siyasətinin həyata
keçirilməsinin cari vəziyyətinin və mövcud
boşluqların müəyyən edilməsi, eləcə də
gələcək siyasət istiqamətlərinin və mədəniyyət
siyasəti tədbirlərinin müəyyən edilməsi məqsədilə
həyata keçirilir. Qanun layihəsində
mədəniyyət sahəsində çalışan
yaradıcı şəxslərin maddi və sosial təminatı
məsələsi də öz əksini tapıb.
Qanun layihəsinin
müzakirəsi zamanı çıxış edən
deputatlar Siyavuş Novruzov, Gövhər Baxşəliyeva
və Fəzail İbrahimli bildirdilər ki, mədəniyyət
sahəsi ilə bağlı yeni qanun sosial sifariş olduğu
üçün onun qəbuluna çox ehtiyac var. Azərbaycanda
mədəniyyət sahəsində son illər aparılan
islahatların uğurlu nəticələr verməsi
üçün qanunvericilik bazası təkmilləşdirilməli
və bu qanunun mexanizmi işlək olmalıdır. Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov isə
qanun layihəsi ilə bağlı tövsiyə xarakterli
fikirlərini bildirdi. Qanun layihəsi
3-cü oxunuşda səsə qoyularaq qəbul edildi.
Sonra
iclasda "Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin daxili
işlər nazirliklərinin (polisin) insan alveri ilə
mübarizədə əməkdaşlığı
haqqında" saziş və "Xəzər dənizinin dəniz
ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə
Konvensiyasının neftlə çirklənmə halları
ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri
və əməkdaşlıq haqqında" Protokolunun təsdiq
edilməsi barədə Azərbaycan Respublikası Qanununun
layihəsi təsdiq olundu.
Milli Məclis vergi dərəcələrini
azaltdı
Spiker Oqtay Əsədov bildirdi ki, müzakirəyə
çıxarılan mühüm məsələlərdən
biri gündəliyin 15-ci məsələsi olan Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Sənədlə bağlı Milli
Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
məlumat verdi. Komitə sədri dedi ki, Vergi Məcəlləsinin
131 maddəsinə dəyişikliklər edilməsi nəzərdə
tutulub. Məcəllə qəbul olunanda mükəmməl
idi. Lakin sonradan ölkə
iqtisadiyyatında gedən inkişaf prosesləri bu sahədə
qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi
zərurətini yaratdı.
İndiyədək bu sahədə edilən
dəyişikliklər vergi sistemində müasir informasiya
texnologiyalarının tətbiqinə, vergi mədəniyyətinin
və inzibatçılığının möhkəmləndirilməsinə
yaxşı imkan yaradıb.
Bu dəyişikliklər də vergi
yükünün azaldılması, vergi ödəyicilərinin
hüquqlarının qorunması, vergi sisteminin möhkəmləndirilməsi
və bu sahəyə nəzarətin möhkəmləndirilməsi
işinə xidmət edir. Dəyişikliklərdən
biri vergi orqanları tərəfindən vergi borclarının
məcburi alınması zamanı vergi ödəyicilərinin
məhkəməyə müraciət imkanlarının
genişləndirilməsi ilə bağlıdır. Ziyad Səmədzadə qeyd etdi ki, dəyişikliklər
ümumilikdə vergi dərəcəsinin aşağı
salınmasını özündə ehtiva edir. Bu dərəcələr 30 faizdən 25 dərəcəyə
endirilir. Layihədə Azərbaycanda
yaradılacaq sənaye parklarında sahibkarların torpaq, əmlak
vergisindən azad edilməsi barədə maddələr nəzərdə
tutulub. Təhsil haqqı əlavə dəyər
vergisindən (ƏDV) azad olunacaq.
Müzakirələrdə çıxış edən
deputat Vahid Əhmədov bildirdi ki, bu dəyişikliklər Azərbaycanda
daha sivil vergi sisteminin tətbiq olunmasına, qeyri-neft sektorunun
inkişaf etməsinə səbəb olacaq. Onun fikrincə,
bu dəyişikliklər Azərbaycan iqtisadiyyatının
inkişafına xidmət edir. Sonra layihə
səsə qoyularaq qəbul edildi.
