Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək

 

Bu fikirləri Prezident İlham Əliyev Füzuli

 rayonuna səfəri zamanı bir daha bəyan edib

 

 İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin sınaqdan çıxmış təcrübəsi göstərir ki, siyasi hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğurları şərtləndirən başlıca amil məhz sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası xalqa layiqli xidmət məramını əsas tutmaqla, ölkənin bütün mövcud resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir, siyasətində hər bir fərdin maraq və mənafeyini nəzərə almağa çalışır. Fəaliyyətini hər zaman ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev də məhz fenomenal liderlik keyfiyyətləri sayəsində respublikamızı qısa müddətdə bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadisosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Respublikada son 9 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması da bir sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir.

Dövlət başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı fərman və sərəncamlar ölkədə qeyri-neft sektorunun inkişafının davamlı olmasına, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. II Dövlət Proqramı bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, adamlarının fəaliyyətinə də yaxşı imkanlar açmışdır.  İqtisadi islahatlar kursunu dövrün tələblərinə uyğun daha da zənginləşdirən dövlət başçısı İlham Əliyev verdiyi bütün vədləri ardıcıl və sistemli surətdə yerinə yetirir.

Son illərdə milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə olunması ölkəmizin uğurlarına əlverişli zəmin yaratmışdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. 

Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Azərbaycan Prezidentinin indiyə qədər imzaladığı strateji əhəmiyyətli dövlət proqramları vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Ölkə başçısı mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərlər təşkil edir. Ölkə başçısının bölgələrə hər bir səfəri mühüm sosial obyektlərin açılışı ilə əlamətdar olur.

Prezident İlham Əliyevin bu günlərdə Füzuli rayonuna səfəri də əlamətdar hadisələrlə yadda qaldı. Horadiz şəhərində Heydər parkının, Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının inzibati binasının açılışları oldu. Ölkə başçısı Füzuli rayonuna səfəri çərçivəsində Horadizdəki 3 nömrəli tam orta məktəbin, şəhər mədəniyyət sarayının, Gənclər Mərkəzinin də açılışında iştirak etdi. Məlumat verildi ki, Horadiz 3 nömrəli orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. İkimərtəbəli məktəb binası ən müasir tələblər səviyyəsində inşa edilərək şagirdlərin ixtiyarına verilib.

Horadiz Şahmat Məktəbinin və dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı açılışı da dövlət başçısının bu səfərinə təsadüf etdi. Prezident İlham Əliyev Füzuli rayonunun Əhmədbəyli kəndində soyuducu anbar kompleksinin, Füzuli Su-Elektrik Stansiyasının açılışında da iştirak edərək görülən işləri yüksək qiymətləndirdi. Bildirildi ki, soyuducu anbar kompleksində əsasən Füzuli və ətraf rayonlarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istehsal edilən tərəvəz məhsullarının - kartof və soğanın saxlanılması nəzərdə tutulur. Kompleksin istifadəyə verilməsi bölgədə yaşayan əhalinin, o cümlədən məcburi köçkünlərin maddi rifahının daha da yaxşılaşmasına və regionda tərəvəz məhsullarının istehsalının artırılmasına şərait yaradacaqdır.

Füzuli Su-Elektrik Stansiyası Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunub. Stansiyanın ümumi gücü 25,2 meqavatdır və rayonun enerjiyə olan tələbatının bir hissəsini ödəyəcəkdir. İlkin mərhələdə 35 nəfərin işləyəcəyi stansiya Aran bölgəsinin enerji təhlükəsizliyinin və dayanıqlılığının təmin olunmasında mühüm rol oynayacaqdır. Stansiyanın ərazisində bütün lazımi avadanlıqla təchiz olunmuş ikimərtəbəli inzibati bina da inşa edilmişdir.

Azərbaycan iqtisadi sahədə inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Yeni mərhələnin ən mühüm səciyyəvi cəhəti iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsidir. Bu mənada hökumətin respublikanın regionlarının inkişafına xüsusi qayğı ilə yanaşması ilk növbədə bölgələrin disproporsional inkişafının qarşısını almaq, qeyri-neft sektorunu, sahibkarlığı  iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir. Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı bildirib:  "Bütün beynəlxalq kredit reytinqləri böhranlı illərdə Azərbaycanın iqtisadi göstəricilərini yüksək qiymətləndirirlər, iqtisadiyyatımız rəqabət qabiliyyətli, dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi siyasətdə ancaq daxili imkanlara arxalanırıq. Bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhət məhz ondan ibarətdir ki, xarici dövlət borcumuz çox aşağı səviyyədədir. Biz yalnız Azərbaycanın daxili imkanlarını səfərbər edərək öz iqtisadi gələcəyimizi qururuq. Bu sahədə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılmış addımlar bizə imkan verir ki, bu gün iqtisadiyyat enerji sektorundan daha az asılı olsun. Artıq 2012-ci il başa çatır. Bu ilin yekunları da bunu göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faizə yaxın artıb. Bu da dünya miqyasında, xüsusilə böhranlı illərdə çox yüksək göstəricidir".

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mütərəqqi siyasi, iqtisadi islahatlar Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarıb. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Ökəmizin davamlı inkişafının təmin edilməsi, iqtisadi potensialımızın daha da güclənməsi bütün problemlərin ən qısa zaman içərisində həllinə imkan verir. Prezident İlham Əliyev Füzuliyə səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri və energetiklərlə görüşündə bildirib: "Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə bir neçə əsas amil var - iqtisadi imkanlar, beynəlxalq mövqeyimiz, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti. Mən əminəm və bir daha demək istəyirəm ki, işğala son qoyulandan sonra hazırda işğal altında olan bütün torpaqlar gözəlləşəcək, orada abadlıq işləri aparılacaq, yeni müəssisələr yaradılacaqdır. Biz o tarixidini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz bütün sahələrdə daha da fəal olmalıyıq. İlk növbədə, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir və getməlidir".

Regional inkişaf sahəsində əldə olunmuş yüksək nəticələr deməyə əsas verir ki, respublikamız yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hər bir vətəndaşın maraq və mənafeyinə hesablanan iqtisadi siyasət xəttinin uğurla davam etdirilməsi Azərbaycanın daha böyük nailiyyətlər qazanacağını deməyə əsas verir.

 

 Elnur HACALIYEV,

Azərbaycan.-2012.- 22 dekabr.- S.6.