Gürcüstanın Baş
naziri Bakıya səfəri ərəfəsində
Azərbaycanın bu
ölkədə fəaliyyət
göstərən bir sıra KİV nümayəndələri
ilə görüşmüşdür
Dekabrın 21-də Gürcüstanın Baş naziri Bidzina İvanişvili Bakıya rəsmi səfəri ərəfəsində AzərTAc-ın, AzTV-nin və İctimai Televiziyanın bu ölkədəki xüsusi müxbirləri ilə görüşmüş, onları maraqlandıran sualları cavablandırmışdır.
Baş nazir demişdir: "İlk rəsmi səfərimin dost Azərbaycana planlaşdırılması çox şeydən xəbər verir. Bizim çoxəsrlik dostluq münasibətlərimiz vardır və bu əlaqələr dinamik inkişaf edir. Səfər çərçivəsində ölkələrimiz arasında iqtisadi, sərmayə yatırımı, Gürcüstanda çalışan şirkətlərin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, tranzit və s. məsələlər barədə fikir mübadiləsi aparılacaqdır. Ölkələrimiz üçün tranzit məsələsi, o cümlədən Orta Asiya dövlətləri ilə mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, münasibətlərimiz daha sıx dostluq müstəvisinə qaldırılacaq və ilk səfər də buna öz töhfəsini verəcəkdir".
Baş nazir qeyd etmişdir ki, Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə parlament seçkiləri zamanı çoxlu görüşlər olmuşdur. Mən onlara xeyli vədlər vermişəm. Azərbaycanlı həmvətənlərim çox zəhmətsevər, sülhsevər və sadiqdirlər. Biz verdiyimiz vədlərin hamısının yerinə yetirilməsinə çalışacağıq. Bununla əlaqədar xüsusi proqramımız vardır və bu yaz fəslindən kənd təsərrüfatı işlərində əl əməyinin yüngülləşdirilməsi məqsədilə həmin bölgələrə kifayət qədər texnika veriləcəkdir. Mən onların qabarlı əllərini, qanunsevərliyini görmüşəm və onların rifahının təmin olunması üçün hər şey ediləcəkdir. Əvvəlki kimi, onlar seçkidən-seçkiyə deyil, daim diqqət mərkəzində olacaqlar. Yeri gəlmişkən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həmin bölgələrdə əhalinin vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirdiyi layihələr təqdirəlayiqdir və biz də çalışacağıq ki, azərbaycanlıların, eləcə də digər xalqların nümayəndələrinin cəmiyyətə inteqrasiyası istiqamətində əhəmiyyətli layihələr gerçəkləşdirilsin. Onlar ana dilləri ilə yanaşı, dövlət dilinin öyrənilməsi istiqamətində də mühüm imkanlara nail olsunlar, ölkənin tam hüquqlu vətəndaşına çevrilsinlər.
Bidzina İvanişvili
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev ilə
görüşlərini məmnunluqla xatırladaraq demişdir ki, ulu öndər Heydər Əliyev çox müdrik şəxsiyyət
idi. Mən o böyük siyasi xadimin müdrikliyini bu gün də
xatırlayır və həmin anları unutmuram.
Baş nazir müvafiq hökumət strukturlarında vəzifələrə azərbaycanlı kadrların cəlb olunması ilə əlaqədar bildirmişdir ki, bu istiqamətdə iş aparılır. Layiqli kadrlar seçilib mütləq irəli çəkiləcəklər. Hazırda bir nəfər azərbaycanlının nazir müavini vəzifəsinə irəli çəkilməsi gündəlikdədir.
Azərbaycanın
və Gürcüstanın ərazi
bütövlüyünün pozulması ilə əlaqədar
suala cavab verən Bidzina İvanişvili qeyd etmişdir ki,
tarixi ədalət mütləq təntənə
çalmalıdır. Bu məsələnin
sülh yolu ilə,
silahsız, təzyiqsiz həlli üçün
hər şeyi etmək lazımdır. Problem asan deyildir, faktiki olaraq hər iki halda
vəziyyət dalana salınmışdır. Biz danışıqlara üstünlük
verməyə çalışırıq.
Azərbaycanlılara və ermənilərə
də müdrikliyə
söykənib dialoq yolu ilə münaqişəni
həll etməyi arzulayıram.
Gürcüstandakı Azərbaycan dilli məktəblərdə müəllim
kadrlarının çatışmazlığı
ilə əlaqədar
Baş nazir demişdir ki, ölkənin Təhsil və Elm Nazirliyi xüsusi proqram üzərində çalışır. Bu problem yalnız milli məktəblərdə deyil,
gürcü məktəblərində
də mövcuddur.
Onun həlli üçün təsirli tədbirlər görüləcəkdir. Milli dillərdə telekanalların
yaradılması ideyası
Baş nazir tərəfindən tərəfdarlıqla
qarşılanmışdır.
Bidzina İvanişvili
bütün sahələrdə
vədlərdən işə
keçiləcəyini bildirmiş
və Azərbaycana səfərini səbirsizliklə
gözlədiyini demişdir.
İslam ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.-2012.- 22 dekabr.- S.5.