İclasda
Türk Şurasının İkinci Zirvə
Toplantısının Bəyannaməsinin təsdiq edilməsi
haqqında qanun layihəsi,
"Azərbaycan Respublikası hökuməti və Litva
Respublikası hökuməti arasında fövqəladə
halların qarşısının alınması və aradan
qaldırılması sahəsində əməkdaşlıq
və qarşılıqlı yardım haqqında"
Saziş və "Azərbaycan Respublikası hökuməti və
Koreya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq
haqqında" Sazişin təsdiq edilməsi barədə
qanun layihəsi təsdiq edildi. Deputatlar eyni zamanda
Ümumdünya Poçt Konvensiyasına və onun yekun
Protokoluna qoşulmaq haqqında, Ümumdünya Poçt
İttifaqının Nizamnaməsinə əlavə səkkizinci
Protokola qoşulmaq haqqında, Ümumdünya Poçt
İttifaqının Ümumi Reqlamentinə əlavə birinci
Protokola qoşulmaq haqqında və "Poçt ödəniş
xidmətləri haqqında" Sazişə qoşulmaq barədə
qanun layihələrinə müsbət rəy bildirdilər.
Sonra
parlamentin Regional məsələlər komitəsinin sədri
Arif Rəhimzadə Gəncə şəhərinin və
Daşkəsən, Goranboy, Göygöl, Samux
rayonlarının sərhədlərində qismən dəyişikliklər
edilməsi haqqında və Bakı şəhər inzibati ərazi
vahidi tərkibində Pirallahı rayonunun yaradılması
haqqında qanun layihələri barədə məlumat verdi. Bildirildi ki, yeni dəyişikliyə əsasən Gəncə
şəhərinin ərazisi genişləndirilir və
Bakının Pirallahı qəsəbəsinə rayon statusu
verilir. Yeni
rayonun inzibati ərazi bölgüsünə Pirallahı,
Çilov və Neft Daşları qəsəbə inzibati ərazi
dairələri daxildir. Hər iki sənəd
səsə qoyularaq qəbul edildi.
Məhkəmə-Hüquq
Şurasının sədrinin səlahiyyət müddəti 5
ilə qədər artırılır
İclasın gündəliyində
olan "Məhkəmələr və hakimlər
haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" qanunlara dəyişikliklər
edilməsi barədə Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli məlumat verdi. Komitə sədri bildirdi ki, Məhkəmə-Hüquq
Şurasının sədrinin səlahiyyət müddətinin
2 il 6 aydan 5 ilə qədər
artırılması nəzərdə tutulur. Eyni
zamanda hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq
Şurasının qərarına əsasən 2 ilədək
müddətə Məhkəmə-Hüquq
Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti
orqanının müraciəti olduqda, tədris fəaliyyətində
və ya birinci və apelyasiya instansiyası məhkəmələrində
nəzərdə tutulmuş sahələr üzrə işin
təşkili vəziyyətinin yoxlanılmasında iştirak
etmək üçün həmin quruma ezam edilə bilərlər.
Zərurət olduqda bu müddət ezam
edilmiş hakimin razılığı ilə yenidən 2 ilədək
uzadıla bilər. Məhkəmə-Hüquq
Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti
orqanına ezam edilmiş hakimin hakimlik stajı davam edir, hakimlərin
statusundan irəli gələn maddi və sosial təminatları
və imtiyazları saxlanılır. Ezam
edilmiş hakim özünün və ya ezam edildiyi qurumun təşəbbüsü
ilə Məhkəmə-Hüquq Şurasının qərarı
ilə əvvəl işlədiyi vəzifəyə
qaytarılır.
Müzakirələrdə çıxış edən
deputat Çingiz Qənizadə, Qüdrət Həsənquliyev
və Fazil Mustafa bu məsələ ilə bağlı təklif
və iradlarını bildirdilər.
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə də məlumat verən Əli Hüseynli qeyd etdi ki, dəyişiklik dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması ilə bağlıdır. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri tərəfindən bu əməllər min manatadək olan məbləğdə törədildikdə üç yüz manatdan beş yüz manatadək, bu əməllər min manatdan yuxarı məbləğdə törədildikdə beş yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilirlər. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
İnzibati Xətalar Məcəlləsinə edilən digər dəyişiklik isə mobil telefonlarla bağlıdır. Əli Hüseynli qeyd etdi ki, dəyişikliklər İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsini əhatə edir. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Deputatların səsə qoyaraq qəbul etdikləri sənəd 2013-cü il aprelin 1-dən qüvvəyə minəcək.
Fasiləsiz davam edən iclasda deputatlar həmçinin "Milli təhlükəsizlik haqqında" qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə müsbət rəy bildirdilər. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2012.- 22 dekabr.- S.4.