«İdman» qəzetinin 80 illiyi təntənəli surətdə qeyd olunmuşdur

 

Dekabrın 21-də Bakı Əyləncə Mərkəzində Gənclər və İdman Nazirliyinin orqanı olan "İdman" qəzetinin yaranmasının 80 illiyi münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. 

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək  ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın Olimpiya oyunlarında qazandıqları uğurlardan danışmışdır.

Nazir bildirmişdir ki, bu uğurların cəmiyyətə çatdırılmasında "İdman" qəzetinin müstəsna xidmətləri olmuşdur. Qəzet bu günöz ənənələrini layiqincə davam etdirir. Hazırda  ölkəmizdə 10-dan  çox idman nəşri fəaliyyət göstərsə də, onların arasında yeganə  rəsmi qəzet olan "İdman" öz missiyasına görə fərqlənir. Dövlətin idman siyasətini işıqlandırmaqla bərabər, idmanın və bədən tərbiyəsinin genişlənməsini, onun inkişafını təbliğ edən bu qəzet üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlir.

Yubiley mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkəmizdə Olimpiya hərəkatının geniş vüsət aldığını, yeni olimpiya komplekslərinin istifadəyə verildiyini və idman infrastrukturunun gündən-günə yeniləndiyini diqqətə çatdırmışdır. Xüsusi vurğulanmışdır ki, bütün bu nailiyyətlər Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana böyük diqqət və qayğı ilə yanaşmasının nəticəsidir. 

Ə.Həsənov demişdir ki, "İdman" qəzetinin Azərbaycan mətbuat aləmində özünəməxsus yeri vardır. Bir vaxtlar respublikamızda yeganə idman nəşri olmuş  bu qəzet on minlərlə oxucusunun  informasiya  tələbatını ödəməklə bərabər, ölkədə bədən tərbiyəsinin kütləvilik qazanmasında da mühüm rol oynamışdır. Ona görə də "İdman" qəzetində çalışmış qələm sahibləri təkcə jurnalist kimi deyil, həm də  idman mütəxəssisi  olaraq bədən tərbiyəsi və idman sahəsinin inkişafında, təbliğində xidmət göstərmişlər.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə  qəzetin ötən müddətdə fəaliyyətinə nəzər salmış, nəşrin respublikada Olimpiya hərəkatının inkişafında və idmanın təbliğində rolunu  qeyd etmişdir.

Digər çıxış edənlər də qəzetin yaradıcı kollektivinin fəaliyyətini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, qəzet Azərbaycanda idmanın, Olimpiya hərəkatının təbliği ilə yanaşı, ölkədə idman jurnalistikasının formalaşmasında da mühüm rol oynamışdır.

Sonra vaxtilə "İdman" qəzetində çalışmış jurnalistlər fəxri fərmanlarla təltif olunmuşlar. Tədbir konsert proqramı ilə davam etmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 22 dekabr.- S.5